İnsanlara hürriyət, millətlərə istiqlal!

Beş il əvvəlki avqust...

Avqust ayında üç rayonun işğal tarixləri vardı. Cəmi 5 il əvvəl, 2019-cu ilin avqust ayının 30-da kimə desəydin ki, “görərsiz, 2024-cü ildə Xankəndində bir erməni də qalmayacaq, özümüz orada oturub samovar çayı içəcəyik” , adama havalı kimi baxıb, “Füzuli və Cəbrayılın işğal günləri keçdi, sabah da (avqustun 31-də) Qubadlının işğal günüdür” deyərdilər.

Daha bir qaramat isə “sentyabrın 2-də ermənilər yenə Stepanakerdə yığışıb bayram edəcəklər, Ermənistanda da gələcəklər, bayaq radioda eşitdim” deyib, adamın “ xəyal qanadını” qırardı. Məhz bu təsvirdəki kimi olmayıbsa, belə arzular çox eşitmişik, amma inanmışıqmı? Bu bir inamsızlıq da deyildi, sanki bizim kəndirimizi kəsib bir quyuyun dibinə salmışdılar. Quyunun dibi bəlkə də heç o bənzətmə də deyildi, çünki orada su da var. Bizi ermənilər və onun dəstəkçiləri millət olaraq deyəsən, “dəfn etmişdilər”, heç inanmırdılar ki, biz yenidən o “dəmir tabutun” içərisindən çıxa, dünyanı başlarına dar edə bilərik. Xüsusilə Sərkisyanın hakimiyyəti illərində bu qudurğanlar hər fürsətində üzümüzə vururmuşlar ki, “nə qədər çalışsanız da torpaqları geri almağa gücünüz çatmayacaq”, “daha Qarabağ torpaqlarını görməyəcəksiniz...” Həqiqətən də görməyənlər çox oldu, həm də lap çox... 

Screenshot_7.png (828 KB)

Bəs, niyə özlərinə buna inandırmışdılar? Səbəbləri çox deyildi, sülh danışıqları uzanırdı, arxalandıqları dairələr, dövlətlər var idi, amma nəsə bu bir başqa hal idi, keyimişdilər bu boyda torpaqları ələ keçirməyin həzzindən. 2016-cı ilin aprelində bir az qorxuya düşdülər, amma tezliklə “dayı” ları, “ayı”ları araya girdilər, yenə eyforiyaya qapıldılar.

1988-2018-ci ili “ermənilərin yeni qızıl dövrü” adlandırırlar, tarixi nöqteyi-nəzərdən haqlıdırlar da. Bu “qızıl dövrdə” Xocalı qırğını da var, günahsız insanların qanı da, işğal olunmuş şəhər-kəndlərimiz də, “müstəqil Artsax” da. Niyə də “qızıl dövr olmasın?” Xatırlayaq:1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edir. 1992-ci il fevralın 26-na keçən gecə Xocalı, mayın 8-də Şuşa, mayın 17-də Laçın şəhərləri işğal olunur. 1993-cü il də bizim üçün qara gəlir . Aprelin 2-də Kəlbəcər, iyulun 23-də Ağdam düşmən tapdağına düşür. Nəhayət, avqust... Ayın 23-də Füzuli və Cəbrayıl, avqustun 31-də Qubadlı əldən gedir. İki ay keçmir, Zəngilan da işğal siyahısına düşür.
Bəlkə də bunları bir daha xatırlayıb, o acı günlərə qayıtmaya da bilərdik, amma o yaralar unudulmayıb ki, unudulmaz ki... Üstəlik, 4 minə yaxın şəhid verdik. O da dərddir, o da yaradır. Şəhid anaları-atalarının vəfat xəbərləri artıb, dərd öldürür onları. Oğul verib əvəzində vətən torpağı aldıq, onların dərdlərini isə ala bilmərik.

Ermənini bağışlamaq olmaz, heç vaxt, heç bir dəhliz, heç bir koridor, yol, onların düşmənçiliklərindən heç nəyi azaltmır. Bizə ölkə, millət olaraq vurduqları yaraların sağalması uzun illər mümkün deyil... 

Screenshot_6.png (439 KB)

2 sentyabr ərəfəsi isə “qızıl teştə” qan qusmalarının bədələni Paşinyan hakimiyyətinin üzərinə atırlar. Guya əvvəlcə Serj Sərkisyanın danışıqlardakı sərt mövqeyindən imtina edib, danışıqlara “sıfır nöqtəsindən” başlayıb, sonra “ Qarabağ Ermənistandır, nöqtə” deyib müharibəyə səbəb olub, nəticədə isə “Artsax”ı itiriblər. Yəni bunlar hələ də düşünürlər ki, Paşinyanın inqilabı olmasaydı, Sərkisyan postunda qalsaydı, hələ işğal davam edəcəkdi. Sərkisyan 44 günlük müharibədə Qarabağa tərəf gəlməyə risk etmədi. Hakimiyyətdə o da qalsaydı, Azərbaycan artıq “bıçağın sümüyə dirənən” yerində idi. Prezident Əliyev Azərbaycanı son ilyarımda savaşa hazırlayırdı, ifadələri ehtiyatlı, olsa da, Vətən müharibəsi artıq qaçılmaz idi. Azərbaycan üçün o qədər riskli qərar idi ki, hər şey daha da pis ola bilərdi. Hər şey daha da yaxşı oldu. Prezidentin ağıllı siyasəti, şəhid və qazilərimiz bizi o quyudan, o lal tabutdan çıxardı. Hiss etdik ki, yaşayırıq, həm də öz torpaqlarımızda... 

4ea20b99-1d14-3eb4-82ff-b6dd290e0641_850.jpeg (122 KB)

Paşinyan bu müharibəyə səbəb olmadı, sadəcə, bəlkə də bəxti gətirmədi ki, Azərbaycanın səbrinin kəsildiyi zaman o da cəsarətləndi, bunun cəzasını da hələ uzun illər çəkəcək. 

Zefer-01-01.jpg (69 KB)

Sentyabrın 1-də ilk dəfə olaraq işğaldan azad torpaqlarda da deputat seçkisi olacaq. Sonra sentyabrın 2-si olacaq. Xankəndində samovar çayı içəcəyik. Kimə 5 il əvvəl desəydin ki, 2024-cü ilin avqustunda...

 

Nazim SABİROĞLU
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR