Onlayn ictimai-siyasi qəzet
Britaniya Moskva ilə Kiyev arasında atəşkəsə nəzarət etmək üçün qeyri-müəyyən müddətə Ukraynaya minlərlə hərbçi göndərməyə hazırlaşır.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə ölkə hökumətindəki mənbə bildirib.
Həmin şəxs “The Times” qəzetinə müsahibəsində deyib ki, missiya sülhü qorumaq və Rusiyanı cilovlamaq üçün lazım olan qədər davam edə bilər.
Nəşrin məlumatına görə, Böyük Britaniya Fransa, Türkiyə, Kanada və Avstraliya ilə qoşunların birgə göndərilməsi ilə bağlı razılığa gəlib. Daha 30-dan çox ölkə silah və texnika verməklə bu ideyanı dəstəkləməyə hazırdır. Ümumilikdə, “istəklilər koalisiyası” 30 minə qədər sülhməramlı ayıra bilər, lakin onlar yalnız Moskva və Kiyev arasında sülh sazişi imzalandıqdan sonra gələcəklər.
Rusiya isə belə bir planın qəti əleyhinədir. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko NATO qoşunlarının Ukraynada yerləşdirilməsi ideyasını “absurd” və “uyğunsuz” adlandırıb. O, silahlı qüvvələrin mövcudluğunun onları münaqişənin tərəfinə çevirəcəyini vurğulayıb və bunun əvəzinə atəşkəsə nəzarət etmək üçün yalnız silahsız müşahidəçilərin göndərilməsini təklif edib.
Musavat.com
17 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ