Onlayn ictimai-siyasi qəzet
Cənubi Qafqazda artıq yeni hərbi-siyasi situasiya yaranıb. Hazırda bu region uğrunda qlobal güclərin amansız mübarizəsi həlledici mərhələyə keçmiş kimi görünür. Hər halda, ABŞ və Qərb Cənubi Qafqazda cərəyan edən geopolitik proseslərə daha israrla müdaxilə etməyə cəhd göstərir. Bu baxımdan, regiondan kənar güclərin davranışlarının indi Cənubi Qafqaza real təhlükə yaratmağa başladığı qətiyyən şübhə doğurmur. Və bu kobud müdaxiləyə daha sərt müqavimətin göstərilməsinə ehtiyac yaranmış kimi görünür.
Onu da qeyd etmək lazımdır ki, ABŞ, Avropa Birliyi və Ermənistan arasında keçirilmiş Brüssel ortaq konfransı Cənubi Qafqaz ətrafında qəliz situasiya yaradıb. ABŞ və Avropa Birliyi Ermənistanı öz geopolitik alətinə çevirib və bu region ölkəsindən həm Rusiyaya, həm də Cənubi Qafqazda Qərbin heç bir real təməli olmayan maraqlarına müqavimət göstərən Azərbaycana qarşı istifadə etməyə çalışır. Və bununla da Qərb əslində, sülh prosesinə dəstək manipulyasiyaları üzərindən Cənubi Qafqazda hərbi-siyasi gərginliyi artırmış olur.
Məsələ ondadır ki, ABŞ və Avropa Birliyinin Ermənistana hərbi dəstək vədləri rəsmi İrəvanı yeni hərbi təxribatlara cəsarətləndirir. Paşinyan hakimiyyəti Fransa da daxil olmaqla, Qərbin hərbi yardımlarına güvənərək, gələcək savaşa hazırlaşmaq xətti yürüdür. Hər halda, rəsmi İrəvanın bu məqsədlə, sülh prosesindən müəyyən qədər uzaqlaşaraq, mümkün qədər zaman qazanmağa çalışması da inkaredilməz reallıqdır. Və bu baxımdan, Cənubi Qafqazda hərbi-siyasi gərginliyin nəzarətdən çıxma təhlükəsinə görə məhz ABŞ-Avropa Birliyi-Fransa üçlüyü məsuliyyət daşıyır.
Təbii ki, ABŞ və Avropa Birliyinin geopolitik hədəfə çevirməyə çalışdığı dövlətlər – Azərbaycan və Rusiya da regiondan kənar güclərin Cənubi Qafqaz üzərində reallaşdırmağa çalışdıqları pozucu ssenariləri sadəcə, müşahidə etmək niyyətindən uzaqdırlar. Böyük ehtimalla həm Kreml, həm də rəsmi Bakı ortaq problemə münasibətdə birlikdə hərəkət etməkdə maraqlıdır. Və bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya paytaxtı Moskvaya son səfəri böyük əhəmiyyət daşıyır.
İlk növbədə nəzərə almaq lazımdır ki, indiki situasiyada Azərbaycan və Rusiyanın bəzi geopolitik maraqları üst-üstə düşməyə başlayıb. Yəqin ki, bağlı qapılar arxasında Azərbaycan lideri İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin Cənubi Qafqaz ətrafında cərəyan edən prosesləri də müzakirə ediblər. Eyni zamanda, iki qonşu ölkə arasında münasibətlərin inkişaf perspektivlərinin araşdırılmasın ön planda olduğu da qətiyyən şübhə doğurmur.
Kremlə yaxın siyasi dairələr hazırda Azərbaycanı Rusiyaya ən yaxın regional tərəfdaş ölkə kimi xarakterizə edirlər. Kreml sahibinin mətbuat katibi Dmitri Peskov isə Prezident İlham Əliyevin Moskva səfəri barədə danışarkən, Azərbaycanı Rusiyanın dostu və strateji müttəfiqi adlandırıb. Böyük ehtimalla Kreml sözçüsü bunu edərkən, Azərbaycan və Rusiya arasında imzalanmış müttəfiqlik fəaliyyəti barədə Moskva Bəyannaməsinin mövcudluğuna eyham vurmaq məqsədi güdüb. Və əslində, bu, olduqca vacib geopolitik məqamlardan biridir.
Çünki Rusiyanın hərbi müttəfiqi olan Ermənistan artıq çoxdan Kremlə xəyanət edib. İndi rəsmi İrəvan israrla Kremllə münasibətləri qopararaq, Ermənistanı Rusiyadan uzaqlaşdıraraq, Qərbə doğru “qaçırtmağa” çalışır. Yəni, Kremldə Rusiya-Ermənistan münasibətlərinin əvvəlki məcraya dönə biləcəyinə artıq o qədər də böyük ümidlər bəsləmirlər. Rusiya siyasi dairələrində belə qənaətlər mövcuddur ki, Paşinyan hakimiyyəti ABŞ və Qərbin təlimatlarını icra etmək vərdişlərinə sadiq qalacaq. Və bu səbəbdən də, Kremlin rəsmi İrəvanla korlanmış münasibətlərinin “təmir edilməsinə” vaxt sərf olunmasına artıq elə bir ehtiyac yoxdur.
Azərbaycan isə birmənalı şəkildə müstəqil xarici siyasət yürütməkdə israrlı davranır. ABŞ və Qərbin təzyiqlərinə müqavimət göstərməyi bacarır. Ən əsasısa, Azərbaycanın maraqlarını hər şeydən üstün tutan rəsmi Bakı birmənalı şəkildə ikitərəfli və bərabərhüquqlu münasibətlərə üstünlük verir. Yəni, rəsmi Bakı qarşılıqlı münasibətlərdə etibarlı və əhəmiyyətli tərəfdaş olduğunu dəfələrlə sübuta yetirib. Və Rusiya siyasi dairələrində Azərbaycanın bu önəmli özəlliyini diqqətə alırlar.
Digər tərəfdən, Azərbaycan və Rusiya siyasi dairələri arasında olduqca yüksək anlaşma mühiti mövcuddur. Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması ilə bağlı məsələnin uğurla nizamlanması da bunu təsdiqləyir. Hər halda, bu məsələnin həlli prosesində Azərbaycan və Rusiya arasında hər hansı dövlətlərarası ziddiyyət və ya narazılıq yaranmadı. Əksinə, Kreml ikitərəfli anlaşma sayəsində Rusiya sülhməramlı qüvvələrinin vaxtından xeyli əvvəl Azərbaycandan çıxarılmasına razılaşdı. Və bu, rəsmi Bakı ilə Kreml arasında yüksəksəviyyəli əməkdaşlığın olduğunu göstərir.
Bütün bunları nəzərə aldıqda, Azərbaycan lideri İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında danışıqları uğurlu nəticələri qətiyyən şübhə doğurmur. Böyük ehtimalla Azərbaycan və Rusiya arasında ikitərəfli və regional əməkdaşlıq daha da inkişaf etdiriləcək. ABŞ və Qərbin Cənubi Qafqaza kobud müdaxiləsini nəzərə aldıqda, ortaq maraqlar çərçivəsində belə tərəfdaşlıq indi daha böyük əhəmiyyət daşıyır. Və həm Azərbaycan, həm də Rusiya üçün Cənubi Qafqazda sabitliyin qorunması olduqca vacibdir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ