İnsanlara hürriyət, millətlərə istiqlal!

BRİCS-dən sonra ŞƏT-ə üzvlük mesajı - Bakının seçimləri nə vəd edir?

Ekspertə görə, Azərbaycanın hər iki təşkilatda müşahidəçi kimi üzvlüyü  Türkiyə ilə birgə verilmiş qərardır

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) dialoq üzrə tərəfdaş statusunun müşahidəçi ölkəyə dəyişdirilməsi ilə bağlı müraciət edib. “Report” xəbər verir ki, bunu “İzvestiya” qəzetinə İranın ŞƏT Katibliyindəki milli koordinatoru Mehrdad Kiayei deyib.

“Bir neçə ölkə, o cümlədən Kamboca, Şri-Lanka, Ermənistan, Banqladeş, Azərbaycan və digər ölkələr təşkilata üzv olmaq üçün müraciət edib. Bu ölkələr (Banqladeşdən başqa - red.) statuslarını dialoq üzrə tərəfdaşdan müşahidəçi statusuna dəyişmək istəyirlər. Prinsipcə, bu məsələyə baxmağa və müvafiq müraciət edənlər və təşkilata üzv dövlətlərlə razılaşaraq müəyyən nəticəyə gəlməyə hazırıq”, - o bildirib.

Onun sözlərinə görə, əvvəlcə onlar müşahidəçi olmalıdırlar və yalnız bundan sonra tam iştirakçı ola bilərlər: “Banqladeş dialoq üzrə tərəfdaşlardan biri deyil, lakin müşahidəçi statusuna gedən yolda bu mərhələdən yan keçmək olar. Bunun üçün təşkilatın bütün üzvlərinin razılığı lazımdır”.

Bakının BRİCS-dən sonra  Şanxay Əməkdaşlıq Təşkilatında da statusunun artırılması istəyi diqqət çəkir. Əsasən iqtisadi təşkilatlar olsa da, aydındır ki, gərginləşən dünyada bu əməkdaşlıq formatının siyasi çalarları da artıq özünü göstərməyə başlayıb. Bu halda, Azərbaycanın seçimləri hansısa risklər vəd edirmi?

Elman Nəsirov | Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər  Nazirliyi

 Elman Nəsirov

YAP-çı deputat Elman Nəsirov Azərbaycan dövlətinin siyasətinin ancaq xalqımızın milli maraqlarına söykəndiyini qeyd etdi: “Azərbaycanın xarici siyasəti xalqımızın milli maraqlarını müdafiə edir və müstəqil siyasətdir. Hesab edirəm ki, Azərbaycanın  BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatı ilə münasibətlərinin daha da dərinləşdirilməsi və inkişafı ilə bağlı qərarının motivlərini başa düşmək olar. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə dialoq üzrə tərəfdaşlıq çərçivəsində münasibətlərini həyata keçirir. Bu üzvlük istiqamətində ilkin addımlardır. Azərbaycan artıq konkret niyyətini ortaya qoyub ki, biz müşahidəçi statusunda bu təşkilatda fəaliyyət göstərmək istəyirik. 2001-ci ildən fəaliyyət göstərən və yaranarkən sıralarında Mərkəzi Asiyanın dörd ölkəsi olan, Rusiya və Çini özündə birləşdirən bu qurumun sıraları indi genişlənib. Azərbaycan bu təşkilatla münasibətlərin dərinləşdirilməsində maraqlıdır.  Bu bir həqiqətdir ki, bu gün  təkqütblü dünyadan çoxqütblü dünyaya keçid artıq real məzmun kəsb edir. Sovet İttifaqı dağıldıqdan sonra Birləşmiş Ştatlar və NATO dünyanın nizamini müəyyən edirdi. Dünya ilə öz istədikləri kimi rəftar edirdilər. Bir hegemonluq tendensiyası müşahidə olunurdu. İndi artıq açıq şəkildə söylənilir ki, Qlobal Şimal qarşısında bir Qlobal Cənub da var.  Yeri gəlmişkən, Azərbaycanın beynəlxalq hüququn ən mühüm müdafiəçilərindən biri olduğu həm də onda öz ifadəsini tapır ki, noyabr ayında Azərbaycan COP29 tədbirini keçirməklə, həm Qlobal Cənub, həm də Qlobal Şimal dövlətlərini Bakıya dəvət edir. Bu həm də Azərbaycanın iki qütb arasında bir dialoq körpüsü olduğunun ifadəsidir. Biz barış və sülh tərəfdarıyıq. Azərbaycanın BRİCS və Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığı dərinləşdirməsi, inkişaf etdirməsi niyyəti  heç  bir halda üçüncü tərəfi hədəfə almır.  Azərbaycan dövlətinin milli maraqları bu davranışı şərtləndirir. Eyni zamanda, Azərbaycanın Qərblə münasibətləri də kifayət qədər inkişaf edir. Xüsusilə, Birləşmiş Ştatlar və Avropa İttifaqının bir 10 dövləti Azərbaycanın strateji tərəfdaşıdır. Cənab İlham Əliyev Londonda keçirilən Avropa Siyasi Birliyinin IV Zirvə toplantısındakı çıxışında qeyd etdi ki, Azərbaycan Avropanın 8 dövlətinə qaz nəql edir. Onlardan 5-i Avropa İttifaqı dövlətləridir, Serbiya və Gürcüstan Avropa İttifaqına üzvlüyə namizədlərdir, biri də Türkiyədir.  Gələcəkdə onların sıralarının genişlənməsi realdır. Bütün bunlar onu göstərir ki, Azərbaycan müxtəlif güc mərkəzləri ilə faydalı, əməkdaşlıq mühitinin formalaşmasında maraqlıdır. Azərbaycanın bu siyasəti bir daha vurğulayıram ki, heç bir digər tərəfə qarşı yönəlməyib. Azərbaycanın bu siyasəti beynəlxalq aləmdə müdafiə olunur, dəstəklənir. Əsas olan odur ki, bu siyasət müstəqil siyasətdir, Azərbaycan xalqının milli maraqlarına söykənir, tərəfdaş ölkələrin də milli maraqları nəzərə alınır”.

Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini  gözləmirdim"

Natiq Cəfərli 

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli Azərbaycanın bu təşkilatlarla əməkdaşlığının üstünlüklərindən danışdı: “Azərbaycan həm BRİCS-də, həm də Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi kimi üzvlüyü mənə elə gəlir ki, Türkiyə ilə birgə verilmiş qərardır. Çünki eyni təşkilatlara Türkiyənin də müşahidəçi qismində qoşulmaq istəklərinin şahidi olmuşuq. Yəni ona görə də, düşünmürəm ki, burada Azərbaycan öz müttəfiqlərindən kənar davranır. Amma burada problem ondan ibarətdir ki, Azərbaycanın iqtisadi olaraq bağlantısı daha çox Qərblədir, Avropa Birliyi ölkələri, İsraillə, Böyük Britaniya ilə, İsveçrə ilə... Ən böyük ticarət tərəfdaşımız İtaliyadır. Uzun illərdir ki, birinci yerdədir. Ümumi ticarət dövriyyəmizə baxsaq, təqribən 30 faiz civarında həmişə İtaliyanın payına düşür. Almaniya və digər Avropa ölkələri hər zaman Azərbaycanın ticarət tərəfdaşlığı xəritəsində həmişə ilk yerləri tutur. İdxalda Rusiya və Çindən daha çox mal alırıq. Bu təşkilatlara üzvlük məsələsi də yüz ölçülüb-biçilməlidir. Bu üzvlük Rusiya, İran, hətta Çinə qarşı da artan sanksiya trendində Azərbaycana dolayısı ziyan gətirməzmi? Gətirəcəksə, bundan necə sığortalanmaq lazımdır? Bundan başqa həm Şanxay Əməkdaşlıq Təşkilatında, həm də BRİCS də ən böyük ölkə Çindir. Çinlə bu yaxınlarda müqavilələr də bağlandı. Bunun özü də çox pozitiv bir gəlişmədir. Azərbaycan ikitərəfli münasibətlərə daha çox önəm verir. Amma müşahidəçi kimi hər iki qurumda təmsil olunmaq Azərbaycana mənfi heç nə qazandırmaz”.   

YUNESKO Azərbaycanla bağlı sükutu pozdu - sevinək, yoxsa...

 Şəhla Cəlilzadə

Beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə daha bir vacib məqama toxundu: “2022-ci ildə Avropa Siyasi Birliyinin ilk toplantısında stolüstü masadakı kitabın adı - ”Tarixin sonunda yeni dövrün başlanğıcı" idi. Rusiya-Ukrayna bu keçid dövrünün əsas göstəricilərindəndir. Bu müharibənin bu iki dövlət üçün nəticəsinin nə olmasından asılı olmayaraq qlobal nizam artıq əvvəlki kimi olmayacaq və bu anlaşılandır. Necə ki, Napaleon savaşlarından sonra 1815 Vyana Konqresi, 1919 Versal Konfransı, 1945 Yalta-Potsdam Konfransları dünyanın yeni siyasi-iqtisadi sistemə keçidlərini təsbit etmişdilər, eləcə də , indi keçid dövrünü yaşayırıq, lakin hələ ki, təsbitləyici saziş yoxdur. Bu dövrdə dövlətlər öz tərəflərini müəyyən edirlər. Aydındır ki, Azərbaycanı Avropada gözləmirlər. Qərb Ermənistan üzərindən regionumuza nüfuz etməyə çalışır, lakin bu siyasətləri hələ ki, tam uğurlu sayılmaz. Azərbaycan yeni nizamın ən güclü aktoru olan Çin cəbhəsində mühüm addımlar atmaqdadır. Burada BRİCS-ə üzvlük, Şanxay Əməkdaşlıq Təşkilatına müşahidəçi üzvlük kimi niyyət bəyanları aiddir. Qərbdən təhdid və sıxışdırılma ilə üzləşən bütün dövlətlərin cəmləşdiyi “Qlobal Cənub” (bura bir sıra təşkilatlar aiddir) - ABŞ liderliyindəki dünya nizamına alternativ cəbhədən söhbət gedir. Azərbaycanın Milli Təhlükəsizlik Doktrinasında Avroatlantik inteqrasiya əsas istiqamət kimi göstərilsə də, ötən 30 ildə biz bunun milli maraqlarımıza hər hansı faydasını görmədik. 1945-də yaranan dünya nizamının tənzimləyici quruluşları heç bir qətnamənin təminində sözükeçər olmadı. Odur ki, yeni konyukturda milli maraqlarımıza ən faydalı istiqaməti seçəcəyik. Burada həm Qərb, həm də Şərqlə faydalı bərabərhüquqlu əməkdaşlıqdan söhbət gedir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR