İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəs bu dress-kod protokolunun pozulması deyildi, ser?


Hərə bir söz deyir, adam bilmir hansına inansın. Ağıllıadamların çox olduğu ölkələrdə də belə problemlər olur.

And içən var ki, o gün Ağ Evin oval (yəni yumurtafason) kabinetində baş verənlər Amerikanın öz oyunu olub.

Əvvəllər belə fikirləri əsasən taksi sürücüləri deyərdilər, onlara da bu sözü bir mötəbər adam demiş olurdu. Allaha şükür, özlərinin də iki diplomu və analitik qabiliyyətləri var, analiz edib görürdülər ki, bəli, hər şey Amerikanın oyunudur və bu işlərin arxasında masonlar durur.

Amma bu dəfə xalqın ziyalı övladlarının bəziləri də bu fikirdədir ki, Tramp və Zelenski oval otaqda yalandan “spor”laşıblar, məqsəd Putinin gözünə kül üfürmək, bir də Ukraynaya kömək etməsi üçün Avropanı dəhmərləmək olub.

(Ana dilimizin korlanmasına qarşı hərəkat başlatmış rusdilli qardaşların nəzərinə aydırım ki, “dəhmərləmək” pis söz deyil, adətən atın sürət yığması üçün onu üzəngidəki ayaqlarla “haydı” komandası verirlər. Ümid edirəm “üzəngi”nin nə olduğunu ayrıca izah etməyə ehtiyac yoxdur).

Başqa biri and içmir, amma əminliklə deyir ki, bitdi, Ukrayna zəbun olacaq, Zelenski devriləcək, çünki ABŞ kimi dövlətin prezidentinə cavab qaytarmaq olmaz. Adam düz deyir, padşah Allahın yer üzündəki kölgəsidir, Yaradana ağır gedər.

“Tramp qəsdən bu hərəkətlə öz nüfuzuna zərbə vurdu ki, Zelenskinin nüfuzunu qaldırsın” kimi komplo nəzəryyə irəli sürənlərə isə cəmi bir söz deməyim gəlir: “Siz canınız, oturub-durub rəqiblərini pisləyən, özünü “bomba oğlan” kimi göstərməyə çalışan Trampda öz nüfuzuna bilərəkdən zərbə vuran adam sifəti var?”

Mənim sosial şəbəkədəki “dost”larımın tam əksəriyyəti Zelenskipərəstdir. Ona görə də onlar onun, Ukraynanın, qəhrəman müdafiəçilərin ünvanına üç “slava”nı birdən yazırlar, Trampı söyüb-barırır, Vensi də onun gözünə qatırlar.

Bizim analitiklərin bir yaxşı cəhəti var ki, gözlərindən tük də yayınmır. Məsələn, Nurəddin Xoca Ağ Evdə Zelenskiyə “kostyum iradı” tutulmasına dair belə bir status yazıb: “Prezidentlə görüşən ərəb şeyxlərinə nə əcəb kostyumla bağlı suallar verilmir? Onların əbaları amerikan xalqını təhqir etmir?”

Xoca Sulutəpədən Kaliforniyaya qədər haqlıdır. Doğrudan da ərəb kralları və şahzadələr rəsmi görüşlərə eyzən uzun əbada və çalmada gedirlər və heç kəs onlara “kostyumunuz yoxdurmu” sualı vermir. Elə sual verən olsa da, əxilər deyərlər, nə kostyumumuz var, nə də qalstukumuz, bizimki budur.

obseyx.JPG (43 KB)

Adama deyərlər, Hindistanın baş naziri Trampın özüylə öz bildiyi libasda, Küveyt əmiri isə öz milli geyimində Obama ilə həmin oval ofisdə görüşəndə bu dress-kod protokolunun pozulması deyildi?

modi.JPG (41 KB)

Bir nəfər də Trampın “müqəddəs oval ofis” ifadəsinə ilişib, yazır ki, bu mütrüf “müqəddəs” deyəndə nəyi nəzərdə tutur, o “müqəddəs xata”da Con Kennedi Merilin Monroyla, Bill Klinton da Monika Levinski ilə zina etməmişdilərmi?

Baxırsan, adam düz deyir, gərək Tramp adi iş otağına müqəddəslik donu geydirməyəydi, ara yerdə adamların yadına köhnə haqq-hesabları saldı.

Qocaman yazıçımız Ərşad Əzimzadə isə Zelenski və Trampın Ağ Evdəki görüşü barədə daha lakonik yazıb: “Kostyumsuz adam adamsız kostyumla görüşdü”.

Vensin Zelenskiyə dediyi “o vaxt getdin, Pensilvaniyada Baydenə dəstək verdin” sözünü, yumşaq desək, cındırlıq sayanlar var, yazırlar ki, bu, heç vitse-prezidentə yaraşan sözdürmü, sabah, inşallah, Tramp ölüb-eləsə və bu adam, Allah qoymasa, ABŞ prezidenti olsa, ölkəni bu ağılla idarə edəcək?

Belə şərhlər çoxdur və oxuduqca sevinirsən ki, xalqımızın övladları necə ağıllıdır, fəhmlidir və obyektivdir. Hərçənd bəziləri nəyə görəsə bu şərhlərin çoxluğundan rəncidə olur, götürüb belə şeylər yazırlar: “Bilən də yazır, bilməyən də”; “Hamı politoloq olub”; “Burda “uçastkovı”dan qorxur, Amerikada Trampı “neprav” çıxarır”; “Öz primitiv analizinizi özünüzə saxlayın” və sair və ilaxır.

Elə çıxır ki, dünyada olub-bitənləri bircə onlar bilir, qalan heç kəs heç nə bilmir, hamı susub oturmalıdır. Bu nə qadağadır, bu, nə senzuradır? Zatən, adamlar çox şey danışa bilmirlər, heç olmasa, imkan verin, başqa ölkələrdə baş verən hadisələrdən bir şey yazıb ürəklərini boşaltsınlar.

Həm də bizim camaat bir şey bilir ki, bu məsələyə həssas yanaşır. Oxumuş adamlar demişkən, bu gedişlə elə bir qlobal siyasi kataklizmlər yarana bilər ki, indiki halımız və problemlərimiz muştuluq olar.

Düzdür, bizim Xəzərin qırağında oturub nə deməyimizin Atlantik okeanının sahillərində baş verən hadisələrə isti-soyuğu yoxdur, amma yenə də hazırlıqlı olmaq lazımdır. Bax, yaxın illərdə göydən yerə asteroid düşəcəyi barədə xəbərlər var, inşallah, o iş baş verəndə, toz-duman ərşə qalxanda hamı “nə olub, bu nəydi” deyə panikaya düşəndə bilən adamlar deyəcək: “Ta hessad, asteroiddir, fso”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR