İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda "Türk Dünyası Beynəlxalq mədəniyyət konfransı"keçirilib - Video, fotolar  

 

Oktyabrın 28-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) "Türk Dünyası Beynəlxalq mədəniyyət konfransı" keçirilib.

Musavat.com bildirir ki, tədbirdə millət vəkilləri Fəzail İbrahimli, Sabir Rüstəmxanlı, Rafael Hüseynov, Arzu Nağıyev, ADMİU-nun rektoru professor Ceyran Mahmudova, Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı, Türkiyənin “Kızılelma” Qadın Gənclik Uşaq Dərnəyinin rəhbəri Yasemin Meydan və digərləri iştirak edib.

Öncə Azərbaycanın və Türkiyənin Dövlət Himnləri səsləndirilib.

Daha sonra ADMİU-nun rektoru professor Ceyran Mahmudova çıxış edərək 2023-cü ilin xalqımız və Türk dünyası, Türkiyə Cümhuriyyəti üçün əlamətdar hadisələrlə zəngin olduğunu söyləyib, ölkəmizdə və xaricdə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər keçirildiyini qeyd edib. Rektor il ərzində ADMİU-da da Ümummilli Liderin yubileyi ilə bağlı silsilə tədbirlərin həyata keçirildiyini və hazırda davam etdirildiyini bildirib.

“Bu il həmçinin ADMİU-nun 100 illik yubileyi qeyd olunur”,- deyən C. Mahmudova bununla bağlı ölkə Prezidentinin müvafiq Sərəncam imzaladığını xatırladıb.

Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən söz açan rektor Türkiyə Cümhuriyyətinin hər zaman xalqımızın və dövlətimizin yanında olduğunu, böyük dəstək göstərdiyini, ADMİU-nun da qardaş ölkənin bir sıra ali məktəbləri ilə əməkdaşlıq etdiyini bildirib.

Azərbaycan Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlı çıxış edərək, bildirib:

"Türkiyə-Azərbaycan qardaşlığının ən zirvədə olduğu bir tarixə şahidlik edirik. Türkiyə və Azərbaycan, Türk dünyası və oğuzlar bir çatı altında  araya gələrək çalışma başlamışıq. Oktyabr çox önəmli tarixlərin baş verdiyi aydır. Ümummilli lider Heydər Əliyevin yüz illik yubileyidir.

Türkiyə Cümhuriyyətinin yüz illiyidir. Bu tədbir iki böyük şəxsiyyət Heydər Əliyev və Mustafa Kamal Atatürkün xatirəsinə həsr edilib. 

Oktyabr ayı həm də ona görə dəyərlidir ki, müstəqilliyimizi bərpa etmişik. Son iki ildə ölkəmizdə baş verən hadisələrə, böyük bir tarixə şahidlik edirik. Azərbaycan milləti Qarabağ torpağını azad etdi, Xankəndiyə bayrağımız sancıldı. Azərbaycan xalqı böyük bir zəfər qazanmış millətdir.

Bu günlər bizim üçün çox müqəddəsdir. Övladlarımızın çiyinlərinə ağır yük buraxmadan tariximizin ən şərəfli səhifələrini yazırıq. Bu tədbir Türkiyə-Azərbaycan qardaşlığını göstərir".

Daha sonra “Bir millət, iki dövlət” adlı videoçarx nümayiş olunub.

Ardınca millət vəkili, Sabir Rüstəmxanlı tədbirdə iştirak edən qonaqlara təşəkkür edib: "Türkiyədən ölkəmizə gələn və tədbirdə iştirak edən qonaqlarımıza təşəkkür edirəm. 2023-cü ilin əhəmiyyətini hər kəs bilir,  bu il hansı tarixi günləri yaşayırıq. Türkiyə Cümhuriyyətinin 100 illiyi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının yüz illiyidir.

Bu il Azərbaycan üçün ona görə əhəmiyyətlidir ki, 2020-ci ildə başlanan savaşdan sonra, 23 saatlıq antiterror əməliyyatı keçirdik. Azərbaycan torpaqlarında yuva qurmaq istəyən terror qruplaşmalarını, erməni vəhşiliyinin kökü kəsildi. Torpaqlarımızda bayrağımız dalğalanır.

Türkiyə və Azərbaycanın bu savaşda yan-yana  dayanması ölkəmizə və bütün türk dünyasına yeni bir  mərhələ gətirib".

Digər çıxış edənlər də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün dünya tarixində yeri və rolundan, ölkələrimiz arasında günü-gündən daha da güclənən dostluq və qardaşlıq münasibətlərdən, Türk dünyasının birliyindən, oğuz türklərinin ortaq mədəniyyətindən, mənəvi dəyərlərindən söz açıblar. Çıxış edənlər böyük türk xalqının xilaskarı Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırladıb, bu birliyin, dostluğun, qardaşlığın əbədi və sarsılmaz olduğunu, tarixi köklərə bağlı olduğunu qeyd edib, elmi seminarın əhəmiyyətini vurğulayıblar.

Sonra “Oğuz türklərində mədəniyyət və incəsənət”, “Oğuzların ədəbi görüşü” və “Türk dünyasında təhsil və sosial elmlər” mövzusunda dəyirmi masalarda Azərbaycan və türkiyəli alimlərin məruzələri dinlənilib.

 

Xalidə Gəray,
Video və fotolar müəllifindir.
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR