Onlayn ictimai-siyasi qəzet
Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universitetinin nəzərdə tutulan qəbul planı tam dolub
Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb. Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, ali təhsil müəssisələrinin müsabiqəsində 82883 nəfər iştirak edib. Onlardan 55656 nəfəri (o cümlədən 7287 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 27117 (o cümlədən 1579 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 28539 (o cümlədən 5708 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.
Nəticələr açıqlandıqdan dərhal sonra elm və təhsil naziri Emin Əmrullayev açıqlama yayıb: “2024-2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul müsabiqəsinin 1-ci turunun nəticələrinə əsasən, rekord sayda - 55 656 nəfər tələbə adını qazanıb. Sevindirici haldır ki, ilk dəfə qəbul aparılan Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universitetinin nəzərdə tutulan qəbul planı, demək olar ki, tam dolub və hər iki universitetdə təhsil alacaq şəxslərin böyük əksəriyyəti yüksək bal toplayan gənclərdir.
Uğur qazanan hər bir gəncimizi ürəkdən təbrik edirəm".
Ekspertlər ixtisas qrupları üzrə boş qalan plan yerlərini bu cür açıqlayıb:
I ixtisas qrupu üzrə: 1630 yer.
II ixtisas qrupu üzrə: 387 yer.
III ixtisas qrupu üzrə: 590 yer.
IV ixtisas qrupu üzrə: 450 yer.
V ixtisas qrupu üzrə: 0 yer.
Beləliklə, ümumilikdə 2994 plan yeri boş qalıb. Bundan əlavə, heç bir qrupda 150 ballıq ixtisaslarda boş yer qalmayıb. Blokdan 100-ü keçib, ümumi balı 200-dən çox olanlar 2 turda boş qalan yerlərdə kodlaşdırmada iştirak edə biləcəklər.
Təhsil eksperti Kamran Əsədov bildirib ki, ali məktəblər arasında ən yüksək keçid balı Bakı Ali Neft Məktəbinin informasiya təhlükəsizliyi ixtisasında formalaşıb və bu ixtisasa keçid balı 687 bal olub.
Kamran Əsədov onu da vurğulayıb ki, yeni yaranan Qarabağ Universiteti və Türkiyə-Universiteti artıq rəqabət mühitini formalaşdıra bilib: “Qarabağ Universitetinin hüquq fakültəsinə keçid balı 609.4 olub. Müqayisə üçün BDU-nun hüquq fakültəsinə keçid balı dövlət sifarişli 613,9 olub.
Türkiyə - Azərbaycan Universitetinin Kompüter mühəndisliyi ixtisasında keçid balı 641 bal olub ki, bu da yeni yaranan universitet üçün çox yaxşı nəticədir.
Bu universitet ali təhsil müəssisələri arasında rəqabət mühiti yaradacaq. Ümumiyyətlə, artıq yeni yaranan universitetlər rəqabət mühiti formalaşdıra bilib".
Adil Vəliyev
Təhsil eksperti Adil Vəliyev “Yeni Müsavat”a danışaraq, nəticələri bu cür dəyərləndirib:
“Bu il həm qruplar üzrə bal artımları ən yüksək səviyyəyə çatdı, həm doğru ixtisas seçimi etməyən, kifayət qədər bal toplayan lakin qəbul oluna bilməyən abituriyentlərin olduğunu müşahidə etdik. Həmçinin, şahidi dövlət sifarişli ixtisasa qəbul oluna biləcəyi halda ödənişli ixtisaslara qəbul olunan abituriyentlər də oldu.
Düşünürəm ki, bu il keçid ballarının kifayət qədər yüksək olmasında ən böyük rol məhz abituriyentlər oldu. Belə ki, pandemiyadan çıxdıqdan sonra abituriyentlər bu il imtahana kifayət qədər hazırlaşmışdılar və bu da öz nəticəsini DİM-in keçirdiyi qəbul imtahanında, daha sonra ixtisas seçimində göstərdi".
Ekspert qeyd edib ki, keçid balının artırılmasından ən çox ziyan çəkənlər orta, təxminən 300-400 bal toplayan abituriyentlər olub: “Çünki onlar dövlət sifarişli, ödənişsiz ixtisasları doğru seçmədiyi halda ya ödənişli ixtisaslara qəbul olunublar, ya da ümumiyyətlə qəbul olunmayıblar.
Lakin diqqət edəndə görürük ki, hər 4 qrup üçün kifayət qədər boş yerlər var və ikinci turda abituriyentlər daha doğru seçim edərək bu yerlərdən yaralanmağı tövsiyə edirəm".
Elçin Əfəndi
Təhsil eksperti Elçin Əfəndi isə qeyd edib:
“Son illərlə müqayisədə həm builki qəbul imtahanları, həm də ali təhsil müəssisələrinə yerləşdirmə nəticələri möhtəşəmdir.
Əgər 2012-2013-cü illərdə ümumi plan yerləri təxminən 25-30 min təşkil edirdisə, bu il təkcə 30 min dövlət sifarişinə qəbul həyata keçiririk. Ümumilikdə 60 minə yaxın tələbə qəbulunun aparılması rekord göstəricidir. Demək olar ki, təhsil tarixində bir ilkdir.
Keçid ballarının artması məsələsinə gəldikdə, bu gözlənilən idi və artıq bir neçə ay əvvəldən proqnozlaşdırmışdıq ki, keçid ballarında artım olacaq və demək olar ki, bütün ixtisas qruplarında dəyişikliklər baş verdi. Bəzi qabiliyyət tələb edən ixtisaslarda 5-10, qabiliyyət tələb etməyən və digər istiqamətlərdə 15-20, prestijli ixtisaslarda isə 50-60 bala qədər artım oldu.
Ümumi nəticələri qiymətləndirdikdə, deyə bilərəm ki, abituriyentlərin göstəriciləri yaxşıdır və qəbul oluna bilməyən abituriyentlər plan yeri boş qalan yerlər üzrə müsabiqədə iştirak edə bilərlər".
Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı növbəti həftənin əvvəllərində “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq.
Həmin yerlərə ixtisas seçimi avqustun 28-dən sentyabrın 2-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas təhsili müəssisələrinin qəbul aparılan ixtisasları növbəti həftənin əvvəllərində “Abituriyent” jurnalında dərc olunacaq.
Xalidə GƏRAY,
“Yeni Müsavat”
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ