İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakını piyadayönümlü şəhərə çevirmək mümkündürmü? - ekspert şərh edir

İctimai nəqliyyat şaxələndirilməli, dəqiq işləməli, yeraltı nəqliyyat xətləri genişləndirilməlidir

Bir çox dünya şəhərləri kimi, Bakı da şəxsi avtomobillərlə rahat hərəkət etmək üçün qurulurdu. Buna baxmayaraq, sürücülər hər gün tıxaclarda vaxt itirirlər, parklanma yerlərinin çatışmazlığı ilə üzləşirlər və yol hərəkətinin təşkili sahəsində yol verilmiş səhvlərə görə əziyyət çəkirlər. Əziyyət çəkən təkcə sürücülər deyil, həm də piyadalardır. Səkilər iaşə obyektləri tərəfindən zəbt olunub, bəzi səkilər velosiped zolağı kimi istifadə olunur. Bundan əlavə, əlillər və yaşlıların rahat hərəkəti üçün infrastruktur qənaətbəxş deyil. Bu gün əksər böyük şəhərlərdə fəallar insanyönümlü şəhər qurmaqla bağlı müraciətlər edirlər. Təcrübə göstərir ki, kiçik kurort şəhərlərində buna nail olmaq mümkündürsə, paytaxtlarda, böyük şəhərlərdə bu, kifayət qədər çətindir. Bəs Bakını necə, insanyönümlü şəhərə çevirmək olarmı? (red: bəzi ekspertlər piyadayönümlü şəhər ifadəsini işlədir).

Ekspert: “İdxal olunan avtomobillər üçün tətbiq olunan rüsumlar  azaldılmalıdır” - 10.08.2021, Sputnik Azərbaycan

Eldəniz Cəfərov 

Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov “Yeni Müsavat”a mövzunu şərh edərkən bildirdi ki, Bakıda vaxtilə bəzi küçələrdə avtomobillərdən istifadənin qadağan olunması təcrübəsi olub: “İlk növbədə qeyd edim ki, mən şəhərlərin təyinatında insanyönümlü deyil, piyadayönümlü ifadəsini işlətməyi üstün tuturam. Çünki şəhərlər zatən insanyönümlü olur. Kateqoriya olaraq piyada və avtomobilyönümlü ayıra bilərik. Piyadayönümlü şəhərlər turistik, yaxud kiçik olur. Avtomobilyönümlü şəhərlər isə böyük, sənaye şəhərləridir. Bakını piyadayönümlü şəhərə çevirmək mümkündürmü? Bizdə bu təcrübə var. Hələ 40 il öncə Fəvvarələr meydanı, eləcə də Nizami küçəsinə avtomobillərin girişi-çıxışı qadağan edilib. Bugünkü vəziyyətdə isə Bakını tam piyadayönümlü şəhərə çevirmək mümkün deyil. Bunun üçün ilk növbədə mobillik artırılmalıdır. Eyni zamanda ictimai nəqliyyat şaxələndirilməli, dəqiq işləməli, yeraltı nəqliyyat xətləri genişləndirilməlidir ki, şəhərin bir nöqtəsindən digər nöqtəsinə hərəkət rahat olsun. Piyadayönümlülüyü artırmaq üçün təbliğat da önəmlidir. Təəssüf ki, məsul qurumlar bəzən antitəbliğata yol verirlər. Bir neçə il öncə nəqliyyat sahəsində səlahiyyətli qurum piyada olmağı mənfi hal kimi göstərən videoçarx yayıb (red: Bakı Nəqliyyat Agentliyinin çəkdiyi ”Piyada keçidi podium deyil" adlı çarx nəzərdə tutulur). Çarxa baxanda belə təəssürat yaranır ki, sanki sürücülər piyadalardan üstündürlər. Təbliğat dəqiq və düzgün aparılmalıdır. O ki qaldı Avropa ölkələrinin təcrübəsinə, bu yalnız kiçik, kurort şəhərlərdə mümkündür. İri paytaxt və sənaye şəhərlərində piyadayönümlülüyə hələ də nail olunmayıb. İspaniyanın Barselona şəhərində buna qismən müvəffəq olublar. İctimai nəqliyyat (o cümlədən metro) o qədər dəqiq işləyir ki, avtomobillərə az rast gəlinir".

Ekspert digər nəqliyyat vasitələrinin populyarlaşdırılmasının da həll yolu ola biləcəyini düşünür: “Velosipeddən istifadə təbliğ olunmalıdır. Görünən odur ki, ya təbliğat yoxdur, ya da təbliğat istiqaməti doğru deyil. Velosiped zolaqları yolun sağ tərəfində çəkilməli olduğu halda, piyada səkilərində çəkilib. Təkcə bu fakt piyadayönümlülüyün qarşısını alır. Bir məntəqədən digər məntəqəyə bu zolaqlarla getmək mümkün deyil. Bu eyni zamanda piyadaların hüququnu pozur. Hərəkətə əngəl törətmək problemdir. Bu məsuliyyəti dərk etmək lazımdır. Aidiyyəti qurumlar Bakı sakinlərindən bu "velosiped zolaqları"na görə üzr istəməlidirlər".

E.Cəfərovun fikrincə, tıxaclardan xilas olmaq mümkündür: “İctimai nəqliyyat əlçatan olmalıdır. Bu gün Bakı sakinləri avtobuslardan rahat istifadə edə bilmirlər. Avtobuslararası interval çoxdur. Dayanacaqlardan ödəmə terminalları yığışdırılıb, "BakıKart"a ödəmə etmək mümkün deyil. Bakı-Sumqayıt yolunda mütəmadi tıxacdan şikayət var. Sürətli qatardan əlavə, 20 Yanvar, yaxud Şamaxinka deyilən ərazidən həmin yola paralel sürətli tramvay xətti çəkilə bilər. Ümumiyyətlə, Bakıətrafı ərazilərdə tramvay xətlərinin çəkilməsini həyata keçirmək olar. Ən problemli, tıxaclı, qəza olan Ziya Bünyadov küçəsinə paralel ötürücülər, körpülər tikməklə onlar üzərindən sürətli tramvay xətti çəkmək mümkündür. İctimai nəqliyyatı şaxələndirməklə tıxacların qarşısını almaq olar. Bundan başqa, nizamsız tikililərin də qarşısı alınmalıdır.

Eyni zamanda respublikada avtomobillərin 60-70 faizi paytaxtdadır, əksəriyyəti də köhnədir, istismar müddəti başa çatıb. Nəqliyyatda sıxlıq zamanı texniki nasazlıq yarananda bu da tıxaca səbəb olur. Həmçinin əksər sakinlər dövlətə məxsus parklanma yerlərinin ünvanlarını bilmirlər. Düşünürəm ki, bu problemləri mərhələli şəkildə həll etmək mümkündür".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR