İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir milyardlıq kəmərdən bu gün su gələcəyi vədi

Oğuz-Qəbələ-Bakı su kəmərində tez-tez baş verən qəzalar və qeyri-sabit təchizat vətəndaş narazılığını artırır

Oğuz-Qəbələ-Bakı su kəmərinin 228-ci kilometrində baş verən qəzanın aradan qaldırılması işləri yekunlaşıb. Bu barədə iyunun 18-də Musavat.com-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib. Bildirilib ki, xəttin su ilə doldurulması prosesinə başlanılıb. Qəza baş vermiş xəttə borunun zədələnmiş hissəsi xüsusi texnika vasitəsilə çıxarılaraq yeni boru ilə əvəzlənib. Su sızmaların qarşısını alınması məqsədilə boruların birləşmə yerlərində möhkəmləndirmə və hidroizolyasiya işləri aparılıb.

Kəmər içməli su ilə doldurulduqdan sonra su Bakı şəhəri və Abşeron yarımadasının müvafiq anbarlarına ötürüləcək. Məhz bu prosesin ardından iyunun 20-si axşam saatlarından etibarən abonentlərin əvvəlki rejimlə su ilə təminatı həyata keçiriləcək. Qurum xüsusilə diqqətə çatdırır ki, iri həcmli magistral su kəmərlərində təmir-bərpa prosesində əsas vaxt aparan mərhələ - magistral kəmərin boşaldılması və yenidən doldurulması mərhələləridir.

Bu müddət ərzində Oğuz-Qəbələ-Bakı su kəməri ilə qidalanan ərazilərin alternativ mənbələr hesabına qrafikdən kənar su ilə təmin olunmasına çalışılır.

Bir neçə gündür vətəndaşlar su təchizatında yaranmış problemlə bağlı narazılıqlarını ifadə edirlər. Əsasən sosial media hesablarında paylaşım edən vətəndaşlar müvafiq dövlət strukturlarına müraciət edərək yüzmilyonlarla vəsaitin ayrılmasına baxmayaraq, ən çox tələbat olduğu yay mövsümündə su ilə sınağa çəkilmək barədə şikayət edirlər.

Məsələ təkcə son bir neçə gündə yaşanan çətinlik deyil. Demək olar ki, hər ay su təchizatındakı problemlərlə bağlı narazılıq ifadə edilir. İstənilən media orqanında kiçik bir araşdırma etməklə mənzərəni aydın görmək olar. Respublikanın müxtəlif rayonlarında, paytaxtda və paytaxta yaxın ərazilərdə əhalinin su ilə təminatı ilə əlaqədar çoxsaylı şikayət var. Elə bölgələr var ki, su qrafiklə verilir, yaxud ümumiyyətlə, su verilmir, əhali suyu öz vəsaiti hesabına almağa məcbur olur. Belə olan halda vətəndaşlar haqlı olaraq, milyonlarla vəsait xərcləndiyi halda, 21-ci əsrdə niyə susuz qaldıqlarını anlamırlar.

Xatırladaq ki, Oğuz-Qəbələ-Bakı su kəməri 2010-cu ildə istismara verilib. Bu layihə Azərbaycana 1 milyard dollara başa gəlib. Kəmər istismara veriləndə bəyan edilmişdi ki, paytaxt Bakının əhalisi daimi su ilə təchiz olunacaq. Lakin proseslər göstərdi ki, kəmərin istismara verilməsindən 15 il keçəndən sonra da Bakının bir çox ərazilərində daimi su yoxdur. İnsanlar sudan gündə bir neçə saat istifadə edə bilir.

Ötən ilin avqustunda da Oğuz-Qəbələ-Bakı su kəmərində qəza baş verdiyi iddia edilərək, paytaxt sakinləri günlərlə susuz qalmışdı. O zaman vətəndaşların narazılığı nəzərə alınmamışdı.

Azərbaycan Milli İstiqlal Partiyasının Sədri - Azərbaycan Milli İstiqlal  Partiyası

Arzuxan Əlizadə

Milli Məclisin deputatı Arzuxan Əlizadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Bakı şəhəri əslində 2 milyon insanın yaşaması üçün nəzərdə tutulub: “Şollar-Bakı su kəməri 1917-ci ildə istifadəyə verilsə də, həmin xətdə hər hansı qəza, yaxud nasazlıq baş verməyib. Oğuz-Qəbələ-Bakı su kəməri isə 2010-cu ildə istifadəyə verilib. Cəmi 15 ildir istifadəyə verilsə də, dəfələrlə qəza olub. Sahə mütəxəssisləri bildiriblər ki, kəmərin çəkilişdə şüşə lifli borulardan istifadə olunub. Buna görə də torpaq sürüşməsi yaxud başqa hadisə baş verdikdə boru kəmərində problem yaranır. Bu isə ciddi sual yaradır. Nəyə görə şüşə lifli borulardan istifadə olunub? Nəzərə almaq lazımdır ki, kəmərin çəkilişinə kifayət qədər böyük vəsait - 800 milyon manat xərclənib. Prezident İlham Əliyev də 2030-cu ilə qədər qlobal miqyasda su ilə bağlı ciddi problemlərin yarana biləcəyinə diqqət çəkib. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda içməli su təəssüf ki, texniki proseslərdə də istifadə olunur-maşınyuma, suvarma və s. Xəzərin suyundan ən azı texniki su kimi istifadə etmək olar. Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üçün  qurğuların tikilməsinə ehtiyac var”.

Deputat əlavə edib ki, Azərbaycanın su ehtiyatlarının təxminən 25-30 faizi işğaldan azad edilmiş ərazilərdə yerləşir: “Həmin ərazilərdə yeni su anbarları tikilib istifadəyə verilib. Odur ki, həmin ərazilərin su təchizatı məsələsi həll olunmaqdadır. Eyni zamanda mütəxəssislər işğaldan azad edilmiş ərazilərdən Bakıya alternativ su kəmərinin çəkilməsi ehtimalını gündəmə gətirirlər”.

Coğrafiya İnstitutunun hidrologiya şöbəsinin müdiri Rza Mahmudov Milli.az-a açıqlamasında bildirib ki, su qıtlığı problemi dünyanı cənginə alıb: “Su qıtlığı çoxdan başlayıb, buna səbəb keçən əsrin 60-70-ci illərində olan həyəcan təbilinin eşidilməməsinin nəticəsidir. Ölkəmizdə su ehtiyatları azdır və qıtlığın olması istisna deyil. İqlim dəyişmələri Azərbaycana təsir göstərir. Azərbaycan digər təbii ehtiyatlarla zəngin olsa da, su ehtiyatına görə dünyanın az su təminatı olan ölkələrdəndir. Ölkəmizin su ehtiyatı Cənubi Qafqazın ümumi su ehtiyatının 15 faizini təşkil eləyir. Bu gün dövlət səviyyəsində çoxsaylı tədbirlərin keçirilməsi, su anbarlarının tikilməsi birbaşa buna yönəlib ki, az təminatlı su ehtiyatı olan ölkəmizdə əhalinin suvarmaya, içməli suya, su təchizatına, şirin suya tələbatını ödəmək üçün optimal istifadə məsələləri qarşılansın”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR