İnsanlara hürriyət, millətlərə istiqlal!

Beynəlxalq Cinayət Məhkəməsinin qərarları niyə icra olunmur? - Putin və Netanyahu müəmması...

Beynəlxalq Cinayət Məhkəməsinin İsrail baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qallantın barəsində həbs qərarı çıxarması gündəmdən düşmür.

Eyni zamanda, bundan əvvəl də Rusiya prezidenti Vladimir Putin haqda verilən analoji qərar gündəmə gəlib.

Xüsusilə, gedən proseslərdə bu qərarın icra olunub-olunmaması barədə dünya ölkələrinin ikiyə bölünməsi xüsusi diqqət çəkir.

Daha çox G7 ölkələrinin liderləri çətin seçim qarşısında qalıb: Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə dair orderi icra etmək, yaxud Yaxın Şərqdəki münaqişənin həlli üçün onunla əməkdaşlığı davam etdirmək?

BEYNEL.jpeg (284 KB)

Hüquq üzrə fəlsəfə doktoru Əlövsət Allahverdiyev Musavat.com-a BCM-nin qərarı barədə oxucuların diqqətini çəkən açıqlamalarla çıxış edib:

“G7 liderlərinin narahatlıqları başa düşüləndir. Acı həqiqət də olsa deməliyik ki, bu gün beynəlxalq hüquq qaydalarından daha çox siyasi maraqların qorunmasına üstünlük verilir. İlk növbədə, qeyd etmək istərdim ki, beynəlxalq cinayət törətmiş dövlət və ya hökumət başçısının həbs qərarının beynəlxalq birlik üçün həm hüquqi, həm də siyasi əhəmiyyəti var. Yəni ittiham olunan şəxs həbs olunmasa belə, iradə nümayiş etdirib onunla bağlı həbs qərarı vermək siyasi baxımdan çox əhəmiyyətlidir. Dövlət və hökumət başçılarının həbs qərarına münasibət heç vaxt birmənalı olmamışdır. Əslində, Beynəlxalq Cinayət Məhkəməsi Roma Statutunun iştirakçısı olan dövlətlər tərəfindən həbs qərarı öhdəlik olaraq yerinə yetirilməlidir. Söhbət beynəlxalq cinayətlərin təqib olunmasından gedirsə, burada hər hansı alternativ fikrə üstünlük verilə bilməz. Həbsə alternativ fikirlər səsləndirən ölkələr təbii ki, öz maraqları baxımdan çıxış edirlər. Netanyahu və Qallantla bağlı həbs orderinə yanaşmanı da bunlardan biri kimi qiymətləndirirəm.

Məlumdur ki, 2024-cü il, mayın 20-də Beynəlxalq Cinayət Məhkəməsinin Prokuroru Məhkəmənin İbtidai Palatasından üç yüksək vəzifəli Həmas lideri və iki yüksək rütbəli İsrail məmuru, o cümlədən İsrailin baş naziri Netanyahu və Qallantın həbsinə order verilməsini tələb edib. Artıq bir neçə gün əvvəl isə həbs orderinin verilməsi reallaşdı. Bu, Beynəlxalq Cinayət Məhkəməsinin dövlət və ya hökumət başçıları ilə bağlı üçüncü həbs orderidir. Birincisi 2009-cu ildə Sudan prezidenti Ömər əl Bəşirə, ikincisi, 2023-cü ildə Rusiya prezidenti Vladimir Putinə qarşı çıxarılıb. Sual yaranır ki, Beynəlxalq Cinayət Məhkəməsi hansı halda müvafiq vəzifəli şəxslərin həbsinə order verir? Beynəlxalq Cinayət Məhkəməsi Roma Statutunun 58-ci maddəsinə görə İlkin icraat Palatası Prokurorun müraciəti əsasında, istintaqın başlanmasından sonra istənilən vaxt prokuror tərəfindən təqdim olunmuş bu müraciət və sübutları, yaxud digər məlumatları nəzərdən keçirərək aşağıdakıları müəyyən edərsə bu və ya digər şəxsin həbsinə order verir:

a) həmin şəxsin Məhkəmənin yurisdiksiyasına aid olan cinayəti törətməsini güman etməyə məntiqi əsaslar var;

b) həmin şəxsin həbs edilməsi aşağıdakılara görə zəruridir:

- onun Məhkəmə baxışına gəlməsini təmin etmək üçün;

- bu şəxsin istintaq, yaxud Məhkəmə baxışı üçün hədə-qorxu, yaxud maneçilik törətməməsini təmin etmək üçün;

- müvafiq hallarda şəxs tərəfindən bu cinayətin davam etdirilməsinin yaxud onunla bağlı olan, Məhkəmənin yurisdiksiyasına aid olan və eyni hallarla əlaqədar olan cinayətin törədilməsinin qarşısının alınması üçün məhz 58-ci maddənin tələbləri əsasında Netanyahu və Qallant barəsində həbs orderi verib. Hər iki şəxs müharibə cinayətləri (beynəlxalq humanitar hüquq normalarına zidd olaraq, Qəzzada dinc əhalini qəsdən və bilərəkdən 8 oktyabr 2023-cü ildən 20 may 2024-cü il tarixinədək ərzaq, su, dərman və tibbi ləvazimatlardan, o cümlədən, yanacaq və elektrik enerjisindən məhrum etmək) və insanlıq əleyhinə cinayətlərə görə ittiham olunur”.

Hüquqşünas Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını tanımayan ABŞ-ın müzakirələrdə iştirakdan yayınmasına, Böyük Britaniyanın əksinə, sərtlik nümayiş etdirməsinə, hətta İsrail liderinin həbsi lazımdırsa, öhdəliklərini yerinə yetirməyə hazır olması barədə fikirlərinə də toxunub:

“Belə fikir var ki, praktikada Netanyahunun təcrid ssenarisi bölgədə atəşkəsə nail olmağı çətinləşdirə bilər. Mən bu məsələni sırf İsrail liderləri üzərində fokuslanaraq izah etmək istəməzdim. Əslində bu kimi problemlər İsrail məsələsində çox qabaq yaranmışdı. Təbii ki, İsrail liderlərinin hansı formada təqsirli olub-olmamasını beynəlxalq birlik özü müəyyənləşdirəcək. Sadəcə bu məsələni Məhkəmə Statutunun mövqeyi baxımından şərh etmək istərdim.

Məlumdur ki, 124 dövlət Roma Statutunun iştirakçısıdır. ABŞ, Rusiya, Çin kimi böyük dövlətlər Statutun iştirakçıları deyillər. İştirakçı olmaq ABŞ üçün suverenliyin məhdudlaşdırılması deməkdir. Bu mənada, ABŞ-ın yanaşması məlumdur ki, başqa cür ola bilməz. İngiltərənin sərt mövqeyi isə onunla bağldır ki, İngiltərə Statutun iştirakçısı olduğu üçün birmənalı olaraq həbs qərarını dəstəkləməyə borcludur və bu onun öhdəliyidir. Qaldı ki, Netanyahunun həbs olunmasının bölgədə atəşkəsə təsirinə, hazırda nə həbs real görünmür, nə də Netanyahu atəşkəs mühitinin yaradılmasında maraqlı görünmür.

Həbsin real görünməməsinin səbəbi İsrailin Roma Statutunun iştirakçısı olmamasıdır. Bu halda, Məhkəmə BMT Təhlükəsizlik Şurasının dəstəyindən istifadə edə bilər. Belə olan halda Məhkəmənin həbs qərarı praktiki olaraq nəyi dəyişəcək? Real görünən odur ki, İsrail liderləri Roma Statutunun 124 iştirakçısı olan dövlətlərin hansına səfər etsələr həbs olunma riskləri var, o dövlətlər bu şəxsləri həbs etməyə borcludurlar. 124 üzv dövlət Statuta əsasən, həbs orderi verilən və onların ərazisinə qədəm qoyan istənilən şəxsi həbs edib təhvil verməyə borcludur, lakin Məhkəmənin özünün belə həbsi həyata keçirmək üçün heç bir mexanizmi yoxdur. Onun polis qüvvəsi yoxdur, ona görə də şübhəlilərin həbsi üzv dövlətlər tərəfindən həyata keçirilməlidir”.

Əlövsət Allahverdiyev İtaliyanın mövqeyinə də toxunub:

“İtaliyanın xarici işlər naziri Antonio Tajani mətbuat konfransında yüksək dövlət məmurlarının təqiblərdən toxunulmazlıq alıb-almamasının aydın olmadığını söyləyərək, "Biz həmişə öhdəlikləri tətbiq edirik, lakin öhdəliklərin nə olduğunu başa düşməliyik" demişdi.

TAJANİ.jpg (74 KB)

Əslində burada hər şey həm aydındı, həm də qaranlıq. Aydındır ki, dövlət başçıları, hökumət başçıları, xarici işlər nazirləri diplomatik toxunulmazlığa malikdirlər. Bu onları vəzifə səlahiyyətlərini həyata keçirən zaman şamil olunur. “Diplomatik Əlaqələr haqqında” 1961-ci il Konvensiyası toxunulmazlıqla bağlı məsələləri aydın şəkildə tənzimləyir. Qaranlıq qalan odur ki, qeyd olunan vəzifəli şəxslər beynəlxalq cinayət törədikdə bu toxunulmazlıqdan istifadə edə bilərmi?

Əvvəlcə Almaniya sonra isə 2007-ci ilin noyabr ayında Fransa prokurorları, ABŞ-ın keçmiş müdafiə naziri Donald Ramsfeldə qarşı işgəncə cinayətinə və ABŞ-ın İraqda apardığı hərbi əməliyyatlar zamanı törədildiyi iddia edilən digər cinayətlərə görə ittihamlar irəli sürməkdən imtina etdilər, dövlət başçıları, hökumət başçıları və xarici işlər nazirləri, hamısı beynəlxalq adət hüququna görə rəsmi toxunulmazlıqdan istifadə etdilər və daha sonra həmin şəxslər vəzifədən kənarlaşandan sonra toxunulmazlığın mövcud olduğunu iddia etdilər.

Bu zaman gəlin, toxunulmazlıq məsələsinin üzərində bir qədər dayanaq.

Dövlət və hökumət başçılarının toxunulmazlığını xüsusi olaraq müəyyən edən beynəlxalq müqavilələr yoxdur. Beynəlxalq səviyyədə dövlət başçılarının toxunulmazlığı adət hüquq normasından qaynaqlanır və diplomatik toxunulmazlığa bənzəyir. 1999-cu ildə Britaniya və İspaniya məhkəmə orqanlarının Çilinin keçmiş prezidenti Auqusto Pinoçetlə bağlı qərarları, Yuqoslaviya Tribunalınınm Slobodan Miloşeviçə qarşı ittiham aktı, 2004-cü ilin mayında Syerra Leone üzrə Xüsusi Məhkəmə tərəfindən Liberiyanın keçmiş dövlət başçısı Çarlz Taylorun ittiham aktı göründüyü kimi, beynəlxalq hüquqi adətlərə söykənmiş və sonradan yenilənmələrə məruz qalıb.

Toxunulmazlıq hər hansı bir xarici məhkəmə təqibindən azad olmağı nəzərdə tutur, dövlətin və onun nümayəndələrinin xarici araşdırmaya məruz qalmasından qoruyur. Beynəlxalq Ədalət Məhkəməsi də təsdiq edir ki, toxunulmazlıq, müvafiq şəxsi başqa bir dövlətin təqibindən qoruyur.

Beynəlxalq Cinayət Məhkəməsinin toxunulmazlıq məsələsinə mövqeyi isə tam fərqli və qətidir. Beynəlxalq Cinayət Məhkəməsi Roma Statutunun 27-ci maddəsi rəsmi mövqeyindən asılı olmayaraq beynəlxalq humanitar hüquq normalarının istənilən şəxsə aid olmasını təmin edir.

Statutun 27-ci maddəsinin 1-ci bəndində göstərilir ki, bu Statut, vəzifə mövqeyindən asılı olmayaraq bütün şəxslərə eyni dərəcədə şamil edilir. Xüsusən, hökumət və ya dövlət başçısı, hökumət və ya parlament üzvü, seçilmiş nümayəndə və ya hökumətin vəzifəli şəxsi kimi vəzifə mövqeyi bu Statuta əsasən, heç bir halda şəxsi cinayət məsuliyyətindən azad etmir və özlüyündə cəzanın yüngülləşdirilməsinə əsas vermir. 2-ci bənddə isə göstərilir ki, milli və ya beynəlxalq hüquqa əsasən, şəxsin vəzifə səlahiyyəti ilə bağlı immunitetlər və xüsusi prosessual normalar Məhkəmənin bu cür şəxslər barəsində yurisdiksiyasının həyata keçirilməsinə maneə törətməməlidir.

Məhkəmə Statutda göstərilən bu mövqeyi ilə hökumət nümayəndələri - dövlət və ya hökumət başçıları, hökumət üzvləri və ya parlament üzvləri, seçilmiş nümayəndələr və ya vəzifəli şəxslərin istənilən halda vəzifəsindən və ya statusundan asılı olmayaraq, cinayət məsuliyyətindən yayınmaq üçün öz immunitet və imtiyazlarından yararlana bilməyəcəklərini bəyan etmiş oldu və davamında Sudanın prezidenti Ömər Əl Bəşiri mühakimə edərək, toxunulmazlıq mifinin dağıdılmasına yardımçı oldu.

Fransa Xarici İşlər Nazirliyi də bəyan edib ki, Məhkəmənin Netanyahunun həbsi üçün verdiyi orderə baxmayaraq, o, Fransaya səfər edərsə, dərhal həbs olunmayacaq. Bu xüsusda “New York Times” yazıb:

“Fransa XİN-in sözçüsü bildirib ki, Netanyahunun həbsi məsələsi mürəkkəb hüquqi prosedurları əhatə edir və bu qərar məhkəmə orqanlarının səlahiyyətindədir. O, əlavə edib ki, İsrail BCM-nin Roma Statutunu imzalamadığı üçün Netanyahunun diplomatik toxunulmazlıq statusu nəzərə alınmalıdır.

Xeyli əvvəldən Fransa rəsmiləri ölkənin Netanyahunu və ya Qallantı ölkəyə səfər edəcəyi təqdirdə həbs edib-etməyəcəyi ilə bağlı qeyri-müəyyən cavab versələr də, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna uyğun davranacaqlarını bildiriblər. Fransanın Baş naziri Mişel Barnier parlamentə bildirib ki, Paris beynəlxalq hüquq çərçivəsində öhdəliklərinə hörmətlə yanaşacaq. Bu isə o deməkdir ki, həbsi həyata keçirəcək. Ola bilər ki, hökumət başçısı olduğu üçün onu həbs etmək istəməsin (vaxtilə İngiltərə, İspaniya da bu kimi həbsləri həyata keçirməmişdi), məhz həbs edə bilməyəcəyini dərk etdiyi üçün çıxılmaz duruma düşməsin deyə şəxsin ölkəyə gəlməsini əngəlləyə bilər. Bunun üçün də baş nazir əlavə edib ki, Netanyahu baş nazir olduğu müddətdə heç vaxt həbs oluna biləcəyi bir ölkəyə getməyəcək. Bunun üçün də onun həbsi mümkün olmayacaq.

Bu, əslində Netanyahuya həm də bir mesajdır. Sualınızın həbs qərarını dondurma hissəsinə gəldikdə, burada məsələ bir qədər mürəkkəbdir. Belə ki, əgər ittiham olunan şəxslə bağlı həbs qərarı verilirsə, deməli, o ağır cinayətlərə görə ittiham olunur və bütün hallarda onunla əməkdaşlıq Məhkəməyə könüllü təslim olunması istiqamətində yarana bilər. Həbs qərarının dondurulması ilə bağlı onu deyə bilərəm ki, məhkəmənin qaydaları BMT Təhlükəsizlik Şurasına hər il yenilənmək imkanı ilə təhqiqat və ya təqibi bir il müddətinə dayandıran və ya təxirə salan qətnamə qəbul etməyə imkan verir. Bundan sonra əgər dövlətin öz məhkəməsi təqsirləndirilən şəxslərə qarşı rəsmi istintaqa başlayarsa və BCM-dən milli istintaqın xeyrinə istintaqı təxirə salmağı tələb edərsə, məhkəmə proseduruna görə Prokuror işi dayandıracaq və dövlətin həqiqətən də həqiqi araşdırma aparıb-aratmadığını yoxlayacaq. Deməli, həbs qərarının dondurulması deyil, təxirə salınması ilə qərar qəbul oluna bilər”.

Cavanşir ABBASLI
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR