İnsanlara hürriyət, millətlərə istiqlal!

Balımız zəhər ola bilər

Arıları məhv edən gənələrin “zəhəri”ni tapmasaq...

Dövlət Statistika Komitəsi arıçılıq məhsullarının istehsalı haqqında məlumatları açıqlayıb. Komitəsi tərəfindən təşkil olunmuş statistik müşahidənin nəticələrinə görə, 2024-cü ildə Azərbaycanda arıçılıqla məşğul olan 30601 təsərrüfatda 579 min arı ailəsi mövcud olub. Onlardan 5 min 166,3 ton bal, 132,1 ton mum, 8,5 ton vərəmum, 16,8 ton güləm və 239,3 kq arı südü əldə edilib. 

İstehsalçılar üzrə balın 1 kiloqramının orta satış qiyməti 28,6 manat, mumun - 16,5 manat, vərəmumun - 109,7 manat, güləmin - 140,9 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 7 manat olub.

2023-cü illə müqayisədə 2024-cü ildə arı ailələrinin sayı 3,1 faiz azalıb, bal istehsalı 13,5 faiz, güləm istehsalı 88,8 faiz artıb, mum istehsalı 23,5 faiz, vərəmum istehsalı 43,0 faiz, arı südü istehsalı 14,9 faiz, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 2,4 faiz azalıb. 

2023-cü ildə arıçılıq sahəsində böyük itkilər qeydə alınmışdı. Həmin il ölkə üzrə 30802 təsərrüfatda mövcud olan 597,3 min arı ailəsindən 4 550 ton bal, 172,7 ton mum, 14,9 ton vərəmum, 8,9 ton güləm və 281,1 kq arı südü əldə olunub. 2022-ci illə müqayisədə 2023-cü ildə arı ailələrinin sayı 9 faiz, bal istehsalı 38,9 faiz, mum istehsalı 0,8 faiz, vərəmum istehsalı 22 faiz, güləm istehsalı 62 faiz, arı südü istehsalı 25,9 faiz, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 2,5 faiz azalıb. Rəsmilər arıçılıq məhsullarının istehsalındakı azalmanı havaların əlverişsiz keçməsi ilə izah ediblər. 

Balımız - Hive Republic

Rəsmi izahata görə, 2024-cü ildə arı ailələrinin sayında və bəzi arıçılıq məhsullarının istehsalında azalma əsasən arı xəstəlikləri ilə əlaqədar olub. Azərbaycan Arıçılar Assosiasiyasının İdarə Heyətinin sədr müavini Sabir Mustafayev Musavat.com-a faktı təsdiqləyib. O deyib ki, Azərbaycanda payız-qış aylarında böyük arı tələfatı olub: “Xüsusilə də işğaldan azad olunmuş rayonlarda arı sıxlığı oldu və yoluxma daha çox oldu. Buna səbəb həmin bölgələrdə çox yayılan varroa gənəsi və onun törətdiyi viruslardır. Əvvəllər gənələri dərmanlarla məhv edirdilər, amma indi gənələrdə həmin dərmanlara qarşı immunitet yaranıb. Ona görə də bu müalicələr təsir etmir. Azərbaycanda hazırda daha bir təhlükəli “tropilaelaps” gənəsi də yayılıb.  O, isti ölkələrdə mövcud olan gənədir. Gənə Azərbaycanın Şimal və Qərb rayonlarında peyda olub. Azərbaycanda əsasən köçəri arıçılıqdır, ona görə yoluxma riski həddən çoxdur. Yaxınlarda Biləsuvarda da “tropi” aşkarlandı”.

Mütəxəssis əlavə edib ki, bu cür gənələrlə yeganə mübarizə yolu ana arıların bir müddət izolyasiya olunmasıdır: “Yəni yuvada onları qəfəsə salırlar, ana arı toxum qoymur. Çünki o gənələr ananın qoyduğu sürfələrlə qidalanır. Sürfə olmayanda gənə məhv olur. Həm də mübarizə aparmaq daha rahat başa gəlir. Gənələrlə mübarizə ən effektiv üsul isə dağlıq ərazilərdə arıların qışlanmasıdır.  Misal üçün, mənim Kəlbəcərdə arılarım var, onlara heç nə olmayıb. Çünki orada arı bala qoymağı dayandırır, ona görə gənələrlə daha rahat mübarizə aparmaq olur. Çox təəssüf ki, bizə arını qışlatmağa icazə vermirlər. Bu il arıçılar adından bir dəfə müraciət etmişik. Növbəti dəfə də müraciət edəcəyik. Yeganə yol arıları dağlıq şəraitdə qışlatmaqdır, yaxud da ana arıları izolyasiya etməkdir. Amma ana arıları izolyasiya etməyi heç kəs bilmir. Çünki bir az təhlükəlidir, ana arılar ölə bilir. Ana ölərsə, o arı ailəsi məhv olur. Bir də təbii dərmanlarla dərmanlamaq lazımdır, çünki, bu balın keyfiyyətinə də təsir edir”.

Sabir Mustafayev qeyd edib ki, bu məsələdə dövlət tərəfindən dəstək lazımdır: “Bəzi dərmanlar gətirilməlidir ölkəyə, onların qeydiyyatı vacibdir. Bunun qarşısı alınmasa respublikada bütün arılar tələf ola bilər.  Çünki orada tək gənə deyil, başqa yoluxucu xəstəliklər də var. Yoluxucu xəstə olan arıların köçünə icazə verilməməlidir, karantinə alınmalıdır. Müalicə eyni vaxtda bütün respublika üzrə aparılmalıdır, yaxud da bölgələr üzrə. Yoxsa effekti olmayacaq. Tropi gənəsi çox yoluxucudur, çünki o, bir arıdan başqa bir arının üstünə 15 santimetrə qədər məsafədən tullana bilir”.

Assosiasiyanın sədri Bədrəddin Həsrətov “Yeni Müsavat”a arıların kütləvi tələf olması ilə bağlı fərqli məlumat verib. Onun sözlərinə görə, arı tələfatı ümumi ailə sayının 10 faizi və ondan çox olduqda zərərli hesab olunur: “10 faizə qədər tələfatı yeni mövsümdə - yaz-yay aylarında ailələri bölməklə bərpa etmək olur. Payız-qışda bizdə tələfat bu həddən yüksək olmayıb. Amma gənələr çox ciddi problemə çevrilib. Vurulan preparatlara qarşı immunitet formalaşır deyə yeni-yeni preparatların alınması lazım gəlir. Bundan əlavə, ən qorxulu “tropilaelaps” gənəsinə də rast gəlinməyə başlayıb. Bu, süfrələri yediyinə görə arıçılıqda ən təhülkəli zərərverici hesab olunur. Belə davam edərsə, gənələrə qarşı daha ciddi tədbirlər görülməzsə, arı ailələrinin sayında daha çox azalma ilə qarşılaşa bilərik”.

2024-cü ildə Azərbaycana 138,5 ton təbii bal idxalı qeydə alınıb. Bunun 68,2 tonu Rusiyadan, 16 tonu Gürcüstandan, 46,4 tonu Türkiyədən, 4,56 tonu Fransadan, qalanı digər ölkələrdən idxal edilib.

Sahte bal savunması güldürdü: Balımız değil, adımız organik

Ötən il Azərbaycandan xaricə cəmi 3,69 ton bal ixrac olunub. Bundan 81,3 min dollar gəlir əldə edilib. İxracın 2,71 tonu Birləşmiş Ərəb Əmirliklərinə, 0,19 tonu Qətərə reallaşdırılıb. Daha 0,76 tonunun hara ixrac edildiyi müəyyən olunmayıb, amma ixrac qeydə alınıb. 

B.Həsrətovun dediyinə görə, 2018-2023-cü illərdə dövlət tərəfindən saxlanılan hər arı ailəsinə görə arıçılara 10 manat subsidiya verilirdi: "Nazirlər Kabinetinin təsdiqlədiyi "Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi qaydası"na əsasən, arıçıya hər arı ailəsinə görə illik 10 manat subsidiya verilirdi. Bu subsidiyalar 2019-cu ildən verildi, 2024-cü ilin yanvarına qədər. Subsidiya verilməmişdən əvvəl ökədə 320 min arı ailəsi var idi, 2023-cü ilədək arı ailələrinin sayı təqribən 600 minə çatdı. Ölkədə olan bütün arı ailələri kodlaşdırıldı, Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyata düşdü. Lakin  2024-cü ildən subsidiya verilməsi dayandırıldı. Bu da arıçıların artan xərcləri ilə birlikdə istehsal olunan balın maya dəyərinin yüksəlməsinə səbəb olub. Arıçılıq təsərrüfatlarının 80-90 faizi mikrosahibkarlıq subyektidir. Buna görə də iri avadanlıqlar üçün tətbiq olunan güzəştli avadanlıq idxalından yararlana bilmirlər. Hazırda arıçılıqda demək olar ki, heç bir dövlət dəstəyi mexanizmi yoxdur. Halbuki dünyanın əksər ölkələrində dövlət bu sahəyə böyük dəstək verir. Elə uzağa getməyək, qardaş Türkiyədə həm arı ailəsinə görə subsidiya verilir, həm arıçılar məhsuldar damazlıq arılarla pulsuz təmin olunurlar. Bizdə damazlıq arılar dəyişmədiyinə görə təsərrüfatların xeyli hissəsində arılar cırlaşır. Cırlaşmış arıların həm məhsuldarlığı aşağı olur, həm də onlar xəstəliklərə qarşı davamsız olurlar. Biz Kənd Təsərrüfatı Nazirliyinə, nazir Məcnun müəllimə müraciət etmişik seleksiya olunmuş, məhsuldar damazlıq arıların xaricdən idxalının subsidiyalaşdırılması ilə bağlı. O, təklifimizi müsbət qiymətləndirib, indi gözləyirik, görək nə zaman mexanizm təsdiqlənəcək”.

Onu da qeyd edək ki, bu ildən Aqrar Sığorta Fondu arı ailələrinin sığortalanmasına başlamağı planlaşdırır. Assosiasiya rəhbəri bunu uğurlu addım kimi qiymətləndirir: “Aqrar sığorta arıları zərərverici və xəstəliklərdən sığortalamır. Müxtəlif təbii fəlakətlərin, qəzaların təsirlərindən sığortalayır. Amma hər bir halda, bu, müsbət haldır”.

B.Həsrətovun dediyinə görə, hazırda Azərbaycan arıçıları ölkənin daxili tələbatını tam ödəyirlər: “Bizim hesablamalarımıza görə, 2024-cü ildə ölkədə 750 min arı ailəsi, 30 mindən çox arıçılıq təsərrüfatında 8 min tona yaxın bal istehsalı olub. Ölkənin bala olan tələbatı 6-7 min ton arasındadır. Biz az-az da olsa, ixraca başlamışıq. Əsas ixrac bazarı kimi Körfəz ölkələri çıxış edir. İnşallah, ixrac həcmlərini getdikcə artıracağıq”.

Assosiasiya rəhbəri deyir ki, işğaldan azad olunan ərazilərdə 500 minədək arı ailəsinin saxlanması mümkündür: “Azad olunan ərazilərdə potensial yüksəkdir. Biz əvvəl 300 min arı ailəsi düşünürdük, amma sonra gördük ki, 500 minədək ailə saxlamaq olar. Bu da əlavə 6-7 min ton bal istehsalı deməkdir. Biz bu potensialdan səmərəli istifadə etməliyik”.

Dünya SAKİT,
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Mart 2025

14 Mart 2025

BÜTÜN XƏBƏRLƏR