Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, COP29 Sədrliyi iqlim fəaliyyəti üzrə irəliləyişi sürətləndirmək və rəsmi müzakirə edilən COP gündəliyinə dəstək vermək üçün COP29 Sədrliyinin Təşəbbüslərini “Fəaliyyət Gündəliyi”nin bir hissəsi kimi elan edib.
Bu Təşəbbüslərə start verməklə, COP29 Sədrliyi COP29 tədbirindən əvvəl, tədbir zamanı və tədbirdən sonra da fəaliyyətə təkan vermək üçün bir sıra platforma, tərəfdaşlıq və proqramlar hazırlayır. Maliyyə iqlim fəaliyyətinin mühüm icra mexanizmidir və COP29 Sədrliyinin perspektiv konsepsiyasının bir hissəsini təşkil edir. Buna görə də sözügedən təşəbbüslər icra mexanizmlərinə xüsusi diqqət yetirməklə hazırlanıb.
COP29-un Fəaliyyət Gündəliyi COP29 Sədrliyinin dünya üzrə tərəfdaşları, o cümlədən BMT-nin COP29 üzrə İşçi Qrupu və üzv agentlikləri, beynəlxalq təşkilatlar və çoxtərəfli qurumlar, eləcə də milli hökumətlər və qeyri-dövlət subyektləri ilə birlikdə hazırlanıb.
Musavat.com oxucuların diqqətinə sözügedən təşəbbüslərin siyahısını təqdim edir:
İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu (CFAF): Mədən (qazıntı) yanacağı hasil edən ölkə və şirkətlərin könüllü ianələri ilə formalaşan bu fond mənfi təsirlərin azaldılması (mitiqasiya), adaptasiya və tədqiqat və inkişaf tədbirləri vasitəsilə dövlət və özəl sektorların fəaliyyətinə təkan verəcək. Fond həmçinin inkişaf etməkdə olan ölkələrdə təbii fəlakətlərin nəticələrini operativ şəkildə aradan qaldırmaq məqsədi ilə yüksək güzəştli və qrant əsaslı maliyyələşdirmə üçün xüsusi imkanlar təklif edəcək.
İqlim maliyyəsi, investisiya və ticarət dialoqu üzrə Bakı Təşəbbüsü (BICFIT): Təşəbbüs “yaşıl” diversifikasiyaya investisiya axınını təşviq etmək, müvafiq siyasəti dəstəkləmək və dialoq vasitəsilə təcrübə mübadiləsi aparmaq üçün qlobal platforma vasitəsi ilə iqlim maliyyəsi, investisiya və ticarət əlaqəsinə diqqət yetirəcək. Bununla yanaşı, bu qlobal təşəbbüs yaşıl enerji zonaları əsasında azad iqtisadi zonalar yaratmaq təşəbbüsünü irəli sürərək azad yaşıl iqtisadi zonalar konsepsiyasını qlobal gündəliyə gətirir.
COP29-un Yaşıl Enerji üzrə Zona və Dəhlizlər Öhdəliyi: Öhdəlik yaşıl enerji zonaları və dəhlizləri, o cümlədən investisiyaların təşviqi, iqtisadi artımın stimullaşdırılması, infrastrukturun inkişafı, modernləşdirilməsi və genişləndirilməsi, eləcə də regional əməkdaşlığın təşviqi hədəfləri ilə bağlı olacaq.
COP29-un Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi: Bu öhdəlik çərçivəsində əsas məqsəd qlobal enerjinin saxlanılması potensialını 2022-ci il ilə müqayisədə altı dəfə artıraraq 2030-cu ilə qədər 1500 giqavata çatdırmaqdır. Öhdəlik götürən tərəflər enerji şəbəkələrini təkmilləşdirmək məqsədilə görülən qlobal səylər çərçivəsində 2040-cı ilə kimi 80 milyon kilometrdən çox enerji şəbəkəsini ümumi şəbəkə sisteminə əlavə etmək və ya təmir etmək üçün bu sahəyə investisiya axınını artıracaqlar.
COP29 Hidrogen Bəyannaməsi: Həm dövlət, həm də özəl sektorlar üçün bu bəyannamənin məqsədi tənzimləyici, texnoloji, maliyyələşdirmə və standartlaşdırma maneələrinin həll edilməsi üzrə rəhbər prinsip və prioritetlərlə yanaşı, təmiz hidrogen və onun törəmələri üzrə qlobal bazarın potensialından istifadəni təmin etməkdir.
COP Atəşkəs çağırışı: Olimpiya Atəşkəs çağırışı əsasında hazırlanmış COP Atəşkəs çağırışı sülh və iqlim fəaliyyətinin vacibliyini vurğulayır.
Tərəfdaşlarla birgə rəhbərlik ediləcək ayrıca “COP29 – İqlim və Sülh” Müştərək Təşəbbüsü ən həssas təbəqələri mövcud resurslarla əlaqələndirməklə yanaşı, həm də sülh və iqlimin kəsişməsində müxtəlif təşəbbüslərin həyata keçirilməsi istiqamətində gələcək fəaliyyətləri təşviq etmək üçün mükəmməllik mərkəzi yaratmaq kimi konkret nəticələr əldə etmək məqsədi daşıyır.
COP29-un Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsi: Bəyannamə İnformasiya və Kommunikasiya Texnologiyaları sektorunda iqlimə müsbət təsir göstərən rəqəmsallaşma və emissiyaların azaldılmasını sürətləndirmək və yaşıl rəqəmsal texnologiyaların əlçatanlığını artırmaq məqsədi daşıyır.
İqlim dayanıqlığı üçün insan inkişafı üzrə Bakı Təşəbbüsü: Bu təşəbbüsün əsas məqsədi təhsil, sağlamlıq, iş yerləri, biliklər, bacarıqlar, uşaqlar və gənclər məsələlərinə məsul olan sahələr arasında sinerjinin təmin edilməsi, insan inkişafının iqlim fəaliyyəti ilə sıx əlaqələndirilməsi və iqlim naminə bu sahədə qlobal strateji əməkdaşlığın başlanmasına təkan verməkdir. Bununla yanaşı, bu qlobal təşəbbüs bu sahədə COP-dan COP-a davamlılığın yaradılmasına və təhsil standartları vasitəsilə ekoloji savadlılığın artırılmasına və PISA kimi qlobal qiymətləndirmə alətlərinə iqlim ölçüsünün inteqrasiyasına yardım edəcək.
Fermerlər üçün Bakı “İqlim Harmoniyası” təşəbbüsü: Bu təşəbbüs təcrübə mübadiləsi, sinerji və çatışmazlıqların müəyyən edilməsi, maliyyənin asanlaşdırılması və kənd təsərrüfatı sahəsində əməkdaşlığın təşviqi, o cümlədən yerli icmaların və kənd yerlərində qadınların səlahiyyətlərinin artırılması üçün təşəbbüs, koalisiya və şəbəkələri bir araya gətirərək aqreqator rolunu oynayacaq.
Üzvi tullantıların tərkibindəki metan qazının azaldılması haqqında COP29 Bəyannaməsi: Bəyannamə tullantı və qida sistemlərində metan qazının azaldılması üçün (kəmiyyət hədəflərini də əks etdirən) Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrdə 1,5°C hədəfini saxlamaq məqsədilə tullantı sektoru üzrə öhdəliklər istiqamətində işi asanlaşdıracaq.
COP29-un İqlimə davamlı və Sağlam Şəhərlər üçün Çoxsahəli Fəaliyyət Yolları (MAP) Bəyannaməsi: Bəyannamə şəhərlərdə iqlim problemlərini həll etmək üçün çoxsahəli əməkdaşlığı və bütün şəhərlərdə iqlim hədəflərinə uyğunluq yaratmaq və bunun üçün maliyyələşməni gücləndirmək təşəbbüsünü inkişaf etdirəcək. Eyni zamanda, müxtəlif beynəlxalq platformalarda şəhərlər üzrə aparılan qlobal səylər arasında əlaqələndirməni təmin edəcək.
Turizm sektorunda iqlim fəaliyyətinin gücləndirilməsi haqqında COP29 Bəyannaməsi: Bəyannaməyə Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) üzrə turizm üçün sektoral hədəflər daxil ediləcək və emissiyaların azaldılması, eləcə də sektorda davamlılığın artırılması yolu ilə dayanıqlılıq təcrübələrini təşviq edəcəkdir. Sektorda şəffaflığı artırmaq və turizmdə dayanıqlı qida sistemləri üçün konsepsiyaları təmin etmək məqsədilə nəticələri olan növbəti təşəbbüs irəli sürüləcək.
İqlim fəaliyyəti üçün su üzrə COP29 Bəyannaməsi: Bəyannamə maraqlı tərəfləri iqlim dəyişməsinin su ehtiyatları, su hövzələri, su ilə əlaqəli biomüxtəliflik və su ekosistemlərinə təsirləri və səbəbləri ilə mübarizədə inteqrasiyalı yanaşmaları tətbiq etməyə, eləcə də Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) və Milli Adaptasiya Planları (NAP) da daxil olmaqla, milli iqlim siyasətlərində su ilə bağlı təsirlərin yumşaldılması və adaptasiya tədbirlərini uzlaşdırmağa çağırır.
Bəyannamə bu sahədə COP-dan COP-a davamlı və ardıcıl dialoqun aparılmasını təmin etmək üçün İqlim Fəaliyyəti naminə Su üzrə Bakı Dialoqu adlı platformanın yaradılmasını nəzərdə tutur.
Bakı Qlobal İqlim Şəffaflığı Platforması (BTP): Platforma İkiillik Şəffaflıq Hesabatlarının hazırlanması və təqdim edilməsində inkişaf etməkdə olan Tərəf ölkələri dəstəkləyəcək, Təkmilləşdirilmiş Şəffaflıq Çərçivəsinin tam spektri üzrə bütün Tərəflər arasında əməkdaşlığı və bilik mübadiləsini təşviq edəcək və ehtiyac duyulan yerlərdə potensialın gücləndirilməsi üçün resursları daha yaxşı səfərbər edəcək.
Nigar HƏSƏNLİ
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ