İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük oyun başlayır - Bakı və Ankaraya qarşı plan

Azərbaycanı və Türkiyəni Orta dəhlizdən çıxdaş etmək istəyənlərin məkrli addımlarını necə pozmaq olar? - şərh

Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan üç Mərkəzi Asiya ölkəsi - Qazaxıstan, Qırğızıstan və Özbəkistanın, həmçinin qurumda müşahidəçi olan Türkmənistanın Şimali Kipr Türk Cümhuriyyəti əleyhinə qərarı Rusiya mediasının da diqqət yetirdiyi mövzulardan biridir. Musavat.com xəbər verir ki, bu dəfə “Svobodnaya Pressa” bu mövzu haqda geniş məqalə dərc edib.

“Hamı bilirdi ki, Ankara 2022-ci ilin sonunda Səmərqənddə keçirilən TDT sammitində Şimali Kipr Türk Cümhuriyyətini müşahidəçilər siyahısına daxil etməyə çalışıb. Lakin bu cəhdin qarşısı Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev tərəfindən alınıb və o, "ərazi bütövlüyü prinsipinə çox ciddi yanaşdığını" bəyan edib. Həmin vaxt Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bitərəf qalıb və bu respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, “Şimali Kiprin müstəqil dövlət kimi tanınmasından söhbət gedə bilməz” - nəşr yazır.

O da bildirilir ki, qərarın qəbul edilməsində rolu olan “Avropa İttifaqının Ankaraya atdığı atəş”ə Türkiyə rəsmi münasibət bildirməyib, ancaq ekspert qiymətləndirmələri ilə cavab verib. Türkiyəli tarixçi İlbər Ortaylının fikrincə, rəsmi Ankaranı Orta Asiyadan Rusiya, Çin və ya İran deyil, “Osmanlıların varisləri ilə qucaqlaşmaq” istəməyən türk dövlətləri sıxışdırır.

Bununla bağlı konspiroloqlar Britaniya kəşfiyyatı MI6-nın rəhbəri Riçard Mur tərəfindən irəli sürülən “Böyük Turan” layihəsinin uğursuzluğuna işarə edirlər. Son illər hətta türk hərbi-siyasi ittifaqının yaradılmasının əlamətləri görünsə də, hər hansı əsaslı nəticə çıxarmaq hələ tezdir.

Mİ6-nın rəhbəri rusları müharibəni bitirmək üçün kəşfiyyatla birləşməyə  çağırıb » Missiya.az

Türkiyənin “Daily Sabah” nəşri Mərkəzi Asiyanın Rusiya, Türkiyə, Avropa İttifaqı, ABŞ və Çin arasında rəqabət meydanına çevrilməsini təhlil edib. Təhlildə bildirilir ki, region ölkələrində qərarların qəbulunda türk həmrəyliyinin deyil, iqtisadiyyatının hakim olacağına işarə edir.

Amerikalı ekspert Uolter Rassel Midin isə qeyd edir ki, region ölkələrinin xarici siyasətində iqtisadi praqmatizm, yerli etnik vətənpərvərlik və ağıllı realizmə doğru dəyişmənin şahidi oluruq. Eyni zamanda Aİ ilə Çinin “Bir kəmər, bir yol” təşəbbüsü arasında bu maraqlar cığırında ittifaq yarana bilər ki, bu da Türkiyə ilə birgə Azərbaycanı deyil, Mərkəzi Asiyanı təlatümlü Yaxın Şərqdən yan keçərək dünya bazarlarında əsas tranzit dəhlizinə çevirə bilər.

“Alyanslar dəyişir və Mərkəzi Asiya ölkələrinin yalnız Türkiyə üzərində təsbit edilməsi onların geniş manevr imkanlarını azaldır. Beləliklə, regionda yeni "böyük oyun" başlayır" - nəşr əlavə edib.

Söhbət heç şübhəsiz, dəhlizin İran və Ermənistan vasitəsilə Avropaya çıxışından gedir. Bakı və Ankara bu oyunu necə poza bilər? Orta Asiya türk dövlətləri üçün doğrudanmı Turan birliyi arxa plana keçir?

Azər Hüseynov 

AĞ Partiya sədrinin müavini, politoloq Azər Hüseynov “Yeni Müsavat”a deyib ki, son illər TDT-nin fəallaşması, Azərbaycanın və Türkiyənin bu platformada liderlik rolu oynamağa çalışması “Turan” ideyasını yenidən gündəmə gətirib: “Bu ideya yalnız romantik mədəni birlik təsəvvürü deyil, həm də geosiyasi, strateji və iqtisadi baxımdan ciddi bir layihədir. Azərbaycan və Türkiyə, tarix və dil ortaq məxrəclərindən çıxış edərək, öz aralarında və Mərkəzi Asiya türk dövlətləri ilə inteqrasiya səviyyəsini artırmağa çalışırlar. Məqsəd - Rusiya, Çin, Qərb kimi qlobal güclər arasında balans yaratmaq və Türk dünyasını öz maraqlarını qoruyacaq bir güc mərkəzinə çevirməkdir”.

Onun fikrincə, bu təşəbbüslərin ilk mərhələsində - xüsusilə Qarabağ Zəfərindən sonra - Mərkəzi Asiya ölkələrindən müəyyən pozitiv siqnallar alındı: “Lakin sonrakı proseslər göstərdi ki, bu dövlətlərin "Turan"a münasibəti daha çox praqmatik və ehtiyatlılıqdır. Bu ehtiyatlı yanaşmanın səbəbləri həm tarixi, həm də cari geosiyasi reallıqlarla bağlıdır. Bu ölkələrin böyük əhalisi hələ də Rusiyadan asılıdır. Təkcə Qırğızıstanda miqrantların göndərdiyi vəsaitlər ümumi daxili məhsulun 30 faizini təşkil edir. Özbəkistan və Tacikistan üçün də vəziyyət eynidir. Bu maliyyə axınları bu ölkələrin sosial sabitliyinin təminatçısıdır. Bu baxımdan, Rusiyanın iqtisadi vəziyyəti bu ölkələr üçün həyati əhəmiyyət daşıyır. Bu səbəbdən Moskvanın maraqları ilə açıq şəkildə toqquşmaq istəmirlər".

Ekspertə görə, ikinci mühüm aktor isə Çindir: “Çin regionda yalnız investor deyil, eyni zamanda siyasi-strateji təsir imkanlarını genişləndirən bir qüvvədir. "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Çin Qazaxıstan və Özbəkistan kimi ölkələrdə milyardlarla dollarlıq layihələr həyata keçirir. Bu layihələr həm infrastrukturun modernləşdirilməsinə, həm də Çinin iqtisadi hegemonluğunun güclənməsinə xidmət edir. Çin eyni zamanda yumşaq güc alətləri ilə - təhsil, mədəniyyət və texnologiya sahələrində də bu ölkələrə nüfuz edir. Özbəkistanın və Tacikistanın Çinə olan borcları ildən-ilə artır. Bu isə region dövlətlərini Pekinlə münasibətlərdə daha ehtiyatlı davranmağa məcbur edir. Hətta bir sıra hallarda bu asılılıq onların Türkiyə ilə açıq strateji əməkdaşlığa girməsinə maneə yaradır".

Politoloq Şimali Kipr məsələsinin türk həmrəyliyinin bir testi olmasından da söz açdı: “TDT daxilində yaşanan son böhranlardan biri də Şimali Kipr Türk Cümhuriyyətinin müşahidəçi statusunun təşkilatda tanınması məsələsi oldu. Türkiyənin bu təşəbbüsünə Qazaxıstan və Özbəkistanın ehtiyatlı yanaşması suallar doğurdu. Qazaxıstan Prezidenti Tokayevin "ərazi bütövlüyü" prinsipinə vurğu etməsi və Özbəkistanın neytral mövqeyi əslində təkcə Kiprlə bağlı deyildi. Bu, həm də onların daxili ərazi problemləri - məsələn, Qaraqalpaq muxtariyyəti və Oş bölgəsindəki etnik gərginliklərlə əlaqədar idi. Bu ölkələr düşünür ki, Şimali Kipri tanımaqla sabah öz ərazilərində separatizmin beynəlxalq müstəvidə müdafiəsinə şərait yarada bilərlər. Rusiya mediası bu mövzunu xüsusi diqqətlə işıqlandırır. “Svobodnaya Pressa” kimi platformalar bu məsələləri qabartmaqla, həm TDT daxilindəki gərginlikləri vurğulayır, həm də Moskvaya sadiq türk dövlətlərinə jest edir. Kreml açıq şəkildə göstərir ki, bu bölgədəki inteqrasiyaları nəzarətsiz buraxmayacaq və onların yönünü istədiyi məcrada saxlamağa çalışacaq. Yəni “böyük oyun” təkcə Qərb və Rusiya arasında deyil, artıq türk dövlətlərinin daxilində də oynanılır. Bu gün Bakı və Ankara Orta dəhlizin əsas təminatçılarıdır. Bu dəhliz - Çin və Mərkəzi Asiyanı Avropaya bağlayan ən təhlükəsiz və sürətli yoldur. Lakin bu dəhlizin tam gücü ilə işləməsi üçün real logistik imkanlar da artırılmalıdır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR