İnsanlara hürriyət, millətlərə istiqlal!

BP-nin strategiyasında radikal dəyişiklik: İki ildə 20 milyardlıq aktiv satılacaq

Böyük Britaniyanın BP şirkəti neft və qaz hasilatına investisiyaların artırılmasını, eyni zamanda aşağı karbonlu texnologiyalara sərmayə qoyarkən daha seçici davranmağı özündə əks etdirən yenilənmiş strategiyanı elan edib.

Musavat.com açıqlanan sənədə istinadən xəbər verir ki, şirkət neft və qaz əməliyyatlarını azaltmaqla bağlı əvvəlki planlarından imtina edib və hasilatı artıracağına söz verib.

Sənəddən aydın olur ki, BP 2027-ci ilin sonuna qədər 20 milyard dollarlıq aktiv satmağı planlaşdırır. Eyni zamanda şirkət neft və qaz hasilatına sərmayəni 2027-ci ilə qədər ildə 10 milyard dollara, hasilatı isə 2030-cu ilədək sutkada 2,3-2,5 milyon barel neft ekvivalentinə çatdırmaq niyyətindədir. Şirkətin əvvəlki strategiyası cari onilliyin sonuna hasilatın 2019-cu ildəki gündəlik 2,6 milyon barel səviyyəsi ilə müqayisədə 25 faiz azaldılmasını nəzərdə tuturdu.

BP 2027-ci ilin sonuna qədər 10 yeni böyük yeni layihə və 2030-cu ilin sonuna qədər daha 8-10 layihəni işə salmağı vəd edir.
Şirkət növbəti üç il ərzində kəşfiyyat layihələrinə 3 milyard dollar sərmayə qoymağı planlaşdırır. Eyni zamanda aşağı karbonlu həllərə investisiyaları kəskin şəkildə azaldacaq - bu seqmentdə investisiyaların həcmi ildə 1,5-2 milyard dollar təşkil edəcək ki, bu da əvvəllər nəzərdə tutulandan 5 milyard dollardan çox azdır.

BP həmçinin 2027-ci ilin sonuna kimi 2023-cü il səviyyələri ilə müqayisədə 4-5 milyard dollar xərclərə qənaət etməyi planlaşdırır. Hesabatda qeyd olunur ki, təxminən 800 milyon dollar dəyərində olan xərclərin azaldılması tədbirlərindən bəziləri 2024-cü ildə həyata keçirilib.

Bundan əlavə, BP 2027-ci ilin sonuna qədər borcunu 14-18 milyard dollara (2024-cü ilin sonuna 23 milyard dollar) azaltmağı hədəfləyir. Şirkət həm səhmlərin geri alınması, həm də dividendlərin ödənilməsi yolu ilə səhmdarları mükafatlandırmaq üçün əməliyyat mənfəətinin 30-40 faizini ayırmağı planlaşdırır. 2025-ci ilin birinci rübündə geri alış həcmi 0,75-1 milyard dollar təşkil edəcək ki, bu da əvvəlki illərin səviyyəsindən xeyli aşağıdır.

Qeyd edək ki, BP Azərbaycanda həyata keçirilən iki ən böyük neft-qaz layihəsinin operatorudur. Bunlar “Azəri-Çıraq-Günəşli” neft-qaz yatağı və “Şahdəniz” qaz yatağıdır. Son illərdə şirkət ciddi maliyyə çətinlikləri yaşadığına görə bir sıra ölkələrdəki aktivlərini satır. Hətta onun Böyük Britaniyanın digər enerji nəhəngi olan Shell-ə birləşəcəyinə dair təkliflər də gündəmə gətirilmişdi. Şirkət 2024-cü ildə Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizinin son həlqəsi olan TAP kəmərindəki payının bir qismini satıb. Lakin Azərbaycandakı neft-qaz hasilatı aktivləri ilə bağlı belə addım gözlənilmir, əksinə, BP Xəzərin Azərbaycan sektoruna investisiyaları artırmaq niyyətindədir. Şirkət AÇG yatağının dərin laylarından qaz hasilatını nəzərdə tutan layihənin icrasına başlayıb. Buradan ilk qazın 2026-cı ildə əldə olunacağı gözlənilir.

Açıqlanan strategiyadan aydın olur ki, BP problemlərini hansısa şirkətə birləşmədən həll etməkdə qərarlıdır. Bu qərarın alınmasında şirkətin 3,7 milyard funt-sterlinq dəyərində səhmlərini alan Elliott Management heyc fondunun mühüm rolu var. Fond BP-nin sağlamlaşdırılması üçün bir sıra aktivlərin satılması, xərclərin azaldılması planlarını irəli sürüb.

 


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Fevral 2025

26 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR