İnsanlara hürriyət, millətlərə istiqlal!

Bələdiyyə sədrinin ilginc “sələm” parolları: 3 min pensiya, 4 min torpaq - CİNAYƏT İŞİ

Daşkəsən rayonu Əhmədli kənd bələdiyyəsinin sədri olmuş Sərvaz Quliyevin cinayət işinin təfərrüatı məlum olub. 1971-ci il təvəllüdlü sabiq sədr özünü qismən günahkar bilib. O, ayrı-ayrı şəxslərdən aldığı pulları sələmə götürdüyünü iddia edib.

Musavat.com-un məlumatına görə, istintaqla müəyyən edilib ki, S.Quliyev bələdiyyə sədri olan zaman qulluq mövqeyindən istifadə etməklə, dələduzluq edərək özgənin əmlakını ələ keçirib, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub. Bundan başqa vəzifəli şəxs kimi rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib. Həmçinin Əhmədli bələdiyyəsinə aid ştamp və möhürü şəxsi niyyətlə gizlədib.

O, ayrı-ayrı şəxslərdən Daşkəsən rayonu, Əhmədli bələdiyyəsinin fondunda yerləşən torpaq sahələrini onlara satacağı vədi ilə 3000-4000 manat aralığında pul alıb. Həmçinin bir neçə kənd sakinindən 1250-2000 manat civarında pul alaraq onlara sosial müavinət düzəldəcəyini söz verib.

İstintaqla müəyyən edilib ki, Sərvaz Quliyev bələdiyyə sədri olan zaman heç bir iclas keçirməyib, bələdiyyə üzvləri adından protokollar imzalayıb, həmçinin təhvil-təslim zamanı bələdiyyə möhürünü təhvil verməyib.

Sərvaz Quliyev ittihamlarla özünü qismən təqsirli bilib və maraqlı izahat verib. Belə ki, torpaq sahələrini hansısa bir maddi maraq qarşılığında satmadığını, müraciət edən şəxslərə istifadə üçün verdiyini deyib. Əlavə edib ki, qanunvericiliyin tələbləri barədə məlumatı olmayıb. O, bələdiyyə sədri ola-ola bələdiyyə sədrinin bələdiyyə mülkiyyətində olan torpağı bağışlayıb-bağışlamayacağını bilmədiyini deyib. Buna görə də müraciət edən şəxslərə torpaq sahələrini alqı-satqı qaydasında sənədləşdirib.

Şamo adlı şəxsdən pul alması ittihamına gəlincə, S.Quliyev belə izah verib: “Mən Şamodan sələmə pul almışam. Mesaj yazanda Şamo deyirdi ki, pul almağımı yazmayım. Parollar var idi. Pensiya dedikdə 3000, sosial müavinat dedikdə 1500, torpaq məsələsi dedikdə 4000 manat pul alırdım. Sonra da sələmə aldığım pulları geri qaytarmışam”.

Qeyd edək ki, bələdiyyə sədrinin Şamo adlı şəxsin vasitəsi ilə ayrı-ayrı şəxslərdən pul aldığı ittihamda göstərilirdi. S.Quliyevin bu ittihama cavabı yuxarıdakı kimi olub.

Sabiq bələdiyyə sədri protokolları özünün imzalamasını, iclaslar keçirilməməsi ilə bağlı deyilənləri qəbul edib. O, bələdiyyə möhürünü özü ilə apardığını da etiraf edib.

Məhkəmədə zərərçəkmiş şəxslər də ifadə verib. Onların bir çoxu bələdiyyə sədrini Şamo vasitəsi ilə tanıdıqlarını, pensiya, sosial müavinət və torpaq sahəsi almaq üçün pul verdiklərini deyiblər. Zərərçəkənlər bələdiyyə sədrinin “pulu sələmə almışam” fikrinin yalan olduğunu deyiblər. Dəymiş zərərin ödənilmədiyini bildiriblər. Zərərçəkənlər arasında bələdiyyə sədrindən şikayətçi olmayanlar da var. Bələdiyyə sədrinə pul verən zaman onun səsini və görüntüsünü lentə alan şəxlər pullarını geri ala biliblər. Digərləri isə pullarını ala bilmədikləri üçün S.Quliyevə ağır cəza verilmədini istəyiblər.

Məhkəmənin hökmü ilə S.Qulyev 2 il dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 il azadlıqdan məhrum edilib.

İ.Muradov,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR