Onlayn ictimai-siyasi qəzet
"Ölkədə bir sıra seçki islahatlarına gedilməsini biz də təklif etmişik, lakin hesab edirəm ki, indiki dövrdə bu məsələlər siyasi dialoqla masa ətrafında müzakirə edilməklə həll edilə bilər".
Bu fikirləri Musavat.com-a Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə Milli Şuranın mitinq çağırmaq təşəbbüsünü şərh edərkən bildirib.
Partiya sədri qeyd edib ki, indiki vəziyyətdə mitinq təyin edilməsi suallar yaradır:
"İlk növbədə mitinq təşəbbüsü varsa, konfrantasiyaya gedilirsə, ölkədəki və regiondakı vəziyyət nəzərə alınmalıdır. Bu gün bəzi qərb dairələri tərəfindən ölkəmizə haqsız basqılar var.
Regionda vəziyyət gərgindir. Ermənistana verilən dəstək fonunda siyasilərin ritorikası dəyişib, Azərbaycana qarşı aqressiv münasibət sərgilənməkdədir. Həm regionda, həm də qlobal miqyasda gərginlik hökm sürməkdədir.
Belə bir dövrdə mitinq çağırışının ediıməsi suallar yaradır. Mitinqin hazırkı dönəmdə keçirilməsi, ölkə daxilində gərginliyin artmasında hası qüvvələr maraqlıdır? Təbii ki, bu qüvvələr Azərbaycan dövlətçiliyinin əleyhinədirlər. Hansı təşkilat olmasından asılı olmayaraq, mitinq təyin etməsi, cəmiyyətdə gərginlik yaradacaq addımlar atması birmənalı olaraq dövlətçiliyimizin əleyhinə olan qüvvələrin dəyirmanına su tökməkdir. Biz belə çağırışları dəstəkləmirik. İslahatlara gedilməlidir, amma danışıqlar yolu ilə, xüsusilə indiki həssas dönəmdə. Gərginliyə səbəb olacaq addımların atılması heç bir halda dövlət və milli maraqlara xidmət etmir. Heç bir siyasi təşkilata arqument gətirilərək bu prosesə start verməsi başucalığı gətirməyəcək. Bununla heç bir ciddi dəstəyə nail olmaq mümkün olmayacaq. Konfrantasiyaya gedən güclər bunu nəzərə almalıdırlar. Milli maraqları nəzərə alaraq vəziyyətin gərginləşdirilməsinə gedilməməlidir".
Nigar HƏSƏNLİ,
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ