Onlayn ictimai-siyasi qəzet
Bakının inzibati rayonlarının birləşdirilməsi məsələsi yenidən gündəmə gəlib. Son günlər bu mövzu ictimaiyyət arasında geniş müzakirə olunur. Məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilsə də, əsas məqsəd şəhərin daha səmərəli idarə olunmasını təmin etmək və tarixi mərkəzi vahid bir struktur altında birləşdirməkdir.
Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə bu ideyanı irəli sürən şəxslərdən biridir. O, ötən il bildirmişdi ki, Bakının tarixi mərkəzinin sərhədləri mütləq müəyyən edilməli və bu ərazi ayrıca inzibati vahid kimi formalaşdırılmalıdır. Hal-hazırda paytaxtın tarixi mərkəzi dörd inzibati rayonun – Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonlarının arasında bölünüb. Bu isə şəhərin mərkəzi hissəsində idarəetməni çətinləşdirir və vahid şəhərsalma prinsiplərinin tətbiqini məhdudlaşdırır.
Bakının yeni baş planı bir neçə ay əvvəl təqdim olunub. Maraqlıdır, bu plana əsasən Bakının əsas rayonlarının birləşdirilməsi nəzərdə tutulubmu?
Məsələ ilə bağlı memar Dilqəm Məhərrəmov News24.az-a verdiyi açıqlamada bildirib ki, təsdiqlənən yeni Baş Planda “mərkəzi planlaşdırma rayonları” adlı bir anlayış var. Onun sözlərinə görə, bu yanaşma məntiqlidir və şəhərin idarə olunmasını daha effektiv edəcək:
“Əslində bu məntiqlidir, olması gərəkən bir şeydir. Şəhərin inkişafına da müsbət təsir edəcək. Baş planda mərkəzi planlaşdırma rayonundan başqa xüsusi marşrut zonası da var. Hansı ki, bu gün ona zidd olaraq həmin ərazilərdə nömrələnmə işləri aparılır. Əslində bunlar baş plana ziddir. Bakı mərkəzi planlaşdırma zonası olaraq xüsusi rayon olsa, daha yaxşı olar.”
Memarın fikrincə, şəhərsalma prinsiplərinin effektiv şəkildə tətbiqi üçün Bakının mərkəzi hissəsinin inzibati rayonlar arasında parçalanması düzgün yanaşma deyil. Hazırda Səbail, Yasamal, Nəsimi və Nərimanov rayonları arasında bölünmüş mərkəzi hissənin vahid struktur altında birləşdirilməsi şəhərin idarə edilməsində çevikliyi artıracaq:
"Bundan əlavə, bu addım Bakının tarixi binalarının qorunmasına, şəhər planlaşdırmasının daha sistemli aparılmasına və turizm potensialının daha səmərəli istifadəsinə töhfə verə bilər. Bakının yeni Baş Planı şəhərin inkişaf konsepsiyasını müəyyənləşdirən əsas sənəddir. Burada şəhərin funksional zonalara bölünməsi, yol infrastrukturu, ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi və mərkəzi hissənin vahid idarəetmə prinsipləri əsasında tənzimlənməsi nəzərdə tutulur. Məhz bu çərçivədə mərkəzi planlaşdırma rayonları və xüsusi marşrut zonaları anlayışları təklif olunur. Lakin bəzi hallarda bu prinsiplərə zidd addımlar atılır və şəhərin inkişaf planına uyğun olmayan nömrələnmə işləri aparılır".
Dilqəm Məhərrəmov hesab edir ki, Bakı şəhərinin mərkəzi hissəsi ayrıca bir inzibati vahid kimi formalaşdırılarsa, bu cür uyğunsuzluqlar aradan qaldırıla bilər. Belə bir inzibati dəyişiklik, həmçinin şəhərsalma layihələrinin daha effektiv həyata keçirilməsinə və şəhərin turizm potensialının daha yaxşı dəyərləndirilməsinə imkan yaradacaq.
04 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ