Onlayn ictimai-siyasi qəzet
Paşinyan sənədin imzalanmasını böyük uğur adlandırıb; Bakının “vasitəçilərsiz danışıqlar” mövqeyi öz nəticəsini verir; ekspertlərdən ilginc açıqlamalar
Son bir ay ərzində Azərbaycan və Ermənistan arasında sayca ikinci mühüm razılaşma əldə olunub. Qazaxıstanda ikitərəfli formatda keçirilən XİN rəhbərlərinin də görüşünü əlavə etsək, Bakı ilə İrəvan arasında sülhə doğru addımların sürətində ciddi irəliləyiş əldə edildiyini söyləmək olar.
2024-cü il mayın 15-də Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin ermənistanlı həmkarı Mher Qriqoryanın sədrliyi ilə dövlət sərhədinin delimitasiyası üzrə doqquzuncu görüşü keçirilib. Görüşün gedişində komissiyalar onlar tərəfindən qəbul edilmiş 2024-cü il 19 aprel tarixli 8-ci görüşün Protokoluna uyğun olaraq görülmüş işləri müzakirə edib və Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olmuş hüquqi cəhətdən əsaslandırılan respublikalararası sərhədə uyğunlaşdırılması məqsədilə bilavasitə Bağanıs Ayrım (AR) - Bağanis (ER), Aşağı Əskipara (AR) - Voskepar (ER), Xeyrımlı (AR) - Kirants (ER) və Qızılhacılı (AR) - Berkaber (ER) yaşayış məntəqələri arasında sərhəd xəttinin hissələrinin SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə uyğun olaraq yerdəki geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla birgə tərtib olunmuş Protokol-təsvirini razılaşdırıblar.
Delimitasiya nəticəsində Azərbaycanın Bağanıs-Ayrum, Aşağı Əskipara və Xeyrimli kəndlərində üçə yaxın ev Ermənistan ərazisində qalıb. Digər tərəfdən, sərhədin demarkasiyası nəticəsində Kirants kəndində iki yaşayış binası Azərbaycan ərazisinə keçəcək.
Ermənistan hökuməti vəziyyətlə bağlı yaydığı izahatında aşağıdakı xüsusi qeydi paylaşıb: “Voskepar-Bağanis hissəsinin ən həssas məsələlərindən biri Voskepardakı Müqəddəs Astvatsatsin kilsəsi, digəri isə SSRİ-dən gələn Voskepar-Baqanis yolu ilə bağlı idi. Hər iki problem ən yaxşı şəkildə həll edildi. Yol kilsə kimi bütünlüklə Ermənistan Respublikasının ərazisində yerləşir və sərhəd xətti həm yoldan, həm də kilsədən kifayət qədər uzaqdır. Berkaberdə həssas vəziyyət olmayıb və yoxdur”.
Görüşün yekunu olaraq müvafiq protokol imzalanıb. Növbəti görüşün keçirilməsi tarixi və yeri işçi qaydada razılaşdırılacaq.
Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sərhədin bir hissəsinin delimitasiyasına dair protokolun imzalanmasını böyük uğur adlandırıb.
“Sputnik” xəbər verir ki, o, bu barədə Ermənistan hökumətinin iclasında deyib: “Protokolun Ermənistan və Azərbaycan komissiyaları tərəfindən imzalanmasını böyük uğur hesab edirəm. İlk dəfədir ki, delimitasiya olunmuş sərhədimiz var. Bu, suverenliyimizin təməl daşıdır, təhlükəsizlik səviyyəsi yüksələcək”.
Delimitasiya ilə bağlı Ermənistanı Gürcüstanla birləşdirən yolun başqa yerə köçürülməsi problemi yaranır. Bu barədə “Armenpress” agentliyinə Ermənistan baş naziri aparatının informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. (Publika.az ) Qeyd olunub ki, məsələ 2-3 aya həll oluna bilər. N-26 avtomobil yolundan Açarkut və daha sonra Kirantsa alternativ olan yol da təmir ediləcək. “Mülkiyyət məsələlərinə gəlincə, onların həcmi böyük olmayacaq və dövlət bütün bu hallarda vətəndaşların dəymiş ziyanını onların tələbi ilə əmlak və ya maliyyə vasitəsilə ödəyəcək”, - Paşinyanın ofisi bildirib.
Bildirilir ki, hökumət nümayəndələri səhər saatlarında mümkün problemlərin inventarına və Kirants sakinləri ilə müzakirələrə başlayacaqlar.
Qeyd edək ki, Ermənistanın Tavuş və Azərbaycanın Qazax rayonları arasında sərhəd xəttinin yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi üçün təyin edilən vaxt mayın 15-də başa çatdı. Yada salaq ki, bu razılaşma 2024-cü il aprelin 19-da Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevlə erməni həmkarı Mqer Qriqoryan arasında keçirilən görüşündə əldə olunmuşdu. Delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) - Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar. Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, Tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır. Razılaşdırılıb ki, Tərəflər sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə öz hökumətlərinə müraciət edəcəklər. Həmçinin razılaşdırılıb ki, delimitasiya prosesi tam başa çatana qədər Protokol-təsvirdə göstərilən sərhəd xəttinin hissələri delimitasiya edilmiş hesab olunsun. Paralel olaraq, dövlət sərhədinin delimitasiyası üzrə birgə komissiyanın əsasnamə layihəsinin razılaşdırılması üzrə işin 1 iyul 2024-cü il müddətinədək başa çatdırılması və dövlətdaxili razılaşdırmalarla bağlı razılığa gəlinib. Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. Tərəflər, həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər (əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq). Tərəflər Əsasnaməni təsdiq etdikdən sonra növbəliliyi razılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o cümlədən anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. Yəni həmin görüşdəki razılığa əsasən, Qazaxın 1992-ci ildən bəri işğal altında olan 4 kəndi - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının Azərbaycan tərəfinə qaytarılmalıdır. Qeyd edək ki, ekspert qrupları sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə 2024-cü il aprelin 23-də başlayıb. 2024-cü il mayın 6-dək 40 sərhəd dirəyi quraşdırılıb.
Erməni mediasının yaydığı məlumata görə isə Tavuşda üç məntəqədə delimitasiya prosesi dayandırılıb. “Armenia Today”ın yaydığı məlumata görə, hakim partiyanın deputatı Vahe Qalumyan Tavuşda üç mübahisəli nöqtədə Azərbaycanla sərhədin delimitasiyasının dayandırılmasının səbəbini açıqlayıb. “Tavuşda üç mübahisəli məntəqədə sərhədin delimitasiyası rayon sakinlərinin təqdim etdiyi mülkiyyət şəhadətnamələri ilə orada quraşdırılan sərhəd dirəklərinin müqayisəsi üçün dayandırılıb”, - deputat bildirib. Mayın 15-də tərəflər Tavuşla Qazax rayonları arasında dövlət sərhədlərinin dəqiqləşdirildiyinə dair müvafiq protokol imzalanyıb.
İki ölkə arasında imzalanan iki protokol və nazirlər arasındakı görüş faktı prosesin vasitəçilərsiz aparılmasının mümkünlüyü barədə Bakının mövqeyini tam gücləndirdi.
Akif Nağı
Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, protokolun imzalanması həm vasitəçisiz prosesin uğuru, həm də sülhə doğru addım kimi dəyərləndirilə bilər. Amma partiya rəhbəri hesab edir ki, Ermənistan kəndlərin qaytarılması öhdəliyinə tezliklə əməl etməlidir: “Protokol imzalandı, amma kəndlərin qaytarılması qrafikinə əməl olunmadı”. Tavuşda üç mübahisəli məntəqədə sərhədin delimitasiyası ilə bağlı ermənilərin iddialarına gəldikdə, A.Nağı bildirdi ki, bu məsələdə deyəsən, bilərəkdən erməni tərəfi bir dolaşıqlıq yaratmağa cəhd göstərir: “Biz buna imkan verməməli, onların bəhanələrinə yer qoymamalıyıq. İmkan vermək olmaz ki, kimlərinsə ”mülkiyyət şəhadətnaməsi" prosesin davamına mane olsun. İlk növbədə ermənilərin “üç mübahisəli məntəqə” dedikdə nəyi nəzərdə tutduqları aydınlaşdırılmalıdır. Bunlar artıq Azərbaycana qaytarılmasına dair razılığın əldə olunduğu dörd kənddən ücüdür, yoxsa eksklav vəziyyətinə salınmış Yuxarı Əskipara, Bərxudarlı, Sofulu kəndləridir? Belə görünür ki, ermənilər bəhanələrlə yenə vaxtı uzatmaq yolunu tutur. Ermənilərin bu manipulyasiyalarına son qoyulmalıdır. Məsələ dövlətlərarası razılaşmadan gedir. Bu razılaşma varsa, hökmən əməl olunmalıdır. Yoxsa hər dəfə kimsə yeni “şəhadətnaməsi”ni gətirəcək, proses onu araşdırmaq üçün dayandırılacaqsa, nəticə heç vaxt olmayacaq. Azərbaycan, məncə, əvvəldən Qazağın üç eksklav kəndinin məsələsini önə çəkməli idi. Bu məsələ həllini tapanda anklav və digər məsələlərin çözülməsi çox asan olardı. İndi biz ermənilərdən qoyulmuş vaxt çərçivəsinə əməl etmələrini tələb etməliyik. Onlar artıq bu rejimdən kənarda çəkilirlər. Bu, bizə imkan verir ki, yenidən eksklavların məsələsinə qayıdaq. Belə də etməliyik". Partiya sədri deyir ki, ermənilərə vaxt verməyin mənası yoxdur: “Paşinyan gündə bir fikrə düşür, dediklərindən qaçır. Onun köhnə tüfəng kimi gah irəli, gah da geriyə ”təpmələri"nin yeri deyil. Üç eksklav kəndimizə doğru həm obrazlı, həm də hərfi mənada hərəkətə başlamalıyıq. Yoxsa ermənilərin mülkiyyət şəhadətnamə - “kupça” davası bitməyəcək".
Tural İsmayılov
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov da protokolların imzalanmasını Bakının növbəti uğuru hesab edir: “Açıq-aydın təxribatlar törədilirdi. Ermənistan delimitasiya prosesindən qaçırdı”. T.İsmayılov qeyd edib ki, diqqət edilməli üç məqam var: “Birincisi, həm Brüssel bəyanatlarında, həm də Rusiya görüşlərinin yekununda delimitasiya komissiyalarının çevik işləməsi ilə bağlı qərarlar var. İkincisi, Şarl Mişel də daxil olmaqla Avropa İttifaqının bir çox siyasətçisi delimitasiya olunmadan əlaqələrin normallaşmasını mümkünsüz hesab edirlər. Üçüncüsü, Rusiya da regional kommunikasiyaların fəaliyyətə başlaması üçün delimitasiyanı vacib hesab etmişdi. Amma Ermənistan tərəfindən sistematik formada Azərbaycan ərazilərinin qəsbindən əl çəkməmək taktikası var. Bütün bunlara baxmayaraq, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın görüşlərinin tez-tez olması müstəsna əhəmiyyətə malikdir”. Politoloqun sözlərinə görə, bu günə kimi Ermənistan çox böyük “məharətlə” delimitasiya prosesinin reallaşmamasına çalışıb: “Qərbdən aldığı göstərişlərlə prosesi sabotaj etmək üçün bütün vasitələrdən istifadə edib. Burada yalnız Ermənistanın deyil, onun havadarı olan ölkələrin də çox böyük günahı var. Çünki onlar sülh məsələsinin həll olunmamasına çalışır. Buna görə də delimitasiya prosesinin geçikməsi üçün addımlar atırdılar. Eyni zamanda, bu komissiyaların işinin uzanmasına səbəb olurdular. Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsinə imkan vermirdilər. Ciddi bir irəliləyiş üçün delimitasiya komissiyasının işlərində də irəliləyiş olmalıdır. Delimitasiya komissiyasının görüşü ilə bərabər Azərbaycan və Ermənistan tərəfinin üçüncü bir ölkə olmadan təkbətək görüşləri baş verdi. Bu hadisə də çox böyük əhəmiyyətə malikdir. Hər halda bu proseslər bir qədər vaxt aparan məsələdir”.
E.PAŞASOY,
“Yeni Müsavat”
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ