Onlayn ictimai-siyasi qəzet
Türkiyədə Nevşehirin Eğrikuyu kəndində Ramazan ayında iftar süfrələri xüsusi bir ənənəyə çevrilib.
Musavat.com xəbər verir ki, kənd muxtarının qərarı ilə artıq dörd ildir ki, iftar yeməkləri fərdi şəkildə evlərdə deyil, kollektiv şəkildə kəndin mədəniyyət evində təşkil olunur.
Bu təşəbbüs ilk dəfə pandemiya zamanı evlərə yemək çatdırılması ilə başlayıb və sonradan kəndin əsas sosial tədbirlərindən birinə çevrilib.
Hər axşam kənd sakinləri birlikdə 600-700 nəfərlik yemək hazırlayırlar. Süfrə yalnız yerli əhali üçün deyil, həm də qonaqlar üçün də açıqdır. Kənd imamı Əli Karataş bu tədbirin insanlar arasında ünsiyyəti gücləndirdiyini və daha çox insanı bir araya gətirdiyini vurğulayıb.
İftar yeməklərinin maliyyələşdirilməsi xeyriyyəçilərin dəstəyi ilə həyata keçirilir. Kəndin gəncləri könüllü şəkildə yeməklərin hazırlanmasına və süfrənin qurulmasına kömək edirlər. Bundan əlavə, yaşlı və xəstə kənd sakinləri üçün yeməklər evlərinə çatdırılır.
Kənd muxtarı Nihat Ateşin sözlərinə görə, bu ənənə insanların birliyini gücləndirir, küsülüləri barışdırır və kənd cəmiyyətində həmrəyliyi artırır. O, bu təşəbbüsü gələcəkdə daha da genişləndirmək niyyətində olduqlarını bildirib.
Musavat.com
12 Mart 2025
11 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ