İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazir Əli Əsədov parlamentə hesabat verir

Milli Məclisin iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb.

Musavat.com xəbər verir ki, hesabatı təqdim edən Baş nazir Əli Əsədov öncə bildirib ki, belə bir hesabatlılıq Hökumətlə Milli Məclis arasında səmərəli və işgüzar əməkdaşlığa böyük fayda verir.

“Bu, hökumətin gördüyü işləri hörmətli millət vəkilləri ilə birlikdə müzakirə etməyə və qarşıda duran vəzifələri və çağırışları bir daha dəqiqləşdirməyə şərait yaradır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən Ermənistanın 30 ilə yaxın işğalçılıq siyasətinə 44 günlük Vətən müharibəsində son qoyulduqdan 3 il sonra - 2023-cü ilin sentyabr ayında bir günlük antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edilib. Bu, tarixi hadisədir və bu tarixi hadisə bizim çoxəsrlik tariximizdə xüsusi yerə malikdir. Məhz 7 fevral tarixində prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilib. 2023-cü il Azərbaycan xalqı və ölkəmiz üçün çox əlamətdar və uğurlu il olub. Prezident İlham Əliyev 2024-cü ilin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində xüsusi olaraq vurğulayıb ki, “Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq”.

Dövlətimizin başçısı müasir tariximizin yeni dövrünün məhz 2023-cü il sentyabrın 20-dən sonra başladığını bildirib və bu gün ölkə qarşısında duran yeni vəzifələri yeni dövrün vəzifələri kimi dəyərləndirib” - Ə. Əsədov bildirib.

Baş nazir qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyətinə dair hesabat dövrü həm də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə, Prezident İlham Əliyevin prezidentlik fəaliyyətinin 20-ci ildönümünə təsadüf edib:

“Dövlət başçısının prezidentlik fəaliyyətinin 20-ci ildönümünün “Heydər Əliyev İli”nə təsadüf etməsi olduqca əlamətdardır. Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev onun strateji inkişaf xəttini uğurla davam etdirərək müstəqil dövlətçiliyin və müasir inkişafın Azərbaycan modelini yaratdı. 2023-cü ili əhatə edən hesabat dövründə də Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə aparılan məqsədyönlü və genişmiqyaslı sosial-iqtisadi islahatlar, həyata keçirilən kompleks tədbirlər nəticəsində ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin edilib. Belə ki, hesabat ilində ölkədə 123 mlrd. manatlıq və ya 2022-ci illə müqayisədə real ifadədə 1,1% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub, əhalinin hər nəfərinə düşən ÜDM isə 0,5% artaraq 12,1 min manat (7,1 min ABŞ dolları) təşkil edib. 2023-cü ildə ÜDM istehsalı 2022-ci illə müqayisədə neft - qaz sektorunda 1,7% azaldığı halda, iqtisadiyyatın qeyri neft-qaz sektorunda 3,7% artıb, qeyri neft-qaz sənayesi 8% artıb”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR