Onlayn ictimai-siyasi qəzet
Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev XII Qlobal Bakı Forumu çərçivəsində Musavat.com-un suallarını cavablandırıb.
-Bolqarıstanın qlobal forumlardan gözləntisi nədir?
-Azərbaycanda özümü Vətəndəki kimi hiss edirəm. Bolqarıstan Azərbaycanın strateji tərəfdaşıdır. Azərbaycan bizim üçün çox önəmli ölkədir. Hər iki ölkə sülh istəyir, qlobal institutlarla birgə sülhün əldə olunması üçün çalışır. Biz yaşıl enerji, nəqliyyat, neft və qaz dəhlizlərinin yaradılmasını istəyirik, Rusiya kimi silahlanmaq istəmirik. Buna görə də burada olmaqdan məmnunuq. Ənənəvi keçirilən Qlobal Bakı Forumu hər kəsin forumudur. Səsimizin eşidiləcəyinə inanırıq.
-Sizcə bugünkü müzakirələrdə hansı mövzuların daha tez zamanda həlli gözləniləndir?
-Hazırda qlobal güclər bir-birinə qarşı mübarizə aparır. Bu, dünyada qeyri-sabitlik yaradır. Böhran, münaqişələr, qaçqınların sayı rekord səviyyəyə çatıb. Bizim Bakı ilə bağlı ümidlərimiz var. Vacib məsələlərlə bağlı müzakirələr aparmaqla konsensusa gələ bilərik.
Biz doğru yoldayıq. Burada Çin, Avropa, Mərkəzi Asiya, Afrikadan nümayəndələr iştirak edir. Birgə dialoq yolu ilə həllər tapa bilərik. Fikrimcə, dialoq yeganə yoldur.
-Mövcud problemlər fonunda BMT-nin funksionallığını necə dəyərləndirirsiniz?
-BMT böhran vəziyyətindədir. BMT-nin əsas institutları yalnız problemlərdən danışırlar. Donald Trampın Ümumdünya Səhiyyə Təşkilatından çıxması ilə bağlı danışmaq istəyirəm. Bu, Afrikada insanların həyatının və sağlamlığının qorunması üçün zəruri olan dərman vasitələrinin əldə olunmasına maneələr yaradır. Buna görə də BMT-nin güclənməsinə ehtiyac var.
-Azərbaycanın qlobal dünyadakı mövqeyini necə dəyərləndirirsiniz?
-Azərbaycan ortaya gözəl nümunə qoyub. Azərbaycan daim dialoq, qarşılıqlı anlaşma və problemlərin birgə həlli istiqamətində çalışır. Uğur kollektiv çalışma ilə mümkündür. Biz Qafqaz regionunda nəqliyyat, logistika və sülhün əldə olunması istiqamətlərində fəaliyyətin genişləndirilməsinə çalışmalıyıq. Bu, Cənub-Şərqi Avropa üçün də keçərlidir. Azərbaycan bu istiqamətdə çox böyük rol oynayır. COP29-da dünyanın hər yerindən 75 mindən çox qonaq Azərbaycana konsensus yollarını axtarmağa gəlmişdi. Bütün qlobal tədbirlərə görə Azərbaycana və xüsusilə fəal iştiraka görə mediaya təşəkkür edirəm.
Nigar HƏSƏNLİ,
Musavat com
15 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ