İnsanlara hürriyət, millətlərə istiqlal!

“Benzia ona qarşı aşağılayıcı hərəkətlər etdi” - “Araz Naxçıvan”lı

“Zədədən sonra ilk dəfə idi start heyətində meydana çıxmışdım. Buna görə çox şadam. Uzun müddət meydandan kənarda qalmağım xoş deyildi. Mən hər zaman komandama kömək etmək istəyirəm. “Qarabağ”la matçda da əlimdən gələni etdim. Təəssüf ki, qələbə qazana bilmədik. Komanda şəklində vuruşsaq da, hesabı açan tərəf olsaq da, yekunda uduzduq”. 

Bu sözləri QOL.az saytına açıqlamasında “Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Karlos Jatoba Misli Premyer Liqasının 26-cı turunda “Qarabağ”a 1:3 hesabı ilə uduzduqları oyundan sonra deyib. 

Maraqlıdır ki, 26 tur ərzində braziliyalı yarımmüdafiəçi cəmi 2 matçda meydana start heyətində çıxıb ki, onların da hər ikisi “Qarabağ”a qarşı olub: “Böyük oyunları sevirəm də (gülür). Ümid edirəm ki, bundan sonra daha çox oynayacağam və zədələnməyəcəyəm. Baş məşqçimizin fikrinə hörmətlə yanaşıram. O, komandanın uğuru üçün əlindən gələni edir. Qarşıda bizi çətin oyunlar gözləyir”. 

“Araz-Naxçıvan” “Qarabağ”la oyuna ciddi itkilərlə çıxmışdı. Jatoba qeyd edib ki, bu, komandasının çıxışına müəyyən qədər təsir göstərib: “Eyni zamanda 5 əsas heyət üzvümüz meydanda yox idi. Bu da çıxışımıza təsir etdi. Onların hər biri komanda üçün vacib futbolçulardır. Lakin yaxşı heyətimiz var. Hər kəs oynaya bilər. Təəssüf ki, zədələr də, vərəqələr də futbolun ayrılmaz hissəsidir. Onların yoxluğunu unutdurmağa çalışdıq”.

“Qarabağ”la görüşdə qırmızı vərəqə alan Felipe Santos da ən azı qarşıdakı 1-2 matçda komandasına kömək edə bilməyəcək. 30 yaşlı yarımmüdafiəçi həmyerlisinin yoxluğunu ciddi itki hesab edir: “Felipe çox yaxşı futbolçudur. O, “Araz-Naxçıvan”ın bombardiridir. Bizim komandamızın xarateri var. İnanıram ki, bu vəziyyətdən çıxacağıq”. 

K.Jatoba “Qarabağ”la oyundakı insidentdən də danışıb. O bildirib ki, hər şey rəqib futbolçu Benzianın hərəkətindən sonra başlayıb: “Benzia Felipedən topu aldı. Düzdür, söyüş söymədi, amma yerdə qalan Felipeyə qarşı aşağılayıcı hərəkətlər etdi. Buna biganə qala bilməzdim. Biz bir ailəyik. Mən də komanda yoldaşıma qarşı etdiyi hərəkətə görə Benziaya etirazımı bildirdim. Dava etmək fikrim yox idi. Sadəcə etirazımı bildirirdim. Bundan sonra rəqib futbolçular aqressiv şəkildə üstümə gəldilər və ara qarışdı”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Mart 2025

09 Mart 2025

BÜTÜN XƏBƏRLƏR