Onlayn ictimai-siyasi qəzet
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dadlandırıcılardan olan “aspartam” əlavəsini xərçəngə səbəb olan konserogen kimi tanıyıb. “Yeni Müsavat” xəbər verir ki, bu mesaj Xərçəng üzrə Beynəlxalq Araşdırmalar Agentliyinin saytında yer alıb. “Maddə tam qadağan edilməsə də, ən təhlükəli yüksək doza kimi gündə 40 mq/kq (təxminən 14 şüşə "aspartam"lı içki) müəyyən edildi. ÜST həmçinin şirkətlərin üzərinə tərkibində dadlandırıcı olan məhsulların etiketində “ehtimal ki, konserogendir” sözlərini yazmaq öhdəliyi qoymaq istəyir", - deyə məlumatda bildirilir.
Öncələr “aspartam” dietik "Coca-Cola"da tapılmışdı. Bu maddə daha hansı içkilərin tərkibində var? Bəs başqa kimyəvi dadlandırıcılar, yararlılıq müddətini uzatmaq üçün istifadə edilən süni əlavələr insan orqanizmi üçün təhlükəli deyil? Azərbaycanda bu sahədə vəziyyət necədir?
Yeri gəlmişkən, konserogen hər hansı bir maddə və ya xərçəngə səbəb olan bir vasitədir. Hüceyrə metabolizmasını dəyişdirərək və ya hüceyrələrimizdə DNT-yə zərər verərək, normal hüceyrə proseslərinə mane olur. İnsanların xərçəng xəstəliyinə səbəb olmasına səbəb olan ətraf mühitin müəyyən edilməsi, profilaktik işlərdə kömək edir. Konserogenlər xərçəng müalicəsində istifadə olunan kimyəvi maddələr, viruslar və ya hətta dərman və radiasiya müalicəsi ola bilər.
Nəsimi Qasımov: “Nəyinsə konserogen olması, onun qidadan çıxması həmin qidanın ləğv olunmasına dəlalət etmir”
Onkoloq Nəsimi Qasımov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, əgər o, konserogen maddədirsə, əvvəlcədən hansı orqanda xərçəng yarada bilir, ÜST bununla bağlı detallı məlumat verməlidir: “Ancaq doza o qədər çox olmalıdır ki, müəyyən illərdən sonra xərçəng yarada bilər. Yoxsa bir dənə "Coca-Cola" içməklə heç kimdə xərçəng yarana bilməz. Uzun illər qəbul etməlidir ki, bu əmələ gəlsin. Hamı siqaret çəkir, orada təsdiq olunmuş konserogen maddə var, siqaret çəkənlər arasında ağciyər xərçənginə tutulanlar var, bu sübut olunub. Amma yerdə qalan başqa qidalarla bağlı dəqiq sübut yoxdur. Nə "Coca-Cola", nə "Pepsi" və başqa içkilərin tərkibində konserogen olduğu haqda məndə məlumat yoxdur”.
Onkoloq əlavə etdi ki, bütün qidalarda az-çox müəyyən maddələr var: “Ancaq onların xərçəng əmələ gətirməsi üçün orqanizmdə dozanın tamlığı toplanmalıdır. Yoxsa başqa cür mümkün deyil. Bayaq siqareti misal çəkdim, gündə 20-30 ədəd çəkirlər və 30-40 ildən sonra onda ağciyər xərçənginin əmələ gəlmə riski kifayət qədər yüksək olur. Ancaq bütün siqaret çəkənlərdə xərçəng əmələ gəlmir. Sadəcə olaraq, xərçəng xəstələrinin demək olar ki, əksəriyyəti siqaret çəkənlərdir. Başqa bir misal, günəş şüası konserogen maddədir, hamımız onun altında gəzirik. Yəni nəyinsə konserogen olması, onun qidadan çıxması həmin qidanın ləğv olunmasına dəlalət etmir. Bu bir az mürəkkəb məsələdir, lehinə ya əleyhinə bir söz deyə bilmərəm”.
Eyyub Hüseynov: “Azərbaycanda ”aspartam"ın istifadəsinə, ümumiyyətlə, qadağa qoyulmalıdır"
İstehlakçıların müdafiəçisi Eyyub Hüseynov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “Səhiyyə Nazirliyinin 2010-cu ildə çap etdiyi sənəddə "aspartam"a Azərbaycanda icazə verilib. “Aspartam” şəkərdən 200 dəfə şirin olan süni qida əlavəsidir. Acınacaqlı cəhəti odur ki, bir çox supermarketlərdə şəkər xəstələri üçün taxçalar var, orada dietik, yaxud “sladkiy saxar” adı ilə əslində “aspartam” satılır. Bu xəstəliyi olan adamlar elə bilirlər ki, onlara zərər etməz. Əslində isə çox zərərlidir. Azad İstehlakçılar Birliyi illər boyu çox çalışıb ki, həmin “aspartam” bu taxçalardan götürülsün. Bu, zərərli bir qida əlavəsidir. Şirinlik əldə olunan bütün içkilərin tərkibində bu var. Çox yaxşı haldır ki, ÜST buna nəzər salıb. Hesab edirəm ki, AQTA bu sahədə iş aparmalıdır. Azərbaycanda “aspartam”ın istifadəsinə, ümumiyyətlə, qadağa qoyulmalıdır. Çox təəssüf ki, rəsmi sənədlərdə “aspartam”a icazə var. Biz məsləhət görürük ki, həmin sənəddə çörəyin tərkibinə insan və heyvan tükü mənşəli E 920 qarışdırılmasına da icazə verilib. Düşünürəm ki, bu kimi məsələlərlə bağlı dəyişiklik edilməlidir. Bu cür maddələr süni maddələrdir. “Aspartam” ağız boşluğuna düşdükdə insanın ağız suyu fermentlərində həll etmə funksiyaları yoxdur. Mədəyə düşdükdə şübhəsiz ki, müxtəlif xəstəliklər əmələ gətirə bilər".
Qeyd edək ki, bir müddət əvvəl rus alimləri müxtəlif elmi araşdırmaların nəticələrini birləşdirib ən güclü konserogen xüsusiyyətlərə malik olan qidaları müəyyən ediblər. Misal üçün, siyahıda ilk olaraq spirtli içkilərin adı çəkilir ki, bunların çoxlu miqdarda qəbulu bütün orqanizmə ziyan vurur, xərçəngin riskini xeyli artırır. Bu, xüsusilə ağız boşluğu, qida borusu, mədə, qaraciyər, nəfəs yolları xərçənginə aiddir. Maraqlıdır ki, qadınlara spirtli içkilərin qəbulu kişilərlə müqayisədə daha güclü mənfi təsir edir, onlarda cinsiyyət sistemi xərçənginin riskini artırır. Daha sonra emal olunmuş ət - sosiska, kolbasa, vetçina və s. məhsullar düz və yoğun bağırsaq xərçənginin riskini artırır. Hisə verilmiş məhsullar (ət, toyuq, balıq) hisə verilmə prosesi zamanı məhsullara benzapiren maddəsi keçir. Bu maddə ən güclü konserogenlərdən biri sayılır. Qaynar çay, ümumiyyətlə, qaynar içkilər və qidalar ağız, boğaz və qida borusunun selikli qişalarını yandırır, selikli qişalarda patoloji proseslərin inkişafına təkan verir. Bu isə bu orqanların xərçəng xəstəliklərinin riskini artırır. Eyni zamanda xarab olmuş qoz-fındığın tərkibində aflatoksinlər əmələ gəlir. Güclü zəhər olan aflatoksinlər xüsusilə qaraciyərə çox mənfi təsir edir, qaraciyər xərçənginin inkişafının riskini artırır.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ