Onlayn ictimai-siyasi qəzet
25 yaşa qədər bunları yemək qadağandır
Azərbaycanda fast-food gənclərin, eləcə də uşaqların qida rasionunda mühüm yer tutur. Nəticədə bu, qarşısıalınmaz bir fəsad olaraq gənclərin orqanizmində yer alır. Öncə ondan başlayaq ki, hamburgerin tarixi orta əsrlərə təsadüf edir. Çox adam fast-foodun ilk olaraq Amerikada ortaya çıxdığını düşünsə də, bu, belə deyil. Bir çox fast-food məhsulu yüzillər öncəsinin Avropasına təsadüf edir. 1598-ci il London araşdırmasında və 1840, eləcə də 1850 dönəmlərinin İngiltərə tarixinin anladıldığı dönəmlərdə də fast-food məhsullarından bəhs edilir.
Həkimlərin ümumiləşmiş rəyi isə ondan ibarətdir ki, fast-food qidalarında - dönərlər, lahmancunlar, hamburgerlərdə və s. işlədilən ətlər yaxşı bişirilmir. Orada işlədilən yağların mənşəyi bəlli deyil, eyni yağda külli miqdarda qida hazırlanır. Belə qidaların strukturu dəyişir və onlar kanserogenə çevrilir. Bu cür qidaları qəbul etmək çox təhlükəlidir. Ətlərin yaxşı bişirilməməsi nəticəsində insanlar tez-tez bağırsağın müxtəlif helmintoz və başqa parazitar xəstəlikləri ilə bağlı xəstəxanalara müraciət edirlər. Buraya lyamblioz, blastositoz, exinokokkozları aid etmək olar ki, sonuncu ilk növbədə qaraciyərdə ciddi problemlər yaradır və insan artıq cərrahın pasiyentinə çevrilir.
Digər tərəfdən, fast-food yeməkləri mədənin və onikibarmaq bağırsağın selikli qişasına ciddi zədə yetirir. Hər şey adi qastritdən başlayır, xoralara, qanaxmalara gətirib çıxarır və nəticədə pasiyent cərrahın qəbuluna düşməli olur.
Piylənmə, hipertoniya, diabet - bu qidaları yesəz, bu xəstəlik sizin olacaq!
Dünyanın bir çox yerində aparılan araşdırmalar da göstərir ki, fast fooddan istifadə piylənmə, hipertoniya, 2-ci tip diabet və ürək-damar xəstəlikləri ilə əlaqələndirilir.
Bu xəstəliklərin ən böyük müəyyən edilmiş səbəbi artıq kaloridir. Orta ölçülü bir McDonalds menyusu yediyiniz zaman gündəlik kalori ehtiyacınızın yarıdan çoxunu ödəmiş olursunuz. Bu, artıq kalori almağınıza səbəb olur. Həddindən artıq kalori də piylənməyə səbəb olur. Piylənmə ürək-damar xəstəlikləri, böyrək problemləri, 2-ci tip diabet və qaraciyər xəstəlikləri kimi bir çox sağlamlıq problemi yaradır. Əlbəttə ki, gəncsinizsə və hər gün yüksək intensivlikli məşqlər (HIIT) edə bilirsinizsə, insulin müqavimətinizi və kardiometabolik tənzimləməni qismən qoruya bilərsiniz.
Başqa bir səbəb natriumdur. Tövsiyə olunan gündəlik natrium qəbulu dəyəri 2300 mq-dır. Bir kasa səhər yeməyində 250 mq natrium, bir dilim pizza və salatda isə 710 mq natrium var. Orta ölçülü bir McDonalds menyusu yeyəndə 1325 mq natrium alırsınız. Bu, gündəlik tələbatın 57%-ni təşkil edir. Natrium həddindən artıq istehlak edildikdə hipertoniya və ürək-damar xəstəliklərinə səbəb olur. Ürək-damar səbəblərindən ölümlərin də 10-dan 1-i natriumla bağlıdır.
Hər 2290 mq natrium üçün təxminən 40 mq kalsium itirilir. Gündə 40 mq kalsium itkisi 10 il ərzində 10% sümük itkisi ilə əlaqələndirilir. Bu, sonrakı yaşlarda osteoporoza səbəb olur.
Dünyada olduğu kimi, Azərbaycanda da ən geniş yayılmış qida borusu xəstəliklərindən biri qida borusu xərçəngidir. Belə ki, qida borusu xəstəliklərinin 30-40 faizində bu problemə rast gəlinir. İldə hər 100 min nəfərdən 5-7-də bu xəstəliyə rast gəlinir. Qadınlara nisbətən kişilərdə qida borusu xərçənginə rast gəlmə ehtimalı 2-3 dəfə daha yüksəkdir. Bu da kişilərin içki, siqaret və s. kimi zərərli vərdişlərə daha çox meylli olmasından irəli gəlir. Bundan əlavə, fast-food qidaları da bu xəstəliyin yaranması riskini artırır. Adətən 40-60 yaş arası insanlarda rast gəlinən bu xəstəliyin bəzi hallarda 40 yaşın altında insanlarda da görünmə ehtimalı var.
Heç kimə sirr deyil ki, fast-food artıq çəki də yaradır. Üstəlik, burada böyük çəkilərdən söz gedir. Fast-food niyə artıq çəkiyə səbəb olur?
Bütün həkim və dietoloqlar iddia edirlər ki, fast-foodun ziyanı onun çox qəbulu ilə daha da artır. Bu səbəbdən müntəzəm fast-food qəbulu arzuolunmazdır. Əsas məsələ ondadır ki, bu tip qidalar yüksək kalorili, yüksək dərəcədə yağlı və az vitaminli olur. Əsasən də bu, hamburgerlərə aiddir. İş ondadır ki, bu tip restoranlar müştəriləri daim cəlb etmək üçün qidaları çox yağlı və bol şəkərli edirlər. Hətta sağlam qida altında satdıqları salatlarda belə dadlandırıcılardan istifadə edirlər ki, bunları da sağlam qida adlandırmaq çətindir.
Almaniyanın Fridrix Şiller adına Universitetinin alimləri Avropa ölkələrində qeyri-sağlam qidalanma ilə bağlı xəstəliklərdən ölüm hallarının reytinqini hazırlayıb. Azərbaycan həmin sırada ilk onluqdadır.
Həmçinin tədqiqatçılar müəyyən edib ki, qadınlarla müqayisədə, kişilər qeyri-sağlam qidalanmadan ürək-damar xəstəliklərinin inkişafına daha həssas olur. Qadınlar yalnız 50 yaşdan sonra bu risk qrupuna düşür.
Zaman azlığından gündəlik həyatımızda praktik istehlak etdiyimiz və qidalanma tərzinə çevirdiyimiz fast food məhsulları getdikcə özünə daha çox istehlakçı toplayır. Ləzzətli və bir o qədər də kalorili olan bu qidaların faydalılığı isə müzakirə mövzusudur. Fast food qısa zaman ərzində hazırlanıb servis edilən, ayaqüstü yeyilə bilən qidalardır. Tez bir zamanda hazırlanan qidalar istehlak olunduğu təqdirdə bir günlük kalori ehtiyacını bir dəfəyə ödəyə bilir.
Fast food adlandırdığımız qidalara hamburger, pizza, qazlı içkilər, dönər, lahmacun, soyuq sendviçlər, qızardılmış kartof çipsləri, qızardılmış toyuq, simit aiddir. Siyahıda olan fast foodların sayını artırmaq da mümkündür. Fast foodun qida dəyəri göstəriciləri baxımından aşağı olması sağlamlığı təhdid edir. Vitaminlər və minerallar baxımından qida dəyəri aşağı olan fast food məhsulları immun sistemini zəiflədir. Həmçinin müxtəlif ictimai iaşə obyektlərində (kafe və restoranlarda) dərin yağda 10-12 saat boyunca kartofların qızardılması səbəbindən yağın tərkibi dəyişir və turşuluğu artır.
Ekspertlər isə hesab edir ki, 25 yaşa qədər insanların fast-food adlandırılan qidalardan uzaq durmaları məsləhətlidir. Çünki həmin dövrdə orqanizm inkişaf prosesində olduğu üçün bunun zərəri daha çox ola bilər. Bu kimi qidalarla qidalanan gənclər gələcəkdə mədə xorasından, qastritdən və başqa xəstəliklərdən əziyyət çəkir. Eyni zamanda dönərin əti düzgün temperaturda bişirilməyibsə, insan bir çox heyvan mənşəli mikroblarla yoluxa bilər. Həmçinin dönərçi əti hazırlayan zaman maskadan, əlcəkdən mütləq şəkildə istifadə etməlidir.
Sevinc
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ