İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bakını bombalayaq” deyən “Mixaylo”nu necə həbs edək?

Mixail Aleksandrovun üçüncü dövlətin ərazisində  həbsi və Azərbaycana ekstradisiyası mümkündür

Azərbaycanın axtarışa verdiyi rusiyalı politoloq Mixail Aleksandrov iki gün əvvəl  Moskvada saxlanılıb. Bu barədə Rusiyanın Teleqram kanallarında məlumat yayılıb. Yaxınları ilə telefon danışığında ekspert səhər saatlarında saxlanıldığını, evindən polis bölməsinə aparıldığını söyləyib.

Hələlik onun hansı ittiham üzrə saxlanıldığı bəlli deyil.

Mixail Aleksandrov ötən ilin yanvarında Azərbaycana qarşı təxribatçı fikirlərinə görə işlədiyi Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundan (MDBMİ) qovulub. Ermənipərəst ekspert Rusiyanı Bakını bombalamağa çağırmışdı. Bundan sonra Azərbaycan Baş Prokurorluğu cinayət işi açaraq, Aleksandrov barəsində beynəlxalq axtarış elan edib. Aleksandrov son olaraq aprelin 3-də Azərbaycanı yenə nüvə silahı ilə hədələmişdi.

Yada salaq ki, Mixail Aleksandrov “Azərbaycanın bütün neft sənayesini, enerji sistemini raketlərlə bombalamağa və tamamilə məhv etməyə” çağırdıqdan sonra Baş Prokurorluq onun barəsində cinayət işi başlamışdı. Ona qarşı  Cinayət Məcəlləsinin 101.2 (kütləvi informasiya vasitələri ilə təcavüzkar müharibəni başlamağa açıq çağırışlar), 214.2.3 (odlu silahdan istifadə etməklə terrorçuluğun törədiləcəyi ilə hədələmə) və 283.2.1, 283.2.2-ci (qulluq mövqeyindən yararlanaraq zor tətbiq etməklə milli nifrət və düşmənçiliyin salınması) maddələri ilə cinayət işi başlanmışdı. Məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilməklə İnterpol vasitəsilə beynəlxalq axtarışı elan edilib.

Mixail Aleksandrov 27 fevral 1960-cı ildə Moskvada anadan olub. 1982-ci ildə SSRİ Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (MDBMİ) bitirib. 1982-1992-ci illərdə - SSRİ Xarici İşlər Nazirliyinin əməkdaşı (Rusiya) olub. O, Yeni Zelandiya və Zimbabvedəki səfirliklərdə, həmçinin Xarici İşlər Nazirliyinin Mərkəzi Aparatında - 2-ci Avropa Departamentində, Konsulluq İdarəsində və Qiymətləndirmə və Planlaşdırma İdarəsində çalışıb. 

Məlumdur ki, Rusiyanın  öz vətəndaşını başqa ölkəyə təhvil verməsi qanunla yasaqdır. Rusiya vətəndaşı olduğuna görə onun ekstradisiyasını Rusiyadan tələb etmək üçün hüquqi baza yoxdur. 

O da 43 milyonluq əmlakını geri istəyir

Natiq Ələsgərov

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Azərbaycan tərəfi Mixail Aleksandrovun barəsindəki cinayət işinin istintaqı çərçivəsində Rusiya Federasiyasının Baş Prokurorluğuna və digər ölkələrin hüquq-mühafizə orqanlarına hüquqi yardımın göstərilməsi haqqında rəsmi vəsatətlər göndərməsi mümkündür. Azərbaycan tərəfi Mixail Aleksandrovun Rusiyada mühakimə edilməsini istəyirsə, onun barəsindəki cinayət işinin materiallarını Rusiya istintaq orqanlarına təhvil verməlidir. Son illərdə Azərbaycan Baş Prokurorluğu ilə Rusiya Baş Prokurorluğu arasında cinayət işləri üzrə hüquqi yardım, ekstradisiya və elm-tədris sahələrində işbirliyi genişlənib. Bu baxımdan Mixail Aleksandrovun barəsindəki cinayət işinin Rusiya Baş Prokurorluğuna göndərilməsi və Rusiyada onun barəsində cinayət təqibinin aparılmasına nail olmaq mümkündür". 

Natiq Ələsgərov bildirib ki, bundan başqa Mixail Aleksandrovun üçüncü dövlətin ərazisində də həbsi və Azərbaycana ekstradisiyası mümkündür: “Aleksandr Lapşin nümunəsində biz bu praktikadan istifadə etdik. Ölkəmiz barəsində ağzına gələni danışan bu zatı Belarus ərazisində Azərbaycanın sorğusu əsasında həbs edib ölkəmizə ekstradisiya etdilər. Mixail Aleksandrovun da bu şəkildə həbsi mümkündür. Onun barəsində Azərbaycan hüquq-mühafizə orqanları İnterpol xətti ilə beynəlxalq axtarış elan edib. O, Rusiya Federasiyasının ərazisini tərk edəcəksə, həbs olunaraq ölkəmizə təhvil veriləcək”.

E.MƏMMƏDƏLİYEV, 
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR