Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Almaniyadakı səfiri Aleksey Makeev Münhen Təhlükəsizlik Konfransının nəticələrinə sərt reaksiya verib.
Musavat.com xəbər verir ki, o, Ukraynanın mövqeyini açıq şəkildə ifadə edərək, Rusiya ilə yalnız güc mövqeyindən danışmağın mümkün olduğunu bildirib.
“Biz artıq min gündən çoxdur ki, yatmırıq. Hər gecə hava hücumu sirenaları səslənir. Anam mənə yazır: evimizin ətrafındakı halqa daralır – burada zərbə, orada zərbə, orada isə dronlar”, – deyə Makeev Bild nəşrinə müsahibəsində qeyd edib.
Diplomat Ukraynanın beynəlxalq dəstəyə ehtiyacı olduğunu vurğulayıb:
“Bizə vasitəçilər lazım deyil, bizə müttəfiqlər lazımdır. Nə qədər çox olsa, bir o qədər yaxşıdır”, – deyə Makeev bəyan edib.
Ukrayna səfiri Avropanı daha qətiyyətli siyasətçilər yetişdirməyə çağırıb:
“Avropaya sərt mövqe tutacaq və insanlara, xüsusilə seçki kampaniyası zamanı açıq deyəcək siyasətçilər lazımdır: təhlükəsizlik olmadan heç nə mümkün deyil. Rusiya iqtisadiyyatını hərbi rejimə keçirdiyi kimi, Ukrayna da eyni şeyi edir. Burada artıq 35 saatlıq iş həftəsindən söhbət getmir”, – deyə Makeev vurğulayıb.
Səfirin bu açıqlaması Ukraynanın Qərbdən daha konkret və güclü dəstək gözlədiyini göstərir. Münhen konfransı isə bu çağırışlara yetərincə cavab verə bilməyib.
Musavat.com
22 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ