İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının ən yaşıl bağından REPORTAJ, FOTOLAR

Bakıda yaşıllıqlar içində gəzişmək, təmiz hava almaq, təbiətin gözəlliyindən zövq almaq üçün hara getmək olar? sualına cavab axtarırsınızsa, heç düşünmədən Mərkəzi Nəbatat bağına üz tuta bilərsiniz.

Mərkəzi Nəbatat bağına giriş 6 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 2 manatdır. 6 yaşa qədər uşaqlar üçün isə giriş pulsuzdur. Bağ səhər saat 9-da açılır. Bağda nələr yoxdur ki?! Sərv, çinar, şam və onlarla digər ağac növləri, zəngin bitki aləmi, saysız-hesabsız kollar, güllər...

Respublikanın müxtəlif ekoloji şəraitində bitən və xarici ölkələrdən gətirilən nadir, nəsli kəsilməkdə olan bitkilər aləmində gəzişmək həm bilgi almaq, həm də təmiz havadan zövq almaq imkanı verir.

Mərkəzi Nəbatat Bağında Azərbaycanın florasına aid 5000-ə yaxın nadir bitki növü var ki, bunlardan 467 növü ağac və kol bitkiləridir. Tədqiqatlara əsasən, həmin bitki növlərindən 189-u məhv olma təhlükəsi altındadır. Son “Qırmızı Kitab”a təxminən 50 növ ağac bitkisi salınıb. Hazırda Ağac və kol bitkiləri laboratoriyası tərəfindən bu sayın artırılması istiqamətində işlər görülür.

Mərkəzi Nəbatat Bağına İtaliya və Türkiyədən flora növləri gətirilib. Mərkəzi Nəbatat Bağı ərazisinə abadlıq işləri çərçivəsində yeni 116 növ bitki gətirilib. Bu, çox böyük rəqəmdir. Bu bitkilər ölkənin hava temperaturuna uyğunlaşdırılıb, adaptasiya prosesindən keçib.

Əsaslı yenidənqurma və bərpa işlərindən sonra bağın ərazisi 39 hektardan 45 hektara çatdırılıb.

Əvvəlki oranjereyalar əsaslı təmir edilib, yeni oranjereyalar inşa edilib. Xarici ölkələrdən gətirilmiş xüsusi şəraitdə bəslənən müxtəlif növdə nadir dekorativ ağaclar, kol və güllər əkilib. Oranjereyalara giriş hələ ki mümkün deyil.

Kassada və oranjereyaların giriş qapısında qeyd olunduğu kimi, bitkilərin adaptasiya prosesi davam etdiyi üçün giriş müvəqqəti bağlıdır.

Girişdən sola doğru hərəkət etdikcə qarşınıza uzun körpü çıxacaq. Piyadalar üçün tikilən 650 metr uzunluğunda müasir körpü sizi hündür nöqtəyə çatdırır ki, buradan Bakya möhtəşəm mənzərə açılır.

Bağa giriş saat 17:00-da bağlanır.

Nigar HƏSƏNLİ,
Fotolar müəllifindir,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR