Onlayn ictimai-siyasi qəzet
Qəbələ Rayon Mərkəzi Xəstəxanasının həkimi Novruz Əlimirzəyevin baş həkim olmaq ümidi ilə verdiyi 250 min manat dələduzluq yolu ilə ələ keçirilib.
Musavat.com-un “Qafqazinfo”ya istinadla məlumatına görə, həkimin pulunu ələ keçirən şəxslər cinayət məsuliyyətinə cəlb edilib, onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
İstintaq materiallarında yazılıb ki, təqsirləndirilən Zaur Zahidov tanışları Namiq Bayramov, Orxan Həsənov, Heydər İlyasov və Rufan Qasımovla əlbir olaraq Novruz Əlimirzəyevdən külli miqdarda pul alıblar.
Novruz həkim tanışı vasitəsilə sözügedən şəxslərlə əlaqə yaradıb, Qəbələ Regional Xəstəxanasına baş həkim vəzifəsinə təyin edilməsi üçün kömək istəyib. Bu fürsətdən istifadə edən dəstə üzvləri isə ona guya Səhiyyə Nazirliyindəki yüksəkvəzifəli tanışları vasitəsilə bu işin mümkün olduğunu deyərək əvvəlcə 100 000 ABŞ dolları (170 000 manat), daha sonra isə 80 000 manat pul alıblar.
Dəstə üzvləri həkimin inamını möhkəmləndirmək üçün saxta sənəd də hazırlayıblar. Sənəddə guya TƏBİB tərəfindən onun Qəbələ Regional Xəstəxanasına baş həkim təyin olunduğu göstərilib. Hətta sənədə QR kod da əlavə edilərək real olduğuna inandırılıb. Saxta sənəd Rufan Qasımov tərəfindən həkimə verilib. Bu vaxt da N.Əlimirzəyev əlavə 30 000 manat verib.
Ümumilikdə isə Novruz Əlimirzəyevin 250 000 manat pul vəsaiti dələduzluq yolu ilə ələ keçirilib, həmin vəsait şəxsi ehtiyaclara xərclənib.
Təqsirləndirilən şəxslər başqa bir dələduzluq cinayətinə Cavid Əliyevi də cəlb ediblər. Cavid ittihama münasibətdə özünü təqsirli bilməyib. Onun vəkili Sənan Hüseynov məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib.
Sonradan həkimin pulunun bir qismi geri qaytarılıb. Ziyan tam ödənilmədiyindən barışıq əldə edilməyib.
Bu gün hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, müttəhimlər hər biri verilmiş ittihamlara münasibətdə təqsirli bilinib- Zaur Zahidov 9 il, Rufan Qasımov 8 il 6 ay, Orxan Həsənov 7 il, Namiq Bayramov 5 il azadlıqdan məhrum edilib. Cavid Əliyevə sınaq müddəti seçilməklə şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
15 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ