İnsanlara hürriyət, millətlərə istiqlal!

Barışıq əllərinə atılan xain güllələr – Andiçməyə sayılı günlər qalmış...

Aylardır sakitlik hökm sürən şərti sərhəddə son günlər yaşanan insidentlər, sərhədçimizin snayperlə vurulması və ardınca baş verən olaylar şəkk-şübhəsiz, ikili-üçlü oyunlar oynayan Ermənistanın ayağına yazılmalıdır. Bu, İrəvanın növbəti təxribatlarıdır. Eyni zamanda, tədricən sürət götürmək istəyən kövrək sülh prosesinə, iki qonşu ölkə arasında münasibətlərin normallaşmasına və zəif etimad mühitinə çox ciddi zərbədir.

Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauzun aşağıdakı qənaəti ilə razılaşmamaq çətindir: bu - Ermənistanın Azərbaycan və Türkiyənin uzatdığı barışıq əllərinə güllə atmaqla cavab verməkdir. Bəs nə vaxtadək?

Bu ölkə nə zamanadək qonşulara qarşı fitnə-fəsad mənbəyi olaraq qalacaq, xarici məkrli çevrələr üçün “xırda pul” kimi istifadə olunacaq? Ermənistanın sükanı arxasına axır ki, anlaqlı, adekvat biri keçəcəkmi ki, desin: “Kifayətdir, tarixdən, başımıza gələnlərdən dərs almalıyıq, qonşularla sülh içində olmasaq rifahımız, təhlükəsizliyimiz və gələcəyimiz olmayacaq!”

Dönə-dönə yazdığımız kimi, əfsus ki, 44+1 günlük savaşda rüsvayçı məğlubiyyətlə üzləşəndən sonra da Ermənistan Azərbaycan və Türkiyə ilə təcili barışıq yolu tutmaq əvəzinə, hələ də öz xalqının xoşbəxtliyini bölgədə deyil, uzaqlarda axtarır. Ona sülh əli uzadan Azərbaycan və Türkiyənin humanist jestini böyüklük, müdriklik kimi yox, axmaqcasına zəiflik əlaməti olaraq qəbul edir. Bunun zəiflik olmadığını artıq neçənci dəfə öz “dərsində” hiss elədiyi, ağır bədəl ödədiyi halda...

Guya biz bilmirik ki, Ermənistan niyə sülh müqaviləsini ləngidir, altdan-altdan niyə hücum silahları alır, 2024-cü il üçün özünə nə məqsədlə rekord həcmdə (1.4 milyard dollar) hərbi büdcə ayırıb, hansı məqsədlə milyardlarla dollarlıq hərbi müqavilələr imzalayıb. Bunu heç gizlətmirlər də.

Məsələn, parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryan iki gün qabaq bildirmişdi ki, İrəvan Fransa, Hindistan və digər ölkələrdən silahlar alınması, ümumən silahlanma sahəsində böyük işlər aparır və “bunun nəticələri yaxın zamanlarda özünü göstərəcək”. Əlavə eləmişdi ki, bir neçə ilə Ermənistanın “yüksək döyüş qabiliyyətinə malik, müasir ordusu” olacaq.

Yəni artıq “xoruz” Fransa və digər havadarlardan cəsarət alaraq, əməllicə “xoruzlanmağa” başlayıblar. Özü də söhbət radikal-revanşist müxalifətdən yox, guya Azərbaycan və Türkiyə ilə barışıq istəyən “mötədil” Paşinyan komandasından gedir...

Ancaq Ermənistan anlamalıdır ki, onun bizə meydan suladığı dövr keçib, 90-cı illərin əvvəlləri qayıtmayacaq, Azərbaycan bir daha onun hərbi üstünlük qazanmasına, işğalçılığına zərrəcə şans, fürsət tanımayacaq, bu yöndə istənilən hərəkətlənmə dərhal, sərt və misli ilə cavabını alacaq. Azərbaycan Prezidenti bu xüsusda dəfələrlə xəbərdarlığını edib. Onu da deyib ki, təhlükə haradan gəlməsindən asılı olmayaraq anındaca neytrallaşdırılacaq.

Xəbərdarlıq mesajlarını düz oxumaq lazımdır, cənab haylar!..

O da istisna deyil ki, Yaxın Şərqdə vəziyyəti gərginləşdirən Qərb (ABŞ + Fransa timsalında Avropa Birliyi) bölgəmizdə də münaqişə ocağı yaratmağa çalışır. Bu məqsədlə Güney Qafqazda oxşar qanlı proseslərin cərəyan etməsinə, Azərbaycanı təzədən müharibəyə təhrik etməyə zəmin hazırlanır. Hədəf yəqin ki, həm də odur ki, münaqişə ocağını Rusiya və İran sərhədlərində alovlandırmaqla gərginlik arealının miqyasının daha da genişlənməsinə nail olsunlar. Məntiqlə də Moskva yeni, genişmiqyaslı Azərbaycan-Ermənistan qarşıdurmasında maraqlı ola bilməz.

Nəhayət, sərhəd təxribatının Xankəndində səs vermiş Prezidentin andiçmə günü ərəfəsi qeydə alınması da diqqət çəkir. Məxsusi vurğulayaq ki, Rusiyadan fərqli olaraq, hələ heç bir Qərb dövlətinin rəhbəri 7 fevraldakı parlaq qələbə münasibətilə Bakıya təbrik göndərməyib, İlham Əliyevə telefon açmayıb. Təsadüfmü?

Qətiyyən. Odur ki, “xoruzun qırmızı quyruğu”nu ayrı yerdə axtarmağa gərək yox. İşimizi bilək, sərvaxt olaq, barıtımızı quru saxlayaq...

Z. SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR