İnsanlara hürriyət, millətlərə istiqlal!

Bəlkə Paşinyanı elə devirsələr, yaxşıdır... – Bakı ilə sülh yolu təmizlənir?

Erməni katolikosluğunun dini qurumdan çox bir terror yuvası və pozucu ideoloji mərkəz olduğuna şəkk-şübhə qalmadı. Özü də hədəf qismində təkcə türk-müsəlman toplumu və ictimai-siyasi xadimlər deyil, din çuxasına bürünənlər yeri gələndə “əl-ayağa dolaşan” və “milli dəyərlərə xəyanət edən” özününkülərə qarşı da sui-qəsd təşkil edə bilirlər. Növbəti “isti” fakt.

Dünən Ermənistan İstintaq Komitəsi ölkədə terror aktı və hakimiyyəti zorla ələ keçirmə cəhdinin qarşısının alındığını açıqlayıb. Məlumata görə, hadisədə revanşist hərəkatın lideri, arxiyepiskop Bağrat Qalstanyan ittiham olunur. İstintaq versiyasına əsasən, Qalstanyan və tərəfdarları sabiq hərbçilər və polis əməkdaşlarından ibarət, hər birində 25 nəfər olmaqla ümumilikdə 200 “zərbə” qrupu yaratmağı planlaşdırıblar.

Bu qruplar Ermənistanın müxtəlif yaşayış məntəqələrində yerləşdirilməli və Qalstanyanın təyin etdiyi vaxtda aktiv əməliyyatlara keçərək xaos yaratmalı imişlər. Eyni vaxtda təşkil olunan etiraz aksiyaları isə diqqəti yayındırmaq məqsədi daşıyırmış. Hazırda istintaq davam edir, artıq Qalstanyan və bəzi digər fəallar, o cümlədən mifik “artsax”ın uydurma deputatı David Qalstyan həbs edilib.

Az öncə Rusiya vətəndaşı olan erməni milyarder Samvel Karapetyan İrəvanda hökumətə meydan oxuduğu və erməni kilsəsini müdafiə etdiyi üçün həbsə atılıb. İstisna deyil ki, Paşinayana qarşı terror aktı və hakimiyyəti zorla ələ keçirmə ssenarisində Karapetyan da rol alır. Hər necə olmasa, rusiyalı oliqarx Ermənistana ayaq basandan az sonra bu həbslər baş verib. Yada salaq ki, Bakı bu zatı 44 günlük müharibə zamanı Ermənistana qanunsuz yollarla silah-sursat göndərdiyinə görə axtarışa verib...

Belə təsəvvür yarana bilər ki, Nikol Vovayeviç öz hakimiyyətini qorumaq üçün bu cür sərt addımlara gedir. Ancaq o da sirr deyil ki, indiki hökumətə qarşı duranlar, o sırada Rusiyanın himayə elədiyi radikal müxalifət və kilsə həm də Azərbaycanla ədalətli sülh sazişi imzalamağın əleyhinə olanlardır. Belə çıxır ki, baş nazir Bakı ilə sülh yolu təmizləyir? Görəcəyik.

Çox şey yəqin ki, cəmiyyətin qalmaqallı həbslərə reaksiyasından asılı olacaq. Reaksiya isə böyük ölçüdə neytral və ya laqeyd olacaq. Çünki hazırda baş nazirin ictimai reytinqi xeyli aşağı olsa da, radikal müxalifətin, Sərkisyan-Köçəryan cinayətkar cütlüyünün nüfuzu ondan qat-qat aşağıdır. Kəsəsi, baş nazir nə etdiyini bilir...

Radikal-revanşistlərin satqın saydığı Paşinyan əslində erməni xalqının şansıdır. Həm də ola bilsin, yeganə və sonuncu şansı. Bu zavallı və kinli toplumun ağlı olsa, yenə avantüristlərin fellinə uymasa, ondan istifadə edər. Əsas qonşuları ilə düşmənçilik səhifəsini qapadıb da ağ günə çıxar, rifaha qovuşar. Normal qonşu, ölkə kimi özünü aparar.

Sözsüz, Paşinyan mələk deyil. Amma erməni xalqı Nikoldan möhkəm yapışmalıdır, nəinki təzədən “müharibə partiyası”nın tələsinə düşməlidir. Bizdən yazmaq. Bir yandan da düşünürsən ki, bəlkə elə Paşinyanı devirsələr yaxşıdır? Onda nə boyda qələt etdiklərini çox qısa zamanda anlayar, başlarına döyərlər.

Dəfələrlə yazmışıq, Azərbaycan Paşinyanla yox, erməni xalqı ilə sülh anlaşması imzalamaq niyyətindədir – bütün zamanlarda qüvvədə olacaq sülh sənədi. Belə bir anlaşmanın ermənilər üçün ən sərfəli variantı isə məhz Paşinyan dönəmində mümkün və real görünür. Hansısa revanşist-daşnak hakimiyyətə gələrsə, şərtlər İrəvan üçün qat-qat ağır olacaq. Gerisini açmırıq. “Xırdalamaq” hayların öz işi...

Z.SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR