Onlayn ictimai-siyasi qəzet
“Azərbaycanın BRICS-də fəal iştirakı tərəfdaşlıq və əməkdaşlıq üçün yeni şərait yaradır. Azərbaycanın bütün xarici siyasəti məhz tərəfdaşlıq, qarşılıqlı maraq əsasında əməkdaşlıqdan ibarətdir. Eyni zamanda Azərbaycan BRICS-də iştirakı ilə əməkdaşlığın coğrafiyasını genişləndirir”.
Bu fikirləri Musavat.com-a millət vəkili Asim Mollazadə deyib.
Millət vəkili xatırladıb ki, BRICS sammitində Azərbaycana qardaş, müttəfiq olan Türkiyə də iştirak edir:
“Azərbaycan və Türkiyə ilə əməkdaşlıqda maraqlı olan ölkələr həyata keçirdiyimiz strateji layihələrdə bizimlə birgə işləyəcəklər, bu, iqtisadi nöqteyi-nəzərdən Azərbaycan üçün çox önəmlidir. Bununla yanaşı, siyasi nöqteyi-nəzərdən yanaşsaq, Azərbaycana qarşı siyasət yürüdən müəyyən qüvvələr var. Erməni diasporunun coğrafiyasında Azərbaycana qarşı nifrət, yalan var. Bu diasporalar yaşadıqları ölkənin siyasətinə təsir göstərirlər. Bu siyasət isə Azərbaycana qarşı yönəlib.
BRICS ölkələrinin Ermənistandan hər hansı formada asılılığı yoxdur, erməni diasporasının əmrləri ilə hərəkət etmirlər, yaxud siyasi korrupsiyaya qoşulmayıblar. Odur ki, beynəlxalq siyasi proseslərdə Azərbaycanın tərəfdaşlarının sayının artması bizim mövqeyimizi gücləndirir. BRICS-in Kazanda keçirilən sammitində 32 ölkə iştirak edir. Bu, öz-özlüyündə miqyasın kifayət qədər geniş olduğunu göstərir”.
Nigar HƏSƏNLİ,
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ