İnsanlara hürriyət, millətlərə istiqlal!

“Boz qurdlar” yenidən siyasətə qayıdır

Qələndər Muxtarlı: “Milliyyətçilər parlamentə güclü fraksiya ilə düşməyi hədəfləyir”

Ötən həftəsonu Bakıda Azərbaycan Milli Demokrat Partiyasının (AMDP) təsis konfransı keçirilib. Məlumdur ki, qeyri-rəsmi olaraq bu partiyanı “Boz Qurd” adlandırırlar. Tədbirdə 55 nəfər iştirak edib. AMDP partiyanın qurultayına hazırlığı elan edib, qurultayda sədr seçiləcək, partiyaçılar bildiriblər. İndiyə qədər AMDP-yə Tufan Kərim rəhbərlik edib. Təsis konfransına da o sədrlik edib. Xəbəri “Turan” yayıb. 

Konfransda məqsəd 2023-cü il tarixli “Siyasi partiyalar haqqında” yeni qanuna əsasən, partiyanın qeydiyyatı üçün sənədlərin Ədliyyə Nazirliyinə təqdim edilməsindən ötrü AMDP-nin mövcudluğunu qeydə almaqdır.

Eyniadlı partiya 1993-cü ildə Azərbaycanda o vaxtkı daxili işlər naziri İsgəndər Həmidov tərəfindən yaradılmışdı. Azərbaycan “Boz qurdları” Birinci Qarabağ müharibəsi illərində fəal döyüşüblər. Hazırda AMDP özünü İsgəndər Həmidovun partiyasının ideyasının davamçısı hesab edir.

Konfrans iştirakçıları deyiblər ki, partiya bir gün olsun belə fəallığını dayandırmayıb və prinsiplərini dəyişməyib. Ancaq milli-demokratlar seçkilərdə iştirak etməyiblər və kütləvi aksiyalar keçirməyiblər. 

Azərbaycanlı “Boz qurdlar” özlərini Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) həmfikirləri hesab edirlər. 

Bəs onlar nədən məhz indi aktiv siyasətə  qayıtmağa qərar verdilər? Partiyada partiyanın veteran üzvlərindən kimlər var? 

“Siyasi partiyalar haqqında” yeni qanunun qəbulundan sonra partiyaların qeydə alınması üçün müəyyən yeni şərtlər var. Bu şərtləri yerinə yetirmək imkanları varmı? Məlumatlara görə, ölkədə bu il həm də parlament seçkilərinin keçirilməsi gözlənilir.  AMDP-nin məhz bu ərəfədə təsis edilməsində hədəf parlament seçkilərində iştirak etməkdirmi?

Mərhum İsgəndər Həmidovun zamanında AMDP-nin adının yanında həm də “Boz qurd” partiyası qeydi olurdu. Bundan sonra da belə olacaqmı?

AMDP Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Qələndər Muxtarlı “Yeni Müsavat”a bildirdi ki, AMDP-nin siyasi fəaliyyəti daim olub: “Hazırda Azərbaycanın üzbəüz olduğu geosiyasi reallıqlarda dövlətimizin və millətimizin yanında olmaya bilmərik. Milli Demokrat Partiyasının Azərbaycanın ərazi bütövlüyü uğrunda çox böyük əziyyətləri, mübarizəsi olub. Bu partiya vətən torpaqları uğrunda yüzlərlə şəhid verən partiyadır. Bu partiyada şəhid ailəsi olmayan, qazi olmayan, müharibə veteranı olmayan üzvlərin sayı azdır. Üzvlərimiz əsasən qeyd etdiyim kateqoriyadan olan mübarizə yoldaşlarımızdır. Partiyanınn 98 faizi bu cür insanlardan ibarətdir. Odur ki, Azərbaycan Milli Demokrat Partiyası torpaqlarımızın azad edilməsindən sonrakı dövrdə də qarşıda dayanan çağırışlarda dövlətə, millətə xidmət etmək qərarındadır. Bunu özümüz üçün növbəti mərhələdə görəv hesab edirik. Partiyamız xalq hərəkatından çıxmış partiyadır və bünövrəsi var. 56 rayon təşkilatımız bu günə qədər mövcudluğunu saxlayır. Bizim minlərlə tərəfdarımız var. Biz İkinci Qarabağ savaşında Ali Baş Komandan İlham Əliyevin apardığı siyasəti tam dəstəkləmişik. Bu barədə bəyanatımız  çap olunub. Eləcə də ötən ilin sentyabrında antiterror tədbirləri zamanı da dövlətimizin yanında dayandığımızı bəyan etmişik. Partiya dövlət maraqlarını, milli maraqları həmişə öndə tutduğu kimi bundan sonra da öndə tutacaq”.

Q.Muxtarlı qeyd etdi ki, partiyanın tanınmış üzvləri bu gün də birgə fəaliyyətdədir. Hətta keçən ilə qədər fəaliyyət göstərmiş Azad Azərbaycan Partiyasının sədri Həsən Həsənov, Demokratik Dəyişim Partiyasının sədri Əli Mustafayev və ətrafındakı hüquqşünaslardan olan böyük bir qrup Azərbaycan Milli Demokrat Partiyasında birləşiblər: “Ötən həftə keçirdiyimiz konfransda iştirak edirdilər. Həqiqi mənada milliyyətçi cameəni təmsil eləyən bir çox qüvvələr AMDP-də birləşib. Ölkənin siyasi reallıqları bir az fərqli olduğuna görə mən hər kəsin adını çəkməyi hələlik münasib bilmirəm. Biz birlik ideyasını əsas götürürük. Milli demokratik məfkurənin təmsilçilərini biraraya yığmaq niyyətimiz var. Biz sözün həqiqi mənasında xalqın mənafeyinə xidmət eləyən müxalifətə çevrilmək istəyirik. 

Azərbaycan Milli Demokrat-Boz Qurd Partiyasının qeydiyyatı ləğv olunduqdan və lideri İsgəndər Həmidov həbs olunduqdan sonra da partiya fəaliyyətini davam etdirib.

Ötən il qüvvəyə minən “Siyasi Partiyalar haqqında” Qanun yeni reallıqlar və tələblər ortaya çıxarıb. Bu qanunun mütərəqqi tərəfləri də çoxdur, Azərbaycan reallıqları ilə düz gəlməyən məqamları da var. Amma hər bir halda, qanun artıq qüvvəyə minib və biz ona uyğun davranmalıyıq. Ona görə də biz 55 nəfərin iştirakı ilə ötən həftə təsis konfransını keçirdik. Qanunun tələbləri nədirsə, ona uyğun bütün sənədləşməni hazırladıq. Biz Azərbaycan Milli Demokrat Partiyasının adını saxladıq və hesab etdik ki, dövlət qeydiyyatına alınmış bir partiya kimi fəaliyyət göstərməyə haqqı var. Qurultayımızı keçirəcəyik və dövlət qeydiyyatına alınmaq üçün lazım olan bütün sənədləri təqdim edəcəyik. İnanırıq ki, dövlət qeydiyyatına alınacağıq".

Q.Muxtarlının sözlərinə görə, milli demokratik platformasında birləşən insanların əsas hədəfi ölkəmizdə siyasi mübarizənin, siyasi islahatların parlament mübarizəsi ilə həyata keçirilməsidir. Ona görə də AMDP parlamentə düşməyi hədəfləyir, parlamentə çox ciddi bir fraksiya şəklində daxil olmağı düşünür: “Gələcəkdə, məsələn, proporsional seçki sistemi tətbiq olunacaqsa, proporsional qayda ilə tutaq ki, 50 deputat seçilməli olacaqsa, biz 50 namizədlə iştirak edəcəyik. Bu potensialımız var. Əminik ki, bizim ciddi uğurumuz olacaq. Bizim partiyada təsadüfi adamlar yoxdur. Bütün dövrlərdə sınaqdan ləyaqətlə çıxan insanlar buradadır.  

Rəhmətlik İsgəndər Həmidovun dövründə partiyanın adının yanında Boz Qurd ifadəsi qeyd olunurdu. Hazırda isə sadəcə Azərbaycan Milli Demokrat Partiyasıdır.  Partiyamızın ölkədə siyasi islahatlara dair konsepsiyası var. Biz həmin təkliflərimizi də təqdim edəcəyik. Hesab edirik ki, təklifərimiz hakimiyyət tərəfindən normal qarşılanacaq".  

Etibar SEYİDAĞA,,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR