Onlayn ictimai-siyasi qəzet
Paytaxt küçələrində bu mövzu bəzən sözlü mübahisə, bəzən də emosional qarşıdurma ilə müşayiət olunur...
Avtomobil idarəetməsi uzun illərdir ki, cinslər arasında gizli bir rəqabət mövzusuna çevrilib. Bakı küçələrində isə bu mövzu bəzən sözlü mübahisə, bəzən də emosional qarşıdurma ilə müşayiət olunur. “Qadınlar maşın sürə bilmir”, “kişilər daha peşəkardır” kimi fikirlər hələ də cəmiyyətin bir hissəsində dolaşır. Amma bu düşüncələr nə dərəcədə obyektivdir?!
Qeyri-rəsmi məlumatlara görə, Bakıda sükan arxasında olan hər 10 sürücüdən təxminən 7-si kişidir. Bu isə o deməkdir ki, avtomobil idarə edənlərin əksəriyyəti kişilərdir və yol hərəkətində dominantlıq onlara məxsusdur. Lakin bu, avtomatik olaraq onların daha yaxşı sürücü olduğunu sübut etmir.
Əksər hallarda qadın sürücülər yola çıxarkən daha ehtiyatlı, daha diqqətli davranmağa çalışırlar. Onların bu yanaşması bəzən kişi sürücülər tərəfindən “qorxaqlıq”, ya da “təcrübəsizlik” kimi yozulur. Elə buna görə də bəzi kişilər qadın sürücüləri təhqir edir, onların davranışlarını ələ salır, kobud jestlərə və sözlərə əl atırlar. Halbuki ehtiyatlı sürücülük - xüsusilə də şəhər içində - qəzalardan qorunmanın əsas yoludur.
Reallığı da danmaq olmaz: yol hərəkətində bəzən sürmə qaydalarını pozan, özündənrazı davranan qadın sürücülərə də rast gəlmək mümkündür. Lakin bu cür hallar təkcə qadınlara deyil, kişi sürücülərə də aiddir. Qayda pozan, sürət həddini aşan, siqnallarla və jestlərlə aqressiya göstərən kişi sürücülərin sayı az deyil.
Ekspertlərin fikrincə, kişi və qadın sürücülər arasında davranış fərqlərinin kökündə sosial-mədəni stereotiplər və psixoloji faktorlar dayanır. Kişilər daha riskli və emosional, qadınlar isə daha ehtiyatlı və hesablama meylli davranırlar. Cəmiyyətin bir hissəsinin qadın sürücülərə qarşı sərt mövqeyi isə onların sükan arxasında gərginliyini artırır, bu da bəzən səhvlərə yol açır.
Sürücünün yaxşı və ya pis olması onun cinsindən çox, fərdi bacarığı, psixoloji hazırlığı, məsuliyyət hissi və qaydalara münasibəti ilə ölçülür. Həm qadın, həm də kişi sürücülər arasında həm nümunəvi, həm də təhlükəli davranışlar göstərənlər var. Əsas məsələ sükan arxasında nə qədər diqqətli, qaydalara nə dərəcədə sadiq və məsuliyyətli olmaqdır.
Yaxşı sürücü olmaq üçün kişi və ya qadın olmaq kifayət etmir - düzgün davranış və yol mədəniyyəti əsas göstəricidir.
Elməddin Muradlı
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, qadın və ya kişi olmasından asılı olmayaraq, yaxşı təlim görən sürücü avtomobili də yaxşı idarə edir: “Kim yaxşı təlim görübsə, kim qaydaları yaxşı bilirsə, o da yaxşı sürücüdür. Qaydanı pozmayan, təhlükə yaratmayan sürücüdən söhbət gedir. Naşı adamdan təlim alan, oxumayan, tam təcrübə qazanmayan sürücü əlbəttə ki, qaydaları pozacaq. Bəzən əzbərçilik edib imtahandan keçirlər, amma bilik və bacarıqları olmur. Sürücüləri bu baxımdan qadın və ya kişi cinsinə bölmək istəməzdim. Təəssüf ki, kişilər və qadınlar arasında sürücülük mədəniyyəti aşağı olan insanlar var. Deyirlər ki, qadınlar aşağı sürətlə maşın idarə edir. Burada ayıb görüləsi bir şey yoxdur. Sadəcə, lüzumsuz olaraq sol, yəni sürətlənmə zolağını zəbt edirlər. Bəzən kimsə arxadan siqnal verir, qadın isə onun nə üçün verildiyini başa düşmür. Doğrudur, siqnal vermək qadağandır, lakin bəzən məcburiyyətdən yol istəyirlər. Çünki qadınlar işıq siqnallarına əhəmiyyət vermirlər. Ona görə də kişilər səs siqnalından istifadə edirlər. Xanımlar isə öz aləmlərində fikirləşir ki, kişilər belə siqnallarla onlara söz atırlar, sataşırlar, tanış olmaq istəyirlər. Başa düşmürlər ki, işıq və səs siqnalı nə üçün verilib. Bunu ona təlimçisi də heç vaxt deməyib və izah etməyib ki, sağda yol boşdursa, ora ilə getməlidir. Çünki həmin xanım sürücülərin təlimçilərinin də təlimə ehtiyacı var. İnstagram sosial şəbəkəsində qadınlar üçün müxtəlif adlar altında təlimlər təklif edilir. “Elnarə təlim, "Niqulya təlim" adlı səhifələr var. Mən bu təlimçilərin bir neçəsinin maşın idarə etməsini müşahidə etmişəm və görmüşəm ki, onların özlərinə təlim lazımdır. Hətta özlərinə də demişəm, gülüblər. Yolda elə hərəkətlər edirlər ki, normal sürücü bunu etməməlidir".
Ekspert deyir ki, yol hərəkəti qaydalarında qadınlarla bağlı yalnız bir istisna hal var: “Hamilə qadınlar təhlükəsizlik kəmərindən istifadə etməyə bilərlər. Qanunun üstünlük verdiyi yeganə məsələ budur. Digər məqamlarda isə qadın və kişi sürücülərin məsuliyyəti eynidir. Mentalitet bəzən rol oynayır. Kişi sürücü bir sıra hallarda qadın sürücüyə yol verir. Lakin bu pis vərdişə gətirib çıxarır. Qadın arxayın olur ki, nizamlanmayan yol ayrıcında sağdakı sürücülər onsuz da ona yol verəcək. Beləliklə, yol ayrıcına giri və dəhşətli qəza baş verir. Bu, doğru yanaşma deyil. Hər dəfə qadın olduğu üçün yol verəndə o düşünür ki, üstünlük hüququ var. Nəticədə kimsə ona yol verməyəndə aləm bir-birinə dəyir. Bəs iki qadın sürücü üz-üzə gələndə nə olacaq? Ona görə də yol hərəkəti təhlükəsizliyində belə istisnaları yığışdırmaq lazımdır və heç kimə güzəşt edilməməlidir. İstənilən qayda hamı üçün eyni olmalıdır. Mentalitet onsuz da hər zaman nəzərə alınır. Maşını parkinq edəndə birinci qadın sürücüyə yol verilir.
Avtoxuliqanlıqla bağlı, daha sonra spirtli içkinin təsiri altında maşın idarə etdiyi üçün saxlanılan xanım sürücülər var. Məhkəmə və polis onlara kifayət qədər hörmət edir. Lakin bəzi qadınlar polisə söyüş söyür və kobudluq edir. Belə sürücü xanımlarla bağlı sərt tədbirlər görülür.
Avtoxuliqanlıq edən xanımlar motosiklet və moped sürücüləri arasında da var. 8 Noyabr prospektində sürücülük hüququ əlindən alınmış bir xanım bu yaxınlarda dəhşətli qəza törətdi. Xeyli sayda cərimələri var imiş, sürücülük hüququ məhdudlaşdırılmış imiş, amma yenə də sürürmüş".
Sona Əliyeva
Keçmiş deputat Sona Əliyeva da avtomobil idarə edir. O, qəzetə məsələ ilə bağlı fikirlərini bildirib: “Azərbaycanda kişilər qadınlardan yaxşı maşın sürür, bu, reallıqdır. Qadınlar bu məsələdə geri qalırlar. Bakıda bir çox qadın yaxşı parkinq edə bilmir və astadırlar. Bu xanımların psixologiyasından irəli gəlir. Çünki onlar daha məsuliyyətli və ehtiyatlıdırlar. Bu da onların gec reaksiya verməsinə səbəb olur. Kişilər isə maşın sürəndə manevrlərə çox sürətli reaksiya verirlər. Lakin bu o demək deyil ki, qadınların hamısı elədir. Yaxşı maşın sürən qadınlar var. Maşın sürmək həyati təhlükəsizlik baxımından çox vacib bir məsələdir. Ona görə də həm xanımlar, həm də bəylər ehtiyatlı olmalıdır”.
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”
29 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ