Onlayn ictimai-siyasi qəzet
İrəvan rəsmilərinin yalançı sülh ritorikası artıq ənənə şəklini alıb. Aprelin 5-də Brüsseldə baş nazir Nikol Paşinyanın iştirakı ilə üçlü formatda reallaşan görüş də bu xüsusda istisna olmadı.
Amma cəmi bir həftə qabaq o, Qazağın 4 kəndini martın sonunadək təcili qaytarmağın vacibliyindən danışmış, əks halda, öz əhalisini yeni müharibə ilə hədələmişdi.
Bəs işğal altındakı kəndlər niyə Azərbaycana təhvil verilmədi? Belə çıxır, müharibə bəyanatları İrəvana Brüssel görüşü ərəfəsi vəziyyəti qəsdən gərgin göstərmək və Azərbaycanın aqressiv, müharibə arzulayan tərəf obrazını yaratmaq üçün lazım olub. Bu arada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasının dalana dirənməsini “tərəflərin 2 mühüm məsələdə razılığa gələ bilməməsi” ilə izah edib. Onun sözlərinə görə, sülh müqaviləsinin bu iki əsas məqam üzrə Bakı və İrəvanın baxışları bir-birindən uzaqdır: “Bunlar - delimitasiya və bölgədə kommunikasiyaların açılması (Zəngəzur dəhlizi - red.) məsələləridir”.
O halda ortaya sual çıxır: görəsən, həmin 2 iki məsələni razılaşdırmağa nə mane olur? Əslində Bakının irəli sürdüyü və beynəlxalq hüquqa əsaslanan 5 məlum baza prinsipi əsasında sülh sənədini əngəlləyən tək səbəb İrəvanın öz xarici havadarlarına arxalanaraq davam etdirdiyi destruktiv mövqe, özünü məğlub tərəf kimi aparmaq istəməməsi və vaxtı uzadaraq təzədən toparlanmaq, hücum ordusu qurmaq planı ilə bağlıdır. Əfsus ki, kollektiv Qərbin bu yöndə İrəvana dəstəyi iqtidarlı-müxalifətli erməni cəmiyyətində revanşist ovqatı gücləndirib. Görünən budur ki, Brüsseldən təlimatlarla qayıtmış Ermənistan rəhbərliyi təxribatlarından əl çəkmir. Beləliklə, Paşinyan hökumətinin məkrli niyyəti yeni eskalasiyaya rəvac verir. Müraciət etdiyimiz təhlilçilərimiz proseslərlə bağlı maraqlı fikirlər səsləndirdilər.
Deputat: "Qarabağdan qarşıdurma obyekti kimi istifadə edə bilməyəcəyini görən Qərb onu şərti sərhədlə əvəzləyib..."
Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında Ermənistan hakimiyyətinin ziddiyyətli siyasətindən bəhs etdi: “Paşinyan öz haylarını guya Azərbaycandan savaş hədəsi gəldiyinə eyham vuraraq, Azərbaycanın işğal altındakı kəndlərindən dördünü, yəni eksklav olmayanları qaytarmağa çağıranda mən bunun oyun olduğunu və arxasında da Qərbin dayandığını bildirmişdim. Xatırladım ki, belə bir xəbərdarlıqla Paşinyan ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Luis Bonoyla görüşdən dərhal sonra çıxış etmişdi. Belə görünürdü ki, Brüssel görüşü qabağı ona yenə "sülh göyərçini" kimi çıxış etməsini məsləhət görmüşdülər. Digər tərəfdən isə Azərbaycanı Ermənistanın torpaqlarını ələ keçirməyə hazırlaşan dövlət kimi təqdim etməklə onlar Brüsseldə Ermənistana göstəriləcək hərbi-siyasi və hərbi-texniki dəstəyə haqq qazandırmaq üçün əsas hazırlayırdılar. Amma ABŞ dövlət katibi Entoni Blinken və Avropa Birliyi Komissiyasının Prezidenti Ursula fon der Lyayenin görüş öncəsi cənab İlham Əliyevlə telefon danışığı zamanı onlara belə bir addım atacaqları təqdirdə Azərbaycanın atacağı addımlar anladıqları dildə çatdırılandan sonra əvvəlki planlarından vaz keçərək istəklərini mərhələlərlə reallaşdırmaq xətti götürdülər. Bəli, məhz Azərbaycanın xəbərdarlığından sonra. Mən dəfələrlə demişəm, bir daha bildirirəm ki, Rusiya rəsmləri ilə Ermənistan rəhbərliyinin sözdə bir-birini asıb kəsmələri daha çox oyundur və bu oyunda Qərb də var. Elə həmin Bono Klaarla birlikdə ötən ilin avqustunda Türkiyədə, Rusiyanın təmsilçisi ilə elə-belə bir araya gəlməmişdi. Yəni Qərb başı Ukraynada savaşa qarışan Rusiyanın yerini nə qədər mümkündür, bir o qədər doldurmağa çalışır ki, Azərbaycanla Ermənistan arasında qarşıdurma qalmaqda davam etsin, onlar da yenə bundan bizə təzyiq aləti kimi faydalansınlar". S.Alıyev həmçinin qeyd etdi ki, A.Mirzoyanın dedikləri də öz fikirləri deyil: “Zəngəzur dəhlizinə yanaşmada iki sözdə düşmənin, yəni ABŞ ilə İranın fikirləri tam üst-üstə düşür. Heç biri onun açılmasını istəmir. Və Brüsseldəki görüşdə hayların geri qaytarılması ilə bağlı heç nə deyilməməsindən də göründüyü kimi, artıq Qarabağdan qarşıdurma obyekti kimi istifadə edə bilməyəcəyini görən Qərb onu şərti sərhədlə əvəzləyib ki, Mirzoyanın delimitasiya haqda dedikləri də elə bunun təsdiqidir”.
STM-in icraçı direktoru: “Ermənistan "münasib vaxta qədər" prosesləri uzatmaq istəyir”
Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov da hesab edir ki, rəsmi İrəvan manipulyasiyalarını davam etdirir: “Əvvəllər də verdiyimiz şərhlərdə qeyd etdiyimiz kimi, Ermənistan ”münasib vaxta qədər" prosesləri uzatmaq istəyir. Bu baxımdan gah sülhə yönələn açıqlamalar verir, gah da ritorikanı dəyişərək sülh proseslərindən, konkret olaraq danışıqlardan uzaqlaşırlar. Onlar üçün münasib vaxt nədir, onu da təxmin etmək mümkündür. Rusiyanın vəziyyətinin pisləşməsi, Ukrayna ilə müharibənin bitməsi və Qərbin diqqətinin daha çox Cənubi Qafqaza yönəldilməsi kimi məqamların olacağını gözləyirlər. Həmçinin paralel olaraq Azərbaycana qarşı beynəlxalq müstəvidə həyata keçirdikləri hüquqi və informasiya müharibəsinin nəticəsi olaraq Azərbaycana sanksiyaların tətbiq olunacağına ümid edirlər. Şərti sərhəddə törətdikləri davalı silahlı təxribatlar da ona hesablanıb ki, Ermənistan bizim əks tədbirlərimizi onların ərazisində baş vermiş kimi rəsmiləşdirsinlər. Yəni guya biz onların suveren ərazilərinə daxil olmuşuq, kimi rəsmiləşdib müharibə cinayətləri üzrə cinayət işlərinə başlasınlar. Sərhədlərin delimitasiyasında marağın olmamasının səbəblərindən biri də budur. Əgər delimitasiya olunmuş sərhədlər olsa, Ermənistan Azərbaycana belə böhtanlar ata bilməyəcək. Zəngəzur dəhlizinin açılması əslində problem deyil, Ermənmistanın mənafelərinə daha çox uyğun olan bir məsələdir. Çünki dəhlizdən başqa ölkələrin də yükləri keçib gedəcək, o cümlədən Ermənistanın da öz yükləri və nəqliyyat vasitələri". Elə isə niyə bu əlverişli şərtlərə razı deyillər? S.Məmmədov: “Əlbəttə, bu, daha çox siyasi məsələdir. Çünki Azərbaycanın yeganə istəyi Azərbaycana aid yüklərin, nəqliyyatın və sərnişinlərin sərhəd və gömrük yoxlaması olmadan bir ərazisindən o bilinə keçməsidir. Bu halda Azərbaycan tərəfi yol xərclərini də ödəməyə hazırdır. Beynəlxalq praktikada geniş yayılmış bir haldır. Amma Ermənistan özü üçün əlverişli olan bu layihəni də icra etmək istəmir”. Ekspert qeyd etdi ki, bu baxımdan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sülh müqaviləsinin imzalanmasının dalana dirənməsini “tərəflərin 2 mühüm məsələdə razılığa gələ bilməməsi” ilə izah etməsi, sadəcə, absurddur: “Delimitasiya məsələsinə qayıtsaq, Azərbaycan tərəfi hətta delimitasiya prosesləri başa çatmadan da sülh müqaviləsinin bağlanmasının mümkünlüyünü bildirib. Beləliklə, bu, növbəti Ermənistan uydurmasıdır və bəhanədən başqa bir şey deyil”.
S.Məmmədovun fikrincə, bu arada aprelin 5-də Brüsseldə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyeyen, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyanın keçirdiyi üçtərəfli görüş sülh proseslərinə çox ciddi zərbə vurdu: “Sülh müqaviləsinin bağlanması istiqamətində danışıqlar dayanmasa belə, onun ləngiməsi və Ermənistanın cığallıqlarının artacağı şübhə doğurmur. Hələ görüş ərəfəsində Ermənistan rəsmilərinin, hakim partiya deputatlarının, hətta müxalifətin ritorikası dəyişmişdi. Məsələn, hakim partiyadan parlament deputatı Armrn Xaçaturyan belə bir açıqlama vermişdi ki, İrəvan hərbi-diplomatik resursları səfərbər etməklə və orduda əsas islahatları həyata keçirməklə təhlükəsizliyini gücləndirir. Bu dəyişikliklər dərhal nəzərə çarpmasa da, tezliklə Ermənistan ölkənin suverenliyini və ərazi bütövlüyünü etibarlı şəkildə müdafiə etməyə hazır silahlı qüvvələr formalaşdıracaq. Azərbaycan istəsə də, istəməsə də Ermənistan buna gələcək. Gec və ya tez, gün gələcək ki, Azərbaycan Ermənistanı hədələmək və ya ona qarşı təcavüzə başlamazdan əvvəl iki dəfə düşünəcək". Baxın, adı hallandırılan bir görüşün küləyi belə, bunları ürəkləndirib. Əlbəttə, ayrılan maliyyə dəstəyi o qədər də çox deyil, amma Ermənistan daha çox siyasi və hərbi dəstəyə ümid bəsləyir. Bu baxımdan müstəqil qərar vermək imkanı olmayan Ermə-nistan növbəti provokasiyaya getdi". STM-in icraçı direktoru qeyd etdi ki, təəccüb doğuran isə İranın məsələlərə sakit yanaşmasıdır: “Siz təsəvvür edin ki, həmin tərəflər eyni dəstəyi Azərbaycana nümayiş etdirsəydi, İranda nə baş verərdi? Deməli, İranın dərdi başqadır. Rusiya isə ifrat səbr göstərməkdə davam edir. Görünür, Qərbdə də bunu yaxşı bilirlər ki, Ermənistan Rusiyaya idxalı qadağan olunan məhsulların reeksportunu və Rusiyanın bəzi starteji məhsullarının reeksportunu həyata keçirən əsas dövlətdir. Görünür, bu səbəbdən həm Qərb, həm də Ermənistan hesab edir ki, Rusiya səbrli olmaqda davam edəcək”.
E.Paşasoy,
“Yeni Müsavat”
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ