Onlayn ictimai-siyasi qəzet
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Ağdaş, Şamaxı, Qobustan, Kürdəmir, Lənkəran, Cəlilabad, Yardımlı, Bərdə, Tərtər, Ağdam, Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Şabran, Ağdərə (Talış kənd tam orta məktəbi), Xocalı, Xankəndi, Şuşa və Laçında (Şəhər 2 №-li tam orta məktəb, Zabux və Sus kənd tam orta məktəbləri) Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.
DİM-dən Musavat.com-a verilən məlumata görə, tədrisi ingilis dilində olan məktəblərin şagirdləri də imtahan verəcəklər.
İmtahan saat 11:00-da başlanacaq.
İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.
İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli:
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahan iştirakçıları “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından fevralın 20-dən etibarən çap edib götürə biliblər.
Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 242 imtahan binası, 4 292 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 242 ümumi imtahan rəhbəri, 675 imtahan rəhbəri, 4 292 nəzarətçi, 747 buraxılışı rejimi əməkdaşı (mühafizə), 242 bina nümayəndəsi ayrılıb.
İmtahanda 57 437 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahanda 36 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin olunub. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
İmtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. Bütün imtahan binalarına baxış keçirilib, zallarda abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilib və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.
03 Mart 2025
02 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ