İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq Qarabağ Təşkilatı və İğdır Azərbaycan Evindən MÜHÜM TƏDBİR

Beynəlxalq Qarabağ Təşkilatı və İğdır Azərbaycan Evi Türkiyənin İğdır şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirib.

Musavat.com xəbər verir ki, tədbir İğdır Azərbaycan Evində baş tutub.

İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar Azərbaycandan gəlmiş nümayəndə heyətini səmimi şəkildə salamlayıb, onların öz evlərinə gəldiklərini bildirib. Ziya bəy Azərbaycanın Xankəndi Zəfəri münasibətilə təbriklərini, xoş arzularını çatdırıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin öz ərazi bütövlüyünü tam şəkildə təmin etdiyini məmnuniyyətlə vurğulayıb. Bildirib ki, bu tarixi uğur həm də uzun illər Qarabağın azadlığı uğrunda çalışan Ümummilli Lider Heydər Əliyevin gördüyü işlərin, yorulmaz fəaliyyətin, onun uğurlu siyasətinin məntiqi nəticəsidir.

Beynəlxalq Qarabağ Təşkilatının korrdinatoru Akif Nağı səmimi qarşılanmaya, xoş diləklərə və yorulmadan Azərbaycan və Türkiyə uğrunda çalışmalarına görə Ziya Zakir Acara heyət adından təşəkkürünü bildirib. Qeyd edib ki, qardaş Türkiyəyə budəfəki səfərin Xankəndi zəfərindən sonraya təsadüf etməsi qürurlandırıcı hadisədir və əvvəlki səfərlərə bənzəməz. Akif Nağı şəhidlərimizə Uca Yaradandan rəhmət diləyib, qazilərimizə cansağlığı arzulayıb. Eyni zamanda nümayəndə heyətinə daxil olan dəyərli ağsaqqalımız şəhid atası Hacı Əkbər Rüstəmovun simasında şəhid valideynlərini də bu, böyük zəfər münasibətilə təbrik edib. A.Nağı bildirib ki, bu qələbə dövlət başçımızın da dediyi kimi, Azərbaycan xalqının birliyinin, torpaqları azad etmək uğrunda çalışmalarının məntiqi nəticəsidir. Amma heç şübhəsiz ki, burada Ali Baş Komandanın misilsiz xidmətləri var. Natiq Xankəndi zəfərinin Heydər Əliyevin 100 illik yubiley ilində əldə olunmasının özəlliyini də xüsusi vurğulayıb. Bildirdi ki, tarixi şəxsiyyətin yubiley ilində məhz 100 il bundan əvvəl Qarabağ bölgəsində oynanılmağa başlanılan təhlükəli oyunlara, muxtariyyat statusu ilə bağlı addımın atılması, Xanın kəndinin adının dəyişdirilməsi kimi qərarların üstündən məhz bu il xətt çəkilməsi ilahi ədalətin təntənəsidir. A.Nağı Heydər Əliyevin Qarabağın tam şəkildə azad olunacağına inandığını, bunu hər dəfə çıxışlarında söylədiyini, bu istiqamətdə gecə-gündüz çalışdığını və nəhayət, Azərbaycanı zəfərə cənab Prezident İlham Əliyevin çatdırdığını söyləyib.

İrəvan Komitəsinin sədri Tofiq Həsənov Ulu Öndərin xatirəsinə həsr olunmuş kitab, plakatlar və bir sıra suvenirləri təqdim edib, bu mövzuda ürək sözlərini çatdırıb. Digər iştirakçılar da tarixi şəxsiyyətlə bağlı fikirlərini bölüşdükdən sonra Heydər Əliyevin həyatı və fəaliyyətindən bəhs edən filmin nümayişi olub. Yekunda H.Əliyevin 100 illik yubileyinə həsr olunmuş suvenirlər tədbir iştirakçılarına təqdim edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR