“Qrip peyvəndi uşaqlar üçün profilaktik baxımdan mühüm əhəmiyyət daşıyır”.
Musavat.com xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da pediatr Regina Nemətova açıqlayıb.
Onun sözlərinə görə, xüsusilə 6 ay – 5 yaş arası uşaqlar, habelə immun sistemi zəif və xroniki xəstəliyi olan pasiyentlər qrip virusuna qarşı yüksək risk qrupuna daxildirlər:
“Bu yaş qrupunda qrip daha tez-tez bronxit, pnevmoniya, otit, həmçinin febril qıcolmalar və digər ağırlaşmalarla nəticələnə bilər. Qrip virusu hər il dəyişkən olduğu üçün peyvəndin tərkibi mövsümə uyğun yenilənir və peyvəndin hər il yenidən vurulması tövsiyə olunur. Səhiyyə Nazirliyi hər payız mövsümündə ölkəyə qrip əleyhinə peyvəndləri gətirir və bu preparatlar dövlət poliklinikalarında uşaqlar və böyüklər üçün tam ödənişsiz təqdim olunur. Peyvəndin vurulması ən optimal olaraq sentyabr və ya oktyabr aylarında aparılmalıdır ki, immunitet mövsümi virusların yayılma dövrünə qədər formalaşsın”.
Pediatr qeyd edib ki, qrip peyvəndi uşaqlarda xəstəliyin qarşısını almaqla yanaşı, həmçinin xəstəlik baş verdikdə onun daha yüngül keçməsinə şərait yaradır:
“Həm fərdi qorunma baxımından, həm də kollektiv immunitetin formalaşması üçün vaksinasiya vacib addımdır. Valideynlərə tövsiyə edirik ki, hər il uşaqlarını vaxtında peyvənd etdirsinlər. Bununla da, həm öz ailələrini, həm də ətrafdakı digər uşaqları qorumağa töhfə versinlər. Unutmayaq ki, peyvənd — xəstəliklə mübarizədə ən effektiv və elmi əsaslı vasitələrdən biridir”.
ŞƏRHLƏRŞƏRH YAZ