Onlayn ictimai-siyasi qəzet
Adətən belə deyirlər ki, çox hadisələr “siyasiləşəndə” mənasını, hətta təsirini bir azacıq dəyişir. Onlar bunsuz – “siyasətsiz” daha mənalı, hətta təsirli olurlar.
Bu mənada bu son günlərdə Moskva vilayətində törədilən böyük terror hadisəsi də istisna olmadı.
Bəli, həqiqətən də müdhiş hadisə idi - biz bu sətirləri yazanda artıq 143 nəfərin dünyasını dəyişdiyi deyilirdi!
Daha sonra bildirildi ki, Rusiya FTX prezidentə məlumat verib ki, terrorla bağlı on bir nəfər saxlanılıb ki, bunların da dördü bilavasitə terror hadisəsində iştirak etməkdə təqsirli bilinir...
O ki qaldı bu terrorun icraçılarına və sifarişçilərinə, hələlik icraçılarla bağlı yəqinlik qismən çoxdur – onların tacik dini ekstremistləri olduğu deyilir. Sifarişçilərə və baş icraçılara gəldikdə isə, lap əvvəlcə İŞİD-in adı çəkildi. Adətən belə hallarda böyük terror təşkilatları bəyanat verərək məsuliyyəti öz boyunlarına götürürlər, amma biz bu sətirləri yazana qədər İŞİD-dən belə bəyanat səslənməmişdi, əksinə Rusiya rəsmi dairələri passiv şəkildə olsa da, hadisəni Ukraynaya tərəf yönəltməyə cəhd edir, hətta terrorçuların guya Ukrayna ilə müəyyən “kontakt”larının olduğunu deyirdi.
Səmimi şəkildə desək, biz də etiraf edirik ki, əvvəldə bu ssenarini istisna etmirdik. Ona görə ki, rus F.M.Dostoyevskinin məşhur bir deyimi vardı ki, əgər Allah yoxdursa, hər şey icazəlidir! Ədalətsiz, haqqa-hüquqa zidd müharibədə də hər şey itir, yox olur, hətta Tanrının özü də!
Üçüncü ildir davam edən Ukrayna-Rusiya müharibəsi də bu qəbildəndir – bu savaş faktiki olaraq 2014-cü ildən başlayıb və hələ də məlum deyil ki, Moskva bu Ukrayna xalqından nə istəyir?!.
Axı nə olsun ki, onlar - ukraynalılar da ruslar kimi slavyandırlar?!. Bu xalq Rusiya ilə birlikdə olmaq istəmir!..
İndi nə olsun ki, 1654-cü ildə bir Boqdan Xmelnitski olub və o, “Əbədi olaraq Rusiya ilə birlikdə!” deyib?!.
Ona görə də nə qədər çətin və ağrılı olsa da, “Terror aktını Ukrayna törədib!” desəydilər belə, biz buna da təəccüblənməzdik. Amma Ukrayna rəsmiləri dərhal bəyanat verdilər ki, onların ölkəsinin bunda heç bir iştirakı və əli yoxdur, çünki onlar Rusiya ilə məsələni döyüş meydanlarında həll etməyə çalışırlar...
Etiraf edək ki, biz bu bəyanatlara inandıq, ona görə ki, Ukrayna millətçiləri ötən əsrin sonlarından təkrar və hətta yeni mübarizəyə başlayıblar, amma bu vaxta qədər heç kim onların haradasa terror aktı törətdiyini deməyib. Odur ki, Rusiyanın təhlükəsizlik xidmətləri sifarişçinin və baş icraçının kim olduğunu müəyyən etmək üçün hələ çox dəqiqləşmələr aparmalıdır, hərçənd, Qərb dairələri də məsələni İŞİD-ə tərəf yönəltməyə daha çox cəhd edirlər. Amma sual qalır: hətta belə olsa, İŞİD hansı rolda çıxış edibdir; icraçı, yoxsa həm də sifarişçi qismində?..
Terrorun prezident seçkisindən az müddət keçdiyi bir dövrə təsadüf etməsi də az sual, hətta ehtimallar doğurmur. Çox maraqlıdır ki, seçkinin getdiyi günlər ərzində Rusiya vətəndaşlarının özləri kiçik “terror aktları” törətməyə cəhd etmişdi, hətta bəzi yerlərdə və məntəqələrdə bu cür kiçik “aksiyalar” baş tutmuşdu.
O ki qaldı bunun Vladimir Putinin növbəti dəfə prezident olması ilə təxminən eyni vaxt təsadüf etməsinə, xatırladaq ki, onun böyük siyasətə yolu da “böyük terrorla” mübasizədən başlamışdı - əlbəttə, çeçenlərin mücadiləsini terror adlandırmaq mümkündürsə! Amma o da var ki, son illərdə çeçen mücahidləri də terroru əsas mübarizə üsullarından biri kimi seçmişdilər. O vaxt V.Putin baş nazir idi və o, qısa müddətdə Çeçenistan müstəvisində ciddi dəyişiklik yarada bilmişdi. Təvazökarlıqdan uzaq olsa da, o vaxt yazmışdıq ki, Rusiyanın hakim siyasi elitası yaranmış dönüşdən özünün maraqları üçün istifadə edəcək. Belə də oldu, tez bir zamanda B.Yeltsin istefaya göndərildi, hakimiyyətə V. Putin gəldi....
Baş vermiş terror hadisənin mümkün siyasi nəticələrilə bağlı da təxminlər qurmaq elə də çətin məsələ deyil: terror böyük hesabla heç nəyi dəyişmir! Bunu dünyadakı terror hadisələrinin böyük tarixi bir tərəfə, elə Rusiyanın özünün də bir neçə yüz illik təcrübəsi də göstərir- terror mövcud rejimləri daha da sərtləşdirir. Siyasi fərdlərə gəldikdə isə, elə Rusiyanın özündə bir çarı öldürürdülər, yerinə bir başqası gəlirdi...
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ