İnsanlara hürriyət, millətlərə istiqlal!

Balaxanı sakinləri ayağa qalxdı: Qan yağış suyuna qarışır, xəstəlikdən qorxuruq - VİDEO 

Yeni Balaxanı sakinləri yollarının pis vəziyyətdə olması ilə bağlı Musavat.com-a müraciət ediblər.

Sakinlər şikayətlərində bildiriblər ki, kənd Balaxanıda ümumi yollar təmir olunsa da, yeni Balaxanının ərazisindən keçən, Zabrata və həmin istiqamətlərdə olan kəndlərə aparan yol bərbad vəziyyətdədir.

Onların sözlərinə görə, Süleyman Rəhimov küçəsində yağış yağanda həmin yollarda böyük gölməçələr əmələ gəlir.

“Sabunçu Rayon İcra Hakimiyyəti, eləcə də bələdiyyələr bu yollara illərdir ki, baxmırlar. Bələdiyyələr hər il buradakı sakinlərdən rüsum alır, ödəməyənləri məhkəməyə verirlər. Lakin faktiki olaraq heç bir iş görülmür”, - yaxınlıqda yaşayan sakin Qəzənfər Quliyev deyir.

Onun sözlərinə görə, yolun bu vəziyyətə düşməsinə vaxtı ilə fəaliyyət göstərən Akkord Asfalt Zavodunun ağır tonnajlı yük maşınları səbəb olub. Belə ki, zavodun ağır tonnajlı maşınları bu hissədən keçərək yolu yararsız hala salıb.

Sakin Əhməd Cəfərov isə bildirir ki, yolun bərbad vəziyyətdə olması avtomobillərin asqı sistemlərini sıradan çıxarıb:

“Maşınlarımız yararsız hala düşüb. Bu yol, ərazi Allahın belə yadından çıxıb. Qalmışdı ki, icra bizi yada salsın”.

Mirzə ismayılov deyir ki, buranın problemi təkcə yolun dağılması ilə bitmir. Eyni zamanda ərazi tamamilə unudulub:

“Yolun kənarına qoyulan zibil qabları vaxtında daşınmır. Halbuki ətraf ərazilərdə zibil qabı qoymaq üçün xeyli boş ərazilər var. Buna baxmayaraq, gətirib yol qırağına düzüblər. Yaxınlıqdakı qəssabxanaların leş ətləri bu zibil qablarına atılır. Vaxtında daşınmadığı üçün üfunət iyindən burada durmaq mümkün olmur. Qəssabxanalardan axan qan küçənin yağış suyu ilə qarışır, antisanitariya vəziyyəti yaradır. Dözülməli iy deyil. Qoy rəsmi qurumlar bizi unutmasın”.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Saleh Məmmədov bir neçə il öncə bildirmişdi ki, 2023-cü ilin sonunadək Bakının qəsəbələrində asfalt yolların çəkilişi başa çatdırılacaq.

AAYDA-nın mətbuat katibi Anar Nəcəfli deyib ki, sözügedən yollar agentliyin balansında deyil.

Məsələ ilə bağlı Musavat.com Sabunçu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

Bildirilib ki, rayonun bütün qəsəbələrində olduğu kimi, Balaxanı qəsəbəsində də qəsəbədaxili yolların asfaltlanması mərkəzləşmiş qaydada aidiyyəti üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dövlət investisiya proqramları çərçivəsində həyata keçirilir. Balaxanı qəsəbəsində Süleyman Rəhimov küçəsinin də investisiya proqramına salınması üçün Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə müraciət olunub.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

24 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR