İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyanın yeni “Dəmir ledi”si Putinə “qan uddura” biləcəkmi?

Baş nazir seçilən Liz Trassın ilk zəngi Ukrayna lideri Zelenskiyə oldu və Rusiyaya mesaj verdi ki, Londonun Kiyevə dəstəyi Conson dövründən heç də az olmayacaq; ekspert: “Rişi Sunak seçilsəydi də heç nə dəyişməyəcəkdi”

Məlum olduğu kimi, Böyük Britaniyanın xarici işlər naziri Liz Trass hakim Mühafizəkarlar Partiyasının sədri və ölkənin yeni baş naziri seçilib. “Yeni Müsavat” bildirir ki, Liz Trass ilk çıxışında fəaliyyət konturlarını açıqlayıb və sərt bir siyasət aparacağına işarə edib. O, sabiq baş nazir Boris Consona təşəkkür edərək onun “Brexit”i həyata keçirdiyini, koronavirus vaksinlərinin yayılmasında mühüm rol oynadığını və Rusiya lideri Vladimir Putinə qarşı durduğunu bildirib.

Yeni baş nazir çıxışında “COVİD” pandemiyasından sonra vergiləri azaltmaq və Britaniya iqtisadiyyatını gücləndirmək üçün cəsarətli plan təqdim edəcəyini bildirib. O, əlavə edib ki, enerji böhranı və Milli Səhiyyə Xidməti ilə bağlı işlər görəcək. Trass Consonun Putinə qarşı durduğunu təqdir etməklə ona işarə verib ki, o, Rusiyaya qarşı sərt siyasət yürüdəcək.  Yeri gəlmişkən, L.Trassı Marqarita Tetçerlə müqayisə edirlər və onu dövrün yeni “Dəmir ledi”si adlandırırlar. Buna qədər Tereza Mey də Britaniyanın baş naziri olub, amma o dərəcədə radikal addımları ilə diqqət çəkməyib. İngiltərənin yeni ‘’Dəmir ledi’’si ilk telefon zəngini Ukrayna prezidenti Volodimir Zelenskiyə edib və bu, bütün dünyaya, o cümlədən Rusiya prezidentinə mühüm mesajdır. Çünki Consonun istefasından sonra hamı düşünürdü ki, İngiltərə Ukraynanın arxasından qaçacaq və daha yumşaq xətt götürəcək. Amma ilk zəngin Zelenskiyə olması göstərir ki, Londonun Kiyevə dəstəyi eyni tempdə davam edəcək. Ümumiyyətlə, Liz Trass uzun illər ərzində ən anti-Rusiya mövqeli Britaniya xarici işlər naziri hesab olunurdu.

Bu arada, Böyük Britaniyanın daxili işlər naziri Priti Patel istefa verib. “Liz Trassı yeni liderimiz seçilməyi münasibətilə təbrik edirəm və onu baş nazir rolunda dəstəkləyəcəyəm. Liz rəsmi olaraq vəzifəsinin icrasına başladıqdan və yeni daxili işlər naziri təyin etdikdən sonra mən ölkəmə və Uitem dairəsinə deputat kimi xidmətə davam edəcəyəm”, - Patel qeyd edib. Şotlandiyanın birinci naziri Nikola Sturgeon isə deyib ki, Trassın baş nazir postuna seçilməsi bütün Böyük Britaniya üçün fəlakət ola bilər: “Əgər o, ölkəni seçki kampaniyasını apardığı kimi idarə etsə, bu, təkcə Şotlandiya üçün deyil, Böyük Britaniyanın qalan hissəsi üçün də fəlakət olacaq. Ümid edək ki, bu, baş verməsin, çünki biz çətin günlərdən keçirik”. Bizim politoloqlar Trassdan nə gözləyir? Yeni baş nazir Rusiyaya hansı sürprizlər edə bilər?

Elxan Şahinoğlu: "Paşinyan ordu daxilindəki vəziyyətdən narahatdır"

Elxan Şahinoğlu

Siyasi analitik Elxan Şahinoğlunun “Yeni Müsavat”a bildirdiyinə görə, hakim Mühafizəkarlar Partiyasının sədri seçilən və bununla baş nazir kürsüsünə yiyələnən Liz Trass Boris Consonun xarici və təhlükəsizlik siyasətini davam etdirəcək. Ekspert hesab edir ki, Liz Trass Boris Consonun kabinetində xarici işlər naziri olarkən patronun təlimatlarını yerinə yetirirdi: “Londonun ABŞ-la strateji müttəfiqliyində və Ukraynaya dəstəyində sapmalar olmayacaq. London Ankara və Bakı ilə də ənənəvi tərəfdaşlığını davam etdirəcək. Baş nazir Trassın hind mənşəli əsas rəqibi və keçmiş maliyyə naziri Rişi Sunak seçilsəydi də Londonun xarici və təhlükəsizlik siyasətində heç nə dəyişməyəcəkdi. Sadəcə, hind mənşəli siyasətçinin Böyük Britaniyanın baş nazir seçilməsi ABŞ-da qaradərili Barak Obamanın seçilməsi qədər böyük hadisə olacaqdı”.

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma  Ermənistanda türk görmək istəmirlər”

Ramiyə Məmmədova 

Təhlilçi Ramiyə Məmmədova Trassın Conson kimi xarizmatik olmadığını düşünür. Onun fikrincə, bununla belə, o da Ukrayna müharibəsində Zelenskiyə sona qədər dəstəyi davam etdirəcək: “Maraqlıdır ki, indi Trassın üzərinə daha çox məsuliyyət düşəcək. Çünki müharibənin həlledici dövrüdür, mühüm qərarlar qəbul etməlidir, savaşın sonu da onun baş nazir postunda olduğu dövrdə başa çata bilər. Yəni tarixə belə düşəcək. Mənə elə gəlir ki, Trass ilk zəngi kimi ilk səfərini də Kiyevə edə bilər. Bunu istisna etmirəm, amma Conson daha çox sevilən, rəğbət qazanmış siyasətçi idi. Sadəcə, burada fiqurların dəyişməsi mahiyyətcə heç nəyi dəyişmir, İngiltərənin öz siyasəti var və bu yolla getməlidirlər. Ona görə heç biri Londonun vahid siyasi xəttindən kənara çıxa bilməzlər”. Siyasi şərhçi hesab edir ki, Britaniyanın yeni liderindən xüsusi gözləntisi yoxdur: “Mühafizəkarlar Partiyası hakimiyyətdədir və bu kurs davam edəcək. Bizi daha çox Ukrayna müharibəsinin nəticələri maraqlandırır. Tarixdə ingilislərin dəstək verdiyi müharibələrdə heç zaman kömək alan tərəf məğlub olmayıb. Əgər Rusiya geri çəkilməli olsa, bu qələbə həm də Trassın aktivinə yazılacaq. Hər halda, bu xanım syasətçi Putinə nifrəti ilə seçilməkdədir. Trassın Azərbaycana münasibətinə gəlincə, Bakı-London əlaqələri rəvan gedəcək, hər hansı dəyişiklik gözləmirəm”.

Qeyd edək ki, Trass Oksfordun partiya-tələbə birliyinə rəhbərlik edib və partiyanın milli gənclər komitəsinin üzvü olub. LDP-də onun karyerası təmin edilmiş kimi görünürdü. Ancaq hamı üçün gözlənilmədən Mühafizəkarlar Partiyasına keçdi və Marqaret Tetçeri öz kumiri elan etdi. Özü bu keçidi çox sadə izah edir: “Mən bəzi torilərlə tanış oldum və başa düşdüm ki, onlar ikibaşlı əjdəhalar deyil, olduqca gözəl insanlardır”. Dostları onun transferinin daha dərin səbəbləri olduğunu deyirlər. 1990-cı illərin əvvəllərində o, Şərqi Avropanın bir neçə ölkəsində olub. Bu ölkələr öz azadlıqlarını təzəcə bərpa etmişdilər. Yeni azadlıq duyğusu Lizin də başını dumanlandırdı.

Partiyadan partiyaya keçən Trass karyera ambisiyalarını rəhbər tutaraq, bütün mühafizəkarların kumiri Uinston Çörçill kimi hərəkət edib. O da vaxtilə Mühafizəkarlar Partiyasından Liberal Partiyaya keçmiş, sonra geri qayıtmışdı. Lakin buna görə heç kim onu günahlandırmır. Daha sonra “Brexit” zamanı gələndə Liz Trass da dəyişən dünya ilə birlikdə dəyişmək qabiliyyətini bir daha göstərdi. O, Aİ-dən çıxmağın əleyhinə idi, lakin referendumdan sonra fikrini kəskin şəkildə dəyişdi. Özü bu haqda danışmağı heç də sevmir.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR