İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüsseldə razılaşdılar, İrəvana qayıdıb “qan-qan” dedilər - Paşinyan Xankəndinə gələrsə...

Erməni baş nazirin separatçıların “müstəqillik günü” ilə bağlı “təbrik məktubu”  təxribatdır və sülhdən imtina deməkdir; xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycanı “qeyri-səmimilikdə” və “sülh prosesini pozmaq istəyində” ittiham etməsinə Bakıdan reaksiyalar

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın sentyabrın 2-də Qarabağdakı qondarma qurumun saxta bayramı münasibətilə Xankəndiyə gəlməsinə Bakı sərt reaksiya verib. XİN Armen Qriqoryanın qanunsuz səfərinin Azərbaycana qarşı növbəti təxribat olduğunu bəyan edib.

“Sentyabrın 2-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Azərbaycan Respublikasının Xankəndi şəhərinə qanunsuz səfər etməsi Ermənistan tərəfinin növbəti təxribatdır və iki dövlət arasında münasibətlərin normallaşması cəhdlərinə xələl gətirir”- Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin şərhində qeyd olunub. Bildirilib ki, Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə baş tutan növbəti görüşdən dərhal sonra Ermənistan rəsmisi tərəfindən məqsədyönlü şəkildə atılan bu qanunsuz addım, görüş zamanı əldə edilmiş razılıqlara kölgə salmaqla yanaşı, Ermənistan tərəfinin normallaşma prosesində səmimi olmadığını açıq nümayiş etdirir. Sitat: “Bu qanunsuz səfər, Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olmadığı, suverenlik və dövlət sərhədləri prinsiplərini qəbul etdiyinə dair bəyanatlarının səmimiyyətdən uzaq olduğunu göstərir. Bu, həmçinin rəsmi İrəvan tərəfindən beynəlxalq vasitəçilərin səylərinə hörmətsizlikdir. Ermənistan rəsmisinin təxribatçı addımını qətiyyətlə qınayır və vurğulayırıq ki, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünə qarşı atılan hər hansı addımlar cavablandırılacaqdır”.

Paralel olaraq Ermənistanın Kəlbəcər istiqamətində davamlı şəkildə təxribatlara əl atması, ordumuzun mövqelərini atəşə tutması da gərginliyin tətiklənməsidir. Rəsmi məlumata görə, sentyabrın 4-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Artıq bu kimi təxribatlar ənənəyə çevrilib və günün birində cavabının sərt şəkildə veriləcəyini istisna etmirik. 

Siyasi rəhbərliyin təxribat törətdiyi günlərdə hərbi rəhbərliyin də “silaha” komandasını verməsi əslində təəccüblü deyil. Qriqoryanın Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra Xankəndinə gəlməsi haqlı suallar doğurub. Qarabağa qanunsuz gələnlərdən biri də bir milyard dollarlıq sərvət sahibi olan erməni əsilli rusiyalı milyarder Ruben Vardanyandır. O, Rusiya vətəndaşlığından imtina edərək Qarabağa köçmək qərarına gəlib. Bütün bu sarsaq hərəkətlər isə Rusiya sülhməramlılarının gözü qarşısında baş verir. N.Paşinyan bir tərəfdən Azərbaycanla sülh sazişini imzalayacağı haqda anons edir, digər tərəfdən də Qriqoryanın Xankəndi şəhərinə qanunsuz gəlişinə göz yumur.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI - en son xeberler 2022, xeberler bu gun 2022

 Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun bu barədə fikirləri də diqqət çəkib. Politoloq düşünür ki, Qriqoryanın gəlişi Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndinə mümkün səfərinə hazırlıq məqsədi daşıya bilər: “Paşinyan İkinci Qarabağ müharibəsindən sonra Xankəndinə gəlməyib. Çünki bilir ki, bu qanunsuz səfər bölgədə gərginliyi artıra bilər. Ancaq ola bilər ki, Paşinyanın mövqeyi dəyişib və yeni yolun çəkilişindən sonra Xankəndinə gəlmək haqqında düşünür. Armen Qriqoryanın Qarabağa gəlişi nəbz yoxlamasıdır və mümkündür ki, Paşinyanın gəlişinə hazırlıq məqsədi daşıyır. Paşinyanın Xankəndinə gəlişi böyük risk olardı, ancaq ”gəlməz" - deyib bu versiyanı bəri başdan rədd edə bilmərik", - deyə politoloq vurğulayıb. Erməni saytları isə iddia edib ki, Qriqoryan Bakının sərt reaksiyasından sonra Azərbaycandan üzr istəyib. Bildirilib ki, guya Ermənistan TŞ katibi ata-anasının qəbrini ziyarət etmək üçün Azərbaycan ərazisinə gəlibmiş. Amma bu, o qədər də ciddi arqument deyil. Səfərin məhz 2 sentyabrda reallaşdırılması və Azərbaycandan icazə alınmaması təxribata şübhə yeri qoymur.

Qeyd edək ki, Qarabağdakı separatizmin başlanmasının 31-ci ildönümü - separatçı-terrorçuların qondarma “müstəqillik günü” ilə bağlı Paşinyanın “təbrik məktubu” yayımlanıb. Təbrik məktubunda Paşinyan Qarabağa dair ərazi iddiaların davam etdirib, “Dağlıq Qarabağ” ərazi vahidinin mövcud olduğu, Minsk Qrupu çərçivəsində “münaqişənin” həll yollarına toxunub. Erməni baş nazirin məktubunun əsas mahiyyəti isə Qarabağda yaşayan ermənilərin gələcəyi ilə bağlı qeydidir. Paşinyan bununla bağlı iki fikir irəli sürür: “Ermənilərin Qarabağda yaşamağa davam etməsi faktı dəyişməyib və onların öz vətənlərində hüquqlarının qorunacağı, təhlükəsiz şəraitdə yaşamaq hüququ var”. Paşinyan onu da qeyd edib ki, “ermənilərin təhlükəsizliyi və hüquqlarının müdafiəsi məsələləri həll olunmayana, müvafiq status müəyyən edilməyənə qədər ”Dağlıq Qarabağ"ın ərazi vahidi kimi mövcudluğunu inkar etmək qəbuledilməzdir". Maraqlıdır ki, bu məktubdan sonra Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan öz bəyanatında Azərbaycanı “qeyri-səmimilikdə” və “sülh prosesini pozmaq istəyində” ittiham edib. “Azərbaycanın təklif etdiyi beş bəndlə bağlı Ermənistan tərəfin baxışı dəyişməzdir. 2022-ci il martın 10-da Azərbaycanın təqdim etdiyi təkliflərdə bizim üçün qeyri-məqbul heç nə yoxdur. Bu təkliflərin Ermənistan-Azərbaycan hərtərəfli sülh gündəliyinin bütün məsələlərini əhatə etməməsi başqa məsələdir. Biz ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə verdiyimiz cavabla gündəliyi tamamladıq və buna görə də sülh danışıqlarını bu əsasda davam etdirməyə hazırıq. Bunu Brüsseldəki son müzakirələr zamanı Ermənistanın baş naziri Paşinyan bir daha təsdiqləyib. Bu nöqteyi-nəzərə məhəl qoymamaq və ya onu dinləməmək cəhdləri erməni tərəfinə Azərbaycanın sülhə nail olmaq niyyətinin səmimiliyinə şübhə etməyə əsas verir. Bundan əlavə, danışıqların özbaşına, həqiqətə uyğun olmayan şərhinin davam etdirilməsi və razılaşmaların icrasından yayınma belə düşünməyə əsas verir ki, Azərbaycan sülh prosesini pozmaq və güc tətbiqi vasitəsilə öz etnik təmizləmə siyasətini davam etdirmək niyyətindədir”, - deyə bəyanatda bildirilir. Beləliklə, görünən budur ki, 1 ay müddətində sülh prosesi ilə bağlı ciddi razılaşmalar öhdəliyi götürən Paşinyan və onun xarici işlər naziri İrəvana qayıdan kimi başqa havaya giriblər.

Hikmət Babaoğlu: “AXC-Müsavat cütlüyü BMT Təhlükəsizlik Şurasının 5 üzvünə  qarşı ərazi iddiası irəli sürmüşdü”

Hikmət Babaoğlu

Deputat Hikmət Babaoğlu proseslərin perspektivi haqda “Yeni Müsavat”a açıqlamasında əvvəlcə bir xatırlatma etdi: “Əslində 4-cü Brüssel görüşündən bir gün əvvəl sülhün əldə edilməsi ilə bağlı mümkün imkanlar haqqında danışarkən rəsmi İrəvan bu haqda yalnız görüşdən sonra konkret danışmağı mümkün hesab etmişdi. Görüşdə əldə edilən ilkin nəticələrə baxmayaraq, dərhal sonra ermənilərin mövqelərimizi atəşə tutması və baş nazir Paşinyanın təbrik məktubu əslində elə görüşdən sonra ifadə edilən konkret mövqe kimi qəbul edilə bilər. Bu mövqe radikaldır, təxribatdır və sülhdən imtina etməkdir. Şübhəsiz ki, rəsmi Bakı da belə inkaredici mövqeyə eyni sərtliklə cavab verəcək. Ancaq bunu nə zaman və hansı üsulla edəcəyi maraqlıdır”. Deputat “Qisas-2" ehtimalından da bəhs etdi: ”Seçimlərin içərisində, əlbəttə, hərbi ya da hərbi-siyasi forma da ola bilər. Çünki artıq effektiv nəticələrə gətirib çıxaran belə bir təcrübə tətbiq edilib. Brüsseldə əldə edilən razılaşmalar da “Qisas” əməliyyatının nəticələrindən biri idi. Ancaq biz erməni mövqeyinin olduqca sürüşkən və etibarsız olduğunu bilirik və onlara əsla etibar etmirik. Sadəcə, öz məqsədlərimizə çatmaq üçün qətiyyətli addımlar ataraq erməniləri irəli sürdüyümüz, beynəlxalq hüquqla ziddiyyət təşkil etməyən şərtlərimizə məcbur edirik". H.Babaoğlu qeyd etdi ki, sonuncu Brüssel görüşündən sonra Ermənistan yenə özünü çətin vəziyyətə salmış oldu: “Rəsmi İrəvan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə əldə edilən ilkin razılaşmanı pozmaqla Aİ Şurası Prezidentinin bəyanatını etibarsızlaşdırdı. Beləliklə, Ermənistan layiqli tərəfdaş olmadığını və sülh istəmədiyini nümayiş etdirdi. Azərbaycan üçünsə növbəti sülhə məcburetmə əməliyyatları üçün fürsət yaratdı. Ona görə də bundan sonra hadisələrin inkişafı ilə bağlı mümkün proqnozlar iki istiqamətdə ola bilər .Ya Paşinyan ermənilərə göndərdiyi məktubun məzmunun, sadəcə, daxil auditoriyaya hesablanmış olduğunu isbat edərək, Azərbaycanla sülh müqaviləsinin üzərində işləmək üçün işçi qrupu yaradaraq, irəliyə doğru addım atmalı, ya da Azərbaycanın növbəti ”Qisas" əməliyyatını və onun nəticələrini qəbul etməyə hazır olmalıdır".

Bu arada Ankaradan gələn xəbərdarlıq da erməni revanşistlərini və Paşinyan hakimiyyətini düşündürməlidir. “Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə fərqli, İrəvanda fərqli davranış sərgilədiyi müddət ərzində Ermənistanın hər mənada normallaşması mümkün deyil". “Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin və Azərbaycan Evinin rəhbəri Aygün Attar tviter səhifəsində yazıb. “Ermənistanın iqtisadi, siyasi və sosioloji baxımdan çökməsi qaçılmazdır”, - o bildirib. Qardaş Türkiyə vaxtaşırı ermənilərin “yaddaşını təzələyir” bu kimi xəbərdarlıq bəyanatları ilə... Ermənistanın müdafiə naziri Suren Papikyanın ABŞ-a, XİN rəhbəri Ararat Mirzoyanın isə  Rusiyaya uçması aqoniya vəziyyətində olan erməni hakimiyyətinin özünə dəstək axtardığını göstərir, özü də bir-birinə düşmən olan iki qütbdən. Amma bütün bunların heç bir faydası olmayacaq, necə ki, 44 günlük müharibədə heç bir paytaxt Azərbaycan əsgərinin Şuşaya yolunu kəsə bilmədi.

Milli Məclis üzvünün yuxarıdakı dediklərindən, eyni zamanda ayrı-ayrı müşahidəçilərin şərhlərindən də aydın olur ki, artıq Ermənistan üçün yolun sonu görünməkdədir. Belə ki, növbəti təxribatlarla situasiyanı öz xeyrinə dəyişəcəyini zənn edən düşmən seçim etməlidir, xilas, yoxsa “Qisas-2" istəyirlər, açıq desinlər... Azərbaycan rəhbərliyi sözünü deyib, xəbərdarlığını edib. Himayədarlarına arxalanan Ermənistan rəhbərliyi isə Şuşada imzalanmış Müttəfizlik Bəyannaməsini də bir an belə yadda çıxartmamalıdır.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR