Onlayn ictimai-siyasi qəzet
"Burada söhbət transmilli mütəşəkkil cinayətkar şəbəkədən gedir. Çünki dəstənin fəaliyyəti ölkə sərhədlərini aşır. Zərərçəkənlər deyirlər ki, artıq Bakıda 20-yə yaxın vətəndaşa qarşı belə cinayət törədilib. Ona görə də daxili işlər naziri Vilayət Eyvazova, baş prokuror Kamran Əliyevə müraciətlər hazırlamışıq" - bu sözləri Musavat.com-a Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.
Hüquq müdafiəçisi bildirib ki, zərərçəkənlər 20 qurbanın olduğunu deyirlərsə, bu onu göstərir ki, faktiki qurbanların sayı daha çoxdur: "Söhbət mütəşəkkil cinayətkar dəstədən gedirsə, bu iş üzrə istintaqın hansısa bir rayon səviyyəsində aparılması mümkün olsa da, effektivliyi və operativliyi baxımından çətin olacaq. Bu iş üzrə Rusiya hüquq mühafizə orqanlarına sorğular göndərilməlidir. Bu baxımdan hesab edirəm ki, bu cinayətin istintaqı Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən aparılmalıdır. Və ya Baş Prokurorluq bu işi öz icraatına götürüb, istintaqı özləri davam etdirməlidir".
Hüquq müdafiəçisi bildirib ki, 20 Azərbaycan vətəndaşının aldadılaraq mənzillərinin, obyektlərinin əldən çıxarılması olduqca ciddi bir faktdır:
"Mütəşəkkil dəstə üzvləri vətəndaşların mənzil və obyektlərini kirayə müqaviləsi bağlamaqla onların pasport məlumatlarını əldə ediblər. Sonradan isə bu məlumatlardan istifadə etməklə Azərbaycandakı başqa qurumların elektron sisteminə yol taparaq digər şəxsi məlumatlarını da əldə ediblər. Bu məlumatlardan istifadə etməklə Rusiyanın Tümen şəhərində yerləşən notariat ofisindən baş etibarnamə alıblar. Mütəşəkkil cinayətkar dəstənin elektron sistemlərə yol tapması çox ciddi bir məsələdir. Zərərçəkənlərdən biri bildirib ki, bu cinayətin başında dayanan şəxslərdən biri hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Dəstə üzvlərinin bir çoxu da əvvəllər məhkum olunmuş şəxslərdir".
Hüquq müdafiəçisi bildirib ki, mütəşəkkil cinayətkar dəstənin qurbanına çevrilən Azərbaycan vətəndaşları mənzillərini, obyektlərini kirayə verib aybaay kirayə haqqını almaqla arxayın düşüblər: "Bu müddət ərzində dəstə üzvləri saxta sənədlər düzəltməklə, onların əmlaklarını bir neçə dəfə alqı-satqı etməklə vicdanlı alıcı görüntüsü yaradıblar. Əmlakların bu şəkildə satılması məsələnin ev sahibi ilə sonuncu alıcı arasında mübahisəyə gətirib çıxaracağını və məsələ mülki müstəvidə məhkəmədə həll ediləcəyinə hesablanıb. Bu halda dəstə üzvləri kənarda qalıb pulları istədikləri kimi xərcləyəcəklər. Buna görə də Azərbaycan hüquq mühafizə orqanlarına müraciət etdim. Hazırda Bakıda baş verən mütəşəkkil cinayətlərlə bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq İdarəsində cinayət işi istintaq olunur. Hesab edirəm ki, məsələ daha yüksək səviyyədə araşdırılmalıdır".
Hüquq müdafiəçisi deyib ki, bununla zərərçəkənlərin sayının artmasının qarşısı da alınar.
Yada salaq ki, Azərbaycan vətəndaşı Leyla Nəbiyeva Musavat.com-a müraciət edərək müqavilə əsasında kirayəyə götürülmüş mənzilinin saxta sənədlər əsasında satıldığını bildirmişdi. Məlum olmuşdu ki, ona qarşı törədilmiş cinayət digər vətəndaşlara qarşı da eyni ssenari üzrə törədilib.
Bu haqda Musavat.com-da "Bakıda dələduz şəbəkə peyda olub –Mənzilləri, obyektləri kirayələyib... ŞOK İDDİA" sərlövhəli yazı yayınlamışdıq.
Həmin yazı ilə buradan tanış ola bilərsiniz.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ