İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının “maşın bazarı”nda Çin səddi

Tətbiq edilən vergi güzəştləri, bazarda qiymətlərin tənzimlənməsi onu deməyə əsas verir ki, bu ölkədə istehsal olunun avtomobillərə tələbat daha da artacaq

Elektriklə işləyən avtomobillərin dünya bazarına inamla “şütüməsi” nəticəsində Avropa və Yaponiyanın bir sıra avtomobil konsernləri (məsələn, “Volksvagen”, “Nissan” və başqaları) ciddi iqtisadi sıxıntılarla üzləşib, istehsalı azaldıb. Bu tendensiya ümumilikdə avtomobil sənayesində tənəzzülə səbəb olub.

Bəs dünya avtomobil bazarında baş verən bu dəyişiklik Azərbaycanın yerli avtomobil bazarına necə təsir edib? Yeni və “ikinci əl” avtomobillərin alqı-satqısında hansı qiymət dəyişiklikləri var? 

Əsas istehsalçılardan hesab edilən Çin bazarı ötən il elektromobillərin istehsal və satış payını 30 faizdən çox artırıb. 2024-cü ildə ölkəmizə 3 mindən artıq təkcə elektrik mühərrikli elektromobillər idxal olunub.  Tətbiq edilən vergi güzəştləri, bazarda qiymətlərin tənzimlənməsi və rəqabət mühitinin möhkəmlənməsi onu deməyə əsas verir ki, elektromobillərə və hibrid maşınlara tələbat artacaq.

Alıcıları bu avtomobillərə yönləndirən onların daha az xərc tələb etməsidir, çünki bu tip maşınlar mənfəətlidir. “Həm qiymət cəhətdən, həm də texniki baxımdan məni qane edir”, - deyə bizimlə söhbət edən alıcı bildirir. Satıcılar da deyir ki, indi daha çox Çin istehsalı olan avtomobillərə maraq var: “Çünki elektromobillərə və hibrid maşınlarına tələbat çoxdur. Koreyadan gələn avtomobillərə isə tələbat zəifləyib”.

Digər satıcı isə deyir ki, Çin istehsalı maşınlar ucuz olduqları üçün onları rahatlıqla sata bilirlər: “Həm də bu maşınlarda benzinə qənaət etmək mümkün olur”. Ötən il ölkəyə 680 milyon dəyərində hibrid avtomobillər idxal olunub. 2023-cü illə müqayisədə bu rəqəm 50 faiz çoxdur.

Özbəkistanın avtomobil sənayesində kifayət qədər təcrübəsi var – Elməddin  Muradlı (Özəl) - TurkicWorld

Elməddin Muradlı 

Nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, elektromobillərə dövlət tərəfindən çox böyük güzəştlər tətbiq edilib və bundan sonra qiymətlərdə xeyli azalma baş verib: "8-10 min arası ucuzlaşma oldu. Çünki əlavə dəyər və aksiz vergilərdən azad olunub. Bu proses hazırda da davam edir. Yanacağın qiyməti bahalaşandan sonra insanlarda elektrik və hibrid avtomobillərə maraq daha da çoxalıb. Xüsusən də taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qərar veriləndən sonra qiymətlər dəyişdi. Çünki “Toyota Prius”ların ili köhnəldi və onlar yığışdırıldı, bazara yeni avtomobillər daxil oldu. Ümumilikdə isə elektromobillərə maraq böyükdür, yaxşı alıcı kütləsi var. Əlbəttə ki, bu, digər modellərin satışına da mənfi təsir göstərib, qiymətlər ucuzlaşıb. Bazarda bir durğunluq yaradıb. Bir məsələni də qeyd edim ki, Avropadan gətirilən elektromobillər baha olduğuna görə Çinin istehsalı olan maşınlar qədər alınmır. Çinin istehsalı olan elektrik maşınlarına isə maraq çoxdur. Bu maşınların gələcəkdə hansı fəsadlarının olacağını zamanla görəcəyik".

Elektromobillərin sayının artması, təbii olaraq, onların hərəkətini problemsiz təmin edəcək şarj stansiyalarının sayının artırılmasını tələb edir.

Bakıda 4 məntəqədə - “İçərişəhər”, “Yasamal 120" yarımstansiyalarının ərazisində, Tədris və İnnovasiylar Mərkəzində, Xəzər rayonu, Buzovna qəsəbəsində enerjidoldurma cihazları quraşdırılaraq istismara verilib.

Bakıda daha 12 nöqtədə isə - Nərimanov rayonunda Atatürk parkı, metronun “Gənclik” stansiyası, Aşıq Molla Cümə küçəsində, 215 saylı yarımstansiyanın yaxınlığında, Səbayel rayonunda Nizami küçəsində və Ağ Şəhər bulvarı dairəsində, Maştağa elektrik şəbəkəsinin ərazisində yerləşən 110/35 kV-luq “Sea Breeze” yarımstansiyasında və “Sea Breeze” yaşayış kompleksinin parkinq ərazisində, Xətaidə “Ağ şəhər-1" və ”Ağ şəhər-2" yarımstansiyalarının ərazisində, Xəzər rayonunda Qala-Mərdəkan yolunun üzərində, Nəsimidə “Dağlıq” yarımstansiyasında, Nizami rayonunda Qara Qarayev küçəsində enerjidoldurma məntəqələri quraşdırılıb.

Paytaxtla yanaşı regionlarda - Yevlaxda, Salyanda, Qəbələnin Hacıallı kəndində, Qarabağ və Şərqi Zəngəzurda isə Füzuli, Cəbrayıl, Zəngilan, Şuşa, Xocavənd, Xocalıda da enerjidoldurma məntəqələri xidmət göstərir.

Elektromobilləri şarj etmək üçün istifadə olunan bu qurğular yaşıl enerji ilə dəstəkləndiyi üçün ətraf mühitin qorunmasında mühüm rol oynayır.

“Azərişıq” ASC tərəfindən quraşdırılan yüksək gücə malik sürətli, sabit cərəyanlı məntəqələrdə elektromobillər qısa vaxtda keyfiyyətli elektrik enerjisi ilə doldurulur. Onu da bildirək ki, adambaşına düşən avtomobil sayına görə regionda son sıralardayıq. Ötən ilin əvvəlinə olan sonuncu rəsmi məlumata görə, Azərbaycanda 1 milyon 738 min 940 avtomobil dövlət qeydiyyatında olub.

Qeyd olunan dövrdə Azərbaycan əhalisinin sayı 10 milyon 127,1 min nəfər olub və nəticədə hər 1000 nəfərə düşən avtomobil sayı 172 ədəd olub.

Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

05 Mart 2025

BÜTÜN XƏBƏRLƏR