İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT hakerləri düşmən elan etdi - Azərbaycan da bunu istəyirdi

Əfsər Sadıqov: “Kibercinayətkarların təqibi baxımından bu konvensiya əhəmiyyətli olacaq”

BMT Baş Assambleyası 24 dekabr 2024-cü ildə “Kibercinayətkarlığa qarşı BMT Konvensiyası”nı qəbul edib. Bu, kibercinayətkarlıqla mübarizə aparmaq və cəmiyyətləri rəqəmsal təhdidlərdən qorumaq məqsədi daşıyan əlamətdar qlobal müqavilədir.

Hüquqi cəhətdən məcburi olan konvensiya BMT-yə üzv dövlətlərin beşillik səylərinin nəticəsi olaraq qəbul edilib. Bu prosesdə habelə vətəndaş cəmiyyətləri, informasiya təhlükəsizliyi mütəxəssisləri, akademiklər və özəl sektor nümayəndələri iştirak ediblər.

BMT-nin Baş katibi Antonio Quterreş konvensiyanın qəbul edilməsini alqışlayaraq konvensiyanın “son 20 ildə müzakirə edilən ilk beynəlxalq cinayət ədaləti müqaviləsi” olduğunu qeyd edib. 

Baş katib bildirib ki, “yeni müqavilə təhlükəsiz kiberməkanın təşviqinə xidmət edəcək və bütün dövlətləri konvensiyaya qoşulmağa və onu müvafiq maraqlı tərəflərlə əməkdaşlıq şəklində həyata keçirməyə çağırır”. 

Qeyd edək ki, Beynəlxalq Konvensiyanın hazırlanması üzrə “Ad Hoc” Komitənin bu il BMT-nin Nyu-York şəhərindəki Baş Qərargahında keçirilmiş yekun sessiyasında ölkəmizi Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Xarici İşlər Nazirliyinin əməkdaşlarından ibarət Azərbaycan nümayəndə heyəti təmsil edib. 

Ötən müddət ərzində Azərbaycan nümayəndə heyəti informasiya və kommunikasiya texnologiyaları vasitəsilə törədilən cinayət əməllərinin kriminallaşdırılması, beynəlxalq hüquqi və texniki yardım öhdəlikləri, elektron sübutların mühafizəsi, toplanılması və təqdim olunmasına dair beynəlxalq əməkdaşlıqla bağlı prinsipial hesab edilən məsələlərə dair müvafiq təkliflər verib və komitə tərəfindən Azərbaycan tərəfinin təqdim etdiyi bütün təkliflər qəbul edilərək yekun konvensiya layihəsinin mətnində öz əksini tapıb. Kibercinayətkarlığa qarşı BMT Konvensiyası yeni əsrin konvensiyası hesab edilir.

Nəzərə çatdıraq ki, kibercinayətkarlığa qarşı mübarizədə bir sıra mühüm problemlər mövcuddur. Bu problemlər, həm dövlətlərarası əməkdaşlıq, həm də texnoloji inkişafın sürətinə paralel olaraq hüquqi və təhlükəsizlik sahəsindəki boşluqların yaranmasından irəli gəlir. Kibercinayətkarlıq çox vaxt beynəlxalq səviyyədə baş verir və cinayətin törədildiyi ölkə ilə cinayətin təsir etdiyi ölkələr arasında hüquqi boşluqlar yaradır. Fərqli ölkələrdə hüquqi yanaşmalar, qanunlar və müvafiq standartlar fərqləndiyi üçün kibercinayətin təqibi, araşdırılması və sübutların təqdim edilməsi çətinləşir. Texnologiyanın sürətlə inkişaf etməsi isə kibercinayətkarların yeni metodlardan istifadə etməsinə səbəb olub. Yeni təhdidlər və kibercinayətkarların davamlı olaraq inkişaf edən strategiyaları ilə hüquq-mühafizə orqanlarının ayaqlaşması çətinləşir. Eyni zamanda kibertəhlükəsizlik infrastrukturları da hər zaman müasir texnologiya ilə əlaqədar təhdidlərlə mübarizə aparma səviyyəsində olmur. Hər bir dövlətin öz hüquqi sistemi və qanunları olduğundan, kibercinayətlərin təqibi və hüquqi məsuliyyətlər arasında tutarsızlıqlar yaranır. Bir çox dövlət kibercinayətləri ciddi cinayətlər olaraq qəbul etməyə və cəzalandırmağa başladığı halda, başqa ölkələr hələ də müvafiq qanunvericiliyi qəbul etməyib və bu da beynəlxalq əməkdaşlığı çətinləşdirir. Elektron sübutların əldə edilməsi və onların məhkəmələrdə qanuni şəkildə qəbul edilməsi çox vaxt çətin olur. Kibercinayətin izlərinin itirilməsi, məlumatların şifrələnməsi və yüksək texnologiyalı metodlarla cinayətkarların anonim olaraq fəaliyyət göstərməsi sübutların toplanmasını daha da mürəkkəbləşdirir. Ekspertlər qeyd edir ki, kibercinayətkarlığın qarşısının alınması üçün toplanan məlumatlar, o cümlədən şəxsi və maliyyə məlumatları, müvafiq qanunlarla qorunmalıdır. Dövlətlərin kibertəhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi zamanı şəxsi hüquq və azadlıqların pozulması məsələsi də gündəmə gəlir. Qlobal əməkdaşlıq tələb edən kibercinayətkarlığın qarşısının alınması məsələsində fərdi dövlətlərin özlərinə məxsus fərqli maraqları və təhlükəsizlik prioritetləri olur. Koordinasiya çatışmazlığı və beynəlxalq standartların tətbiqi prosesində qarşıya çıxan məsələlər effektiv mübarizə aparmağı çətinləşdirir. İnternet sərhədləri keçən və dünyada hər hansı bir regiondan asılı olmayan bir kiberməkandır. Bu sərhədsizlik kibercinayətkarlığa qarşı mübarizəni çətinləşdirir və dövlətlər üçün bir çox hüquqi suallar yaradır.

O da qeyd edilir ki, kibercinayətkarlıqla mübarizədə ixtisaslaşmış hüquq-mühafizə orqanları və mütəxəssislərin sayı hələ də azdır. Hüquq-mühafizə orqanlarının kibertəhlükəsizlik sahəsində olan bilikləri və bacarıqları da əksər hallarda yetərli olmur, çünki bu sahə sürətlə inkişaf edir. Kibercinayətkarlar müxtəlif təhdid növləri təqdim edirlər: maliyyə fırıldaqları, kiberhücumlar, identifikasiya oğurluqları, haker hücumları və sairə. Bu təhdidlərin çoxçeşidli olması, mübarizənin məqsədli və çoxsahəli şəkildə aparılmasını zəruri edir.

Bəs BMT-nin yeni konvensiyası nələri ehtiva edir, əhəmiyyəti nə dərəcədə vacibdir? 

Ermənistan cəzalandırılacaq (Əfsər Sadıqov, Hasan Oktay) - ARB24 (Gündəm)

Əfsər Sadıqov 

BDU-nun Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının professoru Əfsər Sadıqov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Birləşmiş Millətlər Təşkilatı bir çox sahələrdə universal səviyyədə beynəlxalq cinayətkarlıqla mübarizədə əhəmiyyətli rol oynaması özünü göstərir. Bu sahədə kifayət qədər beynəlxalq müqavilə, norma və digər standartlar qəbul edilib. Bu gün də yeni bir konvensiyanın ərsəyə gətirilməsində, xüsusən də kibercinayətkarlıqla mübarizədə BMT-nin rolu yenə də özünü göstərdi. Bu gün dünya əhalisinin 67-70%-ə yaxını internet resurslarından sərbəst istifadə edə bilirlər. Bu internet resurslarından istifadə də nə qədər mütərəqqi istiqamətə malik olsa da, eyni zamanda müəyyən təhdidlər yaratmaqdadır. Məhz bu təhdidlərin qarşısının alınması üçün ayrı-ayrı dövlətlərin fərdi tədbirləri yetərli olmurdu. Bunların kompleks səviyyədə həlli üçün də universal səviyyədə, bu dövlətlərin birgə fəaliyyət göstərəcəyi bir standartın ortaya gəlməsi lazım idi. Bunu da BMT məclisi çərçivəsində qəbul olunan konvensiya ilə buna nail olmağa çalışacaq. Xüsusən də konvensiyada nəzərdə tutulan əsas məsələlərdən biri hakerlərin, daha sonra müxtəlif sahədəki kibercinayətkarların cinayətlərinə qarşı birgə əməkdaşlığı təşkil etmək, bu sahədə əməkdaşlığı həyata keçirmək üçün müəyyən o, yurisdiksiyanın uzlaşdırılması, elektron sübutların əldə olunması, qiymətləndirilməsi və kibercinayətkarların təqibi baxımından bu konvensiyaya əhəmiyyətli olacaq. Bu sahədə dövlətlərin daxili cinayət qanunvericiliyinin, digər normativ hüquqi aktların uzlaşdırılması baxımından əhəmiyyətlidir. O cümlədən kiber məkanında qurbanların hüquqlarının müdafiəsi, vurulmuş zərərin kompensasiyası, eləcə də restitusiyası, həmçinin sıradan çıxarılan kontentlərin bərpası istiqamətində əhəmiyyətli olacaq. Burada əldə olunmuş sübutların, yəni kimə qarşı cinayət törədilibsə onların yurisdiksiyasına ötürmək və orada məhkəmə orqanlarının təqibini təşkil etmək baxımdan da bu konvensiya əhəmiyyətli olacaq. Ayrı-ayrı dövlətlərin bu sahədəki fərdi fəaliyyətindəki problemlər qlobal əməkdaşlıqla bu problemin aradan qaldırılması istiqamətində olacaq. Konvensiya bu istiqamətdə bütün dövlətlər üçün vahid hüquqi məkanın formalaşmasında irəliyə doğru atılmış addımdır. Burada müəyyən problemlər yenə də var, amma ümumi məsələ demək olar ki, bu istiqamətdə həll edilir”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

27 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR