İnsanlara hürriyət, millətlərə istiqlal!

Boris Consondan Avropaya: Tramp sizi sadəcə şoka salmaq istəyir

Böyük Britaniyanın sabiq baş naziri, Trampın ən sadiq və yaxın dostu Boris Conson Avropa liderlərini ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı son açıqlamalarını həddindən artıq ciddi qəbul etməməyə çağırıb.

Musavat.com xatırladır ki, Tramp bu həftə Ukrayna Prezidenti Volodimir Zelenskini zəif danışıqlar aparmaqda və “son dərəcə bacarıqsız” olmaqda günahlandırıb, onun reytinqləri barədə yanlış məlumat verib və 2022-ci ildə Rusiyanın Ukraynaya tammiqyaslı işğalına görə Kiyevi günahlandırmağa çalışıb. Bütün bunlar ABŞ və Rusiyanın Ukraynanın iştirakı olmadan müharibənin bitməsi ilə bağlı birbaşa danışıqlara başlamasından sonra baş verib.

Boris Conson isə Trampın bəzi iddialarına qarşı çıxaraq, Avropa ölkələrinin bunları ciddiyə almaqdansa, danışıqlar strategiyasının bir hissəsi kimi görməli olduğunu bildirib. Sabiq baş nazir “X” platformasında yazıb:

“Biz Avropalılar nə vaxt Trampın dediklərinə təəccüblənməkdən əl çəkib, bu müharibəni bitirmək üçün ona kömək etməyə başlayacağıq? Əlbəttə ki, Ukrayna bu müharibəni başlamayıb. Elə bil ki, Amerika Yaponiyaya Pörl Harborda hücum edib. Əlbəttə ki, zorakılıqla işğala məruz qalan bir ölkədə seçki keçirmək qeyri-mümkündür. 1935-1945-ci illər arasında Böyük Britaniyada da ümumi seçki keçirilməmişdi. Əlbəttə ki, Zelenskinin reytinqi 4 faiz deyil, əslində Trampın reytinqi qədərdir.”

Boris Conson əlavə edib ki, Trampın açıqlamaları tarixi dəqiqlik məqsədi daşımır, sadəcə Avropanı hərəkətə keçməyə vadar etmək üçündür.

Qeyd edək ki, Conson baş nazir postundan gedəndən sonra ABŞ-dakı Respublikaçılar Partiyası liderləri ilə əlaqələrini davam etdirərək, onların Ukraynaya dəstəyini qoruyub saxlamağa çağırıb. O, Tramp ilə Ukrayna məsələsini müzakirə edib və Respublikaçıların qurultayında ABŞ prezidentilə görüşüb.

Keçən həftə Boris Conson Avropa liderlərini ABŞ-Rusiya danışıqlarına “dəli toyuq kimi” reaksiya verməkdə ittiham edərək, onların daha sərt addımlar atmalı olduqlarını bildirib.

Sabiq baş nazir Trampın bu məsələyə müdaxiləsinin Avropanı dondurulmuş Rusiya aktivlərini açaraq Ukraynaya maliyyə yardımı göstərməyə və ABŞ-ın dəstəyini kompensasiya etməyə sövq etməli olduğunu vurğulayıb:

“Niyə Avropa Putinin pullarının açılmasına və Ukraynaya xərclənməsinə mane olur?” – deyə o, sual edib.

Qaynaq bu linkdə: https://www.politico.eu/article/boris-johnson-europe-donald-trump-shock/

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

21 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR