İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün Londonda, saat 23:00-da... - gözlər “Qarabağ”da

“Tottenhem” təkcə matçın deyil, bütövlükdə Avropa Liqasının favoritlərindən sayılır

Bu gün Azərbaycan futbolunun flaqmanı “Qarabağ” yeni futbol formatı olan UEFA Avropa Liqasının Liqa mərhələsində ilk oyununa çıxacaq. Rəqib isə İngiltərənin “Tottenhem” klubudur. Görüş Londonda, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qarşılaşma FİFA referisi fransalı Villi Delajoda tapşırılıb. Ona Ervan Finjan və Filip Jan köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Tomas Leonard yerinə yetirəcək. VAR-da Benua Miyo, AVAR-da Alan Kicas əyləşəcək.

İlk görüşdən gözləntilər və komandamızın şansları barədə ən müxtəlif fikirlər, proqnozlar səslənir. Xüsusilə oyun idarəçiliyinin Ermənistanın “böyük bacısı” Fransanın referisinə tapşırılması ciddi narahatlıq doğurmaqdadır. “Qarabağ”ın növbəti ədalətsizliklə üzləşə biləcəyi yöndə də ehtimallar irəli sürülür. İstənilən halda görüşü fransız hakimlərin idarə etməsinin neqativ tərəfi var. Ümid edək ki, hakim amilinin oyunun nəticəsinə təsiri olmayacaq.

Qeyd edək ki, “Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsindəki rəqibləri Niderlandın “Ayaks”, İngiltərənin “Tottenhem”, Yunanıstanın “Olimpiakos”, İsveçin “Malmö”, Norveçin “Budyo Qlimt”, Rumıniyanın FCSB və İsveçin “Elfsborq” komandalarıdır.

Liqa mərhələsində 36 klub çıxış edəcək. 8 turdan sonra ilk 8 yeri tutan komandalar 1/8 finala, 9-24-cü yerlərdə qərarlaşanlar isə pley-offa yüksələcəklər. Digər 12 iştirakçı çıxışını başa vuracaq.

“Qarabağ”ın prezidenti Tahir Gözəl İngiltərədə “Tottenhem”ə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin 1-ci tur oyunu ilə bağlı klubun rəsmi saytına açıqlama verib.

Klub rəhbəri ölkə çempionunun ardıcıl 11-ci dəfə avrokubokların əsas mərhələsində mübarizəyə başlayacağını vurğulayıb: “İlk oyunumuz futbolun vətəni sayılan İngiltərədə keçiriləcək. Dünyanın ən güclü futbol liqasının İngiltərə Premyer Liqası olduğuna heç kim şübhə etmir. Bu çempionatda öz sözünü deyə bilən, adlı-sanlı bir rəqiblə qarşılaşacağıq. "Tottenhem" təkcə matçın deyil, bütövlükdə Avropa Liqasının favoritlərindən sayılır. Amma komandamın hər bir futbolçusuna, heyətin hər bir üzvünə inanıram. Onlar belə güclü rəqiblərlə görüşlərdə həmişə qəhrəman kimi mübarizə aparıblar. Londondakı görüşün nəticəsindən asılı olmayaraq, futbolçularımızın meydanda vuruşacağına, sonadək mübarizə aparacağına inanıram. Bu, hələ ilk oyundur, qarşıda daha uzun yol qət edəcəyik".

Klub prezidenti avrokubokların bu ildən yeni formatda keçirilməsinə də toxunub: “İlk dəfə avrokubokların əsas mərhələsi yeni formatda keçirilir. Ardıcıl 10 dəfə mübarizə apardığımız qrup mərhələsini Liqa mərhələsi əvəz edib. Bu, daha çox oyun, daha uzun mərhələ, daha geniş turnir cədvəli deməkdir. Hamının adət etdiyi 4 komandalı cədvəli 36 klubun yer aldığı siyahı əvəz edir. Bu, azarkeşlərə daha böyük maraq, həyəcan gətirəcək. Komandamızın da öncəki turnirlərdə olduğu kimi, yenə azarkeşlərinə həyəcanla yanaşı, sevinc bəxş etməyə, məzmunlu və əzmkar oyunu ilə hər kəsi sevindirməyə çalışacağına inanıram. Liqa mərhələsində bacardığımız qədər yüksək yerlər üçün mübarizə aparacaq, paralel olaraq Premyer Liqa və Azərbaycan kubokundakı titulumuzu qorumağa çalışacağıq. "Qarabağ" azarkeşlərinə hər üç turnirdə sevinc bəxş etmək, klubumuzun adını daha yüksəklərə daşımaq üçün hər şey edəcəyik. Artıq heyətə yeni transferlər də qoşulub və azarkeşlərimiz Liqa mərhələsində daha güclü “Qarabağ” görəcək".

Tahir Gözel “Tottenhem”lə keçiriləcək görüşü stadiondan izləyəcəyini, bu vacib görüşdə komandanın yanında olacağını qeyd edib: “Liqa mərhələsindəki ilk oyunda komandamın yanında olacam. Londondakı görüşə komandamla yollanacam və matçı stadiondan izləyəcəm. Biz bir komandayıq. Hər birimiz inanırıq ki, futbolun vətənində də gözəl oyun göstərəcəyik. Komandamız səfərdəki görüşün nəticəsindən asılı olmayaraq, Azərbaycan xalqını yenə də qürurlandıracaq”.

“Qarabağ”ın sabiq futbolçusu Artim Şakiri QOL.az-a verdiyi müsahibədə “Qarabağ” - "Tottenhem" oyunu barədə də danışıb: “Düşünürəm ki, "Qarabağ"ın futbolçuları 90 dəqiqə ərzində var qüvvələri ilə çalışmalıdırlar. Topu itirməmək, yaxud da qazanmaq üçün belə rəqibə qarşı çoz əziyyət çəkməlisən. Çox çətin oyun olacaq. “Qarabağ”ın futbolçuları rəqibin gücünü düşünməməlidir. Onlar rəqibə həddindən çox hörmət etsə, yəni gözlərində çox ucaltsalar, oyunlarında problem olacaq".

Sabiq futbolçu “Qarabağ”ın yeni formatda keçirilən bu turnirdəki şansları barədə verilən suala belə cavab verib: “Məncə, bu turnirdə hər komanda üçün şans var. "Qarabağ" avrokuboklarda hər il çox yaxşı çıxış edir. İndi də istənilən komandaya qalib gələ bilərlər, amma bu, o qədər də asan deyil".

Prezident mənə ən böyük mükafatı verib - Aqil Abbas

Aqil Abbas

Sadiq “Qarabağ” azarkeşlərindən sayılan, deputat Aqil Abbas “Qarabağ”ın çıxışı barədə ümidli danışdı: “İnanıram ki, yeni formatda keçiriləcək bu yarışda "Qarabağ" 1-8-ci yerləri tutacaq və növbəti tura adlayacaq. Mən heç zaman “Qarabağ”ın uduza biləcəyinə inanmamışam və ona görə də, bu barədə danışmıram. Hər zaman klubumuzu qalib görmək istəyirəm. Yəqin ki, “Tottenhem”lə oyunda da bütün güclərini ortaya qoyacaqlar. Nə imkanları varsa oynayacaqlar, buna qəti şübhə etmirəm. Qurban Qurbanov və “Qarabağ”a inanıram. Təbii ki, “Tottenhem” çox güclü komandadır. Bir futbolçusunun qiyməti “Qarabağ”ın 5 illik büdcəsidir. Amma eybi yoxdur, biz sona qədər döyüşəcəyik. Biz pula deyil, qeyrətə, Azərbaycan adına oynayırıq".

Futbol millimizin baş məşqçisi kim olacaq - gözlənti

 Natiq Muxtarlı

İdman yazarı Natiq Muxtarlı bu oyunda meydan sahiblərinə simpatiya bəsləniləcəyini istisna etmir: “Avropada hakim ədalətsizliyi təkcə "Qarabağ"a qarşı olmur. FİFA və UEFA korrupsiyalaşmış qurumlardır. Bu təşkilatları yalnız pul maraqlandırır, daim böyük klubların yığmaların mənafeyini qoruyurlar. Böyük klublar, böyük yığmalar isə bahalı bilet, bahalı yayım deməkdir.

Ona görə də böyük klublarla oyunda daim kiçiklər əziyyət çəkir. Təbii ki. “Tottenhem”lə oyunda hakimlərin meydan sahiblərinə simpatiya bəsləyəcəyi şəksizdir. Amma fransız hakimlərin məhz buna görə “Qarabağ”ın oyununa təyin edildiyini düşünmürəm. UEFA istəsə, bunu fransız yox, türk hakimlərin də əli ilə edə bilər. Üstəlik, o fransızların “Qarabağ”a qarşı aşırı ədalətsiz davranacağını da düşünmürəm. Bilirsiniz, Fransa hökuməti ermənipərəstdir. Yəni hazırda öz maraqları naminə ermənipərəstdirlər, ermənilərdən vasitə kimi istifadə edirlər. Amma deyək, fransızların da belə olduğunu iddia etmək olmaz. Bəlkə də, fransızların 70 faizi Ermənistan adlı dövlətdən bixəbərdir, o cümlədən “Qarabağ”ın oyununa təyinat alan hakimlər də.

Ancaq bu hakimlər UEFA-nın yazılmamış qaydasına əməl edəcəklər, meydan sahiblərinə simpatiya bəsləyəcəklər. Oxşar qayda pozuntusuna görə ""Qarabağ"ın oyunçusuna sarı və ya qırımızı vərəqə göstərilə, “Tottenhem”in futbolçuları isə bağışlana bilər.

“Qarabağ” bütün bu ehtimalları nəzərə almalıdır. Komanda üzvləri maksimum nizam-intizamlı olmalıdır. “Qarabağ” sübut edib ki, istənilən rəqiblə mübarizə aparmağa qadirdir. “Tottenhem” indiyə qədər “Qarabağ”ın qalib gəldiyi rəqiblərdən o qədər də güclü deyil.

Sadəcə, “Qarabağ”ın ənənəvi problemi var ki, bu da həlledici ola bilər. Söhbət ələ düşən imkanlardan yararlana bilməməkdir. “Qarabağ”ın Londonda qol imkanları olacaq. Onlardan maksimum yararlana bilsələr, İngiltərədən xal və ya xallarla qayıtmaq mümkündür. “Tottenhem” kimi komandalar yaratdıqları imkanlardan maksimum yararlanır, rəqib səhvini bağışlamırlar. “Qarabağ”ın da qol şanslarından necə yararlanacağı həlledici amil olacaq. Ümid edək ki, bu dəfə “köhlən atlar”ın futbolçuları daha sərrast olacaqlar. Belə olsa, Londonda həmin gecə sükut olacaq".

Tanınmış jurnalist vəzifədən GETDİ

Kənan Məstəliyev

İdman mütəxəssisi Kənan Məstəliyev fransız hakimlərdən hər şey gözləyir: “Çətin olacaq. Dünyanın heç bir klubu "Tottenhem" səfərinə rahat gözlə baxa bilməz, oradan rahat xalla dönəcəyini deyə bilməz. “Qarabağ”ın da işi asan deyil. Londonlular bütün komponentlərdə bizdən üstündür. Üstəlik, İngiltərə Premyer Liqasındakı sürət, intensivlik, gərginlik və rəqabət bizdə bundan sonra bəlkə heç vaxt olmayacaq. Dolu tribunalar, ulduzlarla dolu heyətə qarşı 90 dəqiqədə Qurban Qurbanovun yetirmələri ancaq bəxtə ümid edə bilərlər. Bəxt, yüksək konsentrasiya, səbr və ələ düşənlərdən maksimum istifadə etmək belə oyunlarda həlledici amildir. Ancaq bunlar olacağı halda biz nədənsə danışa biləcəyik. Fiziki və atletik hazırlığı çox yüksək olan “Tottenhem”lə rəqibi yorma mübarizəsinə girmək ağılsızlıq olar. Öz şansımızı gözləməliyik. Rəqib çox yüksək pressinq nümayiş etdirsə də, müdafiədə boşluqlar verə bilir. Qapı ilə müdafiə xətti arasında məsafələri çox olur. Belə olan halda, “Qarabağ” sakitcə top gəzdirməli, ani uzun ötürmə ilə Juninyonu qapıçı ilə sürətli görüşə göndərməlidir. Başqa mexanizm yoxdu. Ümumilikdə, xal ümidimiz çox aşağıdır. Hakimə gəlincə, bu matçda ən çətin işimiz rəqiblə olacaq. Ədalət təmsilçisi bu ikili mübarizəyə müdaxilə etməməli, özündən “fokus” çıxartmamalıdır. Amma fransızlardan nə desən, gözləmək olar".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR