İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdakı terrorun 15-ci ili tamamlanır – ADNA cinayəti niyə alayarımçıq araşdırıldı?

15 il əvvəl, 2009-cu il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) tədris binasına silahlı hücum oldu. Terror aktı nəticəsində müəllim və tələbələrdən 12 günahsız insan qətlə yetirildi, 13 nəfər isə yaralandı. Üstündən 15 il keçməsinə baxmayaraq, geniş ictimaiyyət hələ də bu qanlı terror aktı ilə bağlı bir sıra cavabsız suallar qarşısındadır. Bu hadisə niyə baş verdi? Qətliamın motivi nə idi? Terrorçu elan edilən Fərda Qədirov bir psixopat-manyak idi, yoxsa xüsusi təlim görmüş terrorçu? Hadisənin arxasında hansısa dövlətin kəşfiyyat strukturu durmuşdu? Terrorçu tək olmuşdu, yoxsa “qara işi” görəndən sonra onu da zərərsizləşdirən biri və ya bir neçəsi olub?

Suallar çoxdur. Bunların bəzilərinin yarımçıq və rəsmi qəbul edilmiş cavabları var, amma illər keçdikcə bu cavablar daha da inandırıcı görünmür. Fərda Qədirov Gürcüstanda doğulub-böyüyüb, Rusiyada yaşayıb və Azərbaycanda terror həyata keçirib. Bunu niyə etməli idi? Axı Azərbaycanda onun xətrinə dəyən, həyatını qaraldan, karyerasına mane olan, haqsızlıqlara məruz qoyan heç kim yox idi. Əgər adam ətrafındakı insanların əlindən zülm-zillət çəkibsə, onlara qarşı nifrət ovqatına köklənibsə belə, bu halda yenə doğulub-böyüdüyü və ya faktiki olaraq yaşadığı ölkənin insanlarına nifrət etməli, qisasını onlardan almalı idi. Fərda Qədirov zombiləşmiş psixopat idisə və hökmən azərbaycanlı gəncləri öldürməyə proqramlaşdırılmışdısa, bunu “Sınıq körpü” sərhəd-keçid məntəqəsini keçəndən bir az sonra, elə Qazax şəhərinin bazarında da edə bilərdi.

thumb.jpg (293 KB)

Maraqlıdır ki, müdhiş olay 2009-cu ildə Azərbaycan büdcəsinə yüz milyonlarla dollar həcmində neft gəlirləri daxil olan günlərdə törədilib. Neft Akademiyasının hədəf olaraq seçilməsi də bu baxımdan təsadüfi görünmür. Həmin günlərdə neft bumuna görə Azərbaycanın adı dünyada dillər əzbəri idi. Azərbaycan manatı dünyanın 3 ən bahalı valyutasından birinə çevrilmişdi. Bir sıra qonşu və uzaq dövlətlərdə bu tərəqqinin qısqanclıq doğurduğu gün kimi aydın idi. Hər halda həmin ölkələrin mediasında ölkəmizə yönəlik mənfi yüklü materiallar çoxalmışdı. Ona görə də Azərbaycanın məhz ən həssas yerindən - uğurlarının əsas qaynağı olan neftin və gəncliyin üzərindən vurulması sui-qəsd nəzəriyyəsi tərəfdarları ilə yanaşı, ayıq, soyuq düşünməyi üstün tutan analitiklərin də nəzərini şimala yönəltmişdi. Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə, qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma, gəzdirmə və qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma maddələri ilə cinayət işi başlanıb. Hüquq-mühafizə orqanlarının apardığı araşdırmadan sonra məlum olub ki, terror aktı törədən Fərda Qədirov erməni xüsusi xidmət orqanlarının sifarişini yerinə yetirib. İttihama görə, cinayətin təşkilatçısı Gürcüstan vətəndaşı, erməni əsilli Mardun Qumaşyandır. O, müttəhimlərlə cinayət əlaqəsinə girərək, onları Bakıda azərbaycanlılara qarşı terror aktı törətməyə razı salıb. İstintaq hesab edib ki, Qumaşyan terrorçuluğu maliyyələşdirərək bu cinayətin təşkili və həyata keçirilməsi üçün onlara ümumilikdə 50 min ABŞ dolları məbləğində pul verəcəyini vəd edib. O, əvvəlcədən Fərda Qədirova 5 min ABŞ dolları məbləğində pul verərək, qalan məbləği cinayət törədildikdən sonra verəcəyi, eləcə də Fərda Qədirov tərəfindən hələ 2008-ci il noyabrın 8-də Tiflisdə odlu silah satışı mağazasından aldığı “Makarov” tipli tapança və 200 ədəddən artıq patronların qanunsuz olaraq Azərbaycana keçirilməsi barədə razılığa gəlib. İbtidai istintaq Fərda Qədirovun ruhi xəstə olduğunu  müəyyən edib. Belə ki, o, əvvəlcədən videomüraciət yazıb və orada bu cinayəti Azərbaycan cəmiyyətinə nifrət etdiyinə görə törətdiyini deyib. Fərda Qədirovun ölümündən öncə mobil telefonuna yazdırdığı videomüraciət yerli televiziyalarda nümayiş etdirilib. Gürcüstanda yaşayan, orada çörək bişirib satmaqla məşğul olan Mardun Qumaşyan “Yeni Müsavat”a demişdi ki, onun ADNA terroru ilə hər hansı bir əlaqəsi yoxdur. Həmin müsahibədən sitat:

d1fcb07b37c1e55329cc055da3770b77.jpg (215 KB)

-Yox. Elə adam olmayıb ki, gəlib desin ki, məni İnterpol axtarır. Öz evimdəyəm. Çörək bişirib satmaqla ailəmi dolandırıram.

-Biz sizdən müsahibə götürüb “Yeni Müsavat”da dərc edəndən sonra polisdən, ya da prokurorluqdan sizinlə maraqlanan, axtaran olubmu?  Xeyr. Məni heç kim axtarmayıb.

- İnteropolun Azərbaycan Milli Mərkəzi Bürosunun rəhbəri rəsmi olaraq açıqlayıb ki, barənizdə bütün dünyada axtarış elan ediblər. Yəni sizi bütün dünyada terror cinayəti ittihamı ilə axtarırlar. İnterpolun rəsmi saytında da sizin adınız, anket məlumatlarınız keçir.

- 3-4 gün qabaq Ermənistana getmək istəyirdim. Gürcüstan sərhədini keçib Ermənistan sərhədçilərinə yaxınlaşdım. Orada mənə dedilər ki, Azərbaycan tərəfi məni İnterpol xətti ilə axtarışa verib. Dedim, nə səbəbə. Dedilər ki, Bakıda törədilən hadisəyə görə. Məni bir gecə saxladılar. Ermənistana və Gürcüstana sorğu göndərdilər. İkinci gün isə sərbəst buraxıb dedilər ki, get, İnterpolun barəndəki axtarışını ləğv etdir. Mən İrəvanda ora (İnterpolun Ermənistan mərkəzini nəzərdə tutur) getdim. Orda dedilər ki, belə haqları yoxdur. Dedilər ki, həmin axtarışı Gürcüstan tərəfi ləğv edə bilər.

- Gürcüstanda olarkən prokurorluğa gedib vəziyyəti aydınlaşdırmaq istəyirsinizmi?

- Əlbəttə, istəyirəm. Mən Çeçenistana, Ermənistana, Rusiyaya qohumlarımın, tanışlarımın yanına getmək istəyirəm. Olmaz bəyəm?

- Gürcüstanın hüquq-mühafizə orqanları sizinlə maraqlanırmı?

- Onlar da dedi ki, belə bir şey yoxdur. Dedim ki, onda göstərin görüm, mən hüquqlarımı qorumaq üçün hara müraciət edim. Gürcüstan tərəfdən mənə heç nə demədilər. Erməni sərhədçiləri məni saxlamışdılar. 3-4 günə hüquq-mühafizə orqanlarına, beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcəyəm. İndi belim ağrıyır. Əməlli-başlı yeriyə də bilmirəm. Elə bir savadlı adam lazımdır ki, mənə yol göstərsin ki, kimin üstünə gedim. Niyə axtarışda olmalıyam? Adımın axtarılanlar siyahısından çıxarılmasını tələb edirəm. Mən niyə əzab çəkməliyəm ki?

img1156538.jpg (7 KB)

Xatırladaq ki, ADNA-da qanlı terror olayı baş verəndən sonra 3-ü Gürcüstan vətəndaşı olmaqla, 4 azərbaycanlı həbs olunub. Onlardan 3-ü barədə ömürlük, biri haqda isə 12 illik həbs cəzası çıxarılıb. Məhkəmədə isə üzə çıxıb ki, ittiham olunan şəxslərdən heç biri terror aktı verən zaman Neft Akademiyasının binasında olmayıblar. İş üzrə proses aparılarkən təqsirləndirilən Nadir Əliyev, Cavidan Amirov və Nəcəf Süleymanov dəhşətli işgəncələrə məıruz qaldıqlarını, Fərda Qədirovla hər hansı bir cinayət törətmədiklərini bildiriblər. Sübut yetərsizliyinə baxmayaraq Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin(indiki Bakı Ağır Cinayətlər Məhkəməsi ) hökmü ilə Gürcüstan vətəndaşları - Nadir Əliyev, Cavidan Amirov və Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan Baş Prokurorluğu ittiham aktında adı qanlı olayı maliyyələşdirən şəxs kimi keçən Mardun Qumaşyan barədə ayrıca cinayət işi ayrıldığını bəyan edib. Amma həmin cinayət işi bu günə kimi Gürcüstan Baş Prokurorluğuna göndərilməyib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR