Onlayn ictimai-siyasi qəzet
Bakının Sabunçu rayonunda həmyaşıdını qətlə yetirməkdə ittiham olunan 2008-ci il təvəllüdlü Yasin Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Orxan Səmədov ittiham aktını elan edib.
İttihama görə, ötən ilin oktyabrın 2-də saat 14 radələrində paytaxtın Sabunçu rayonu ərazisində 2008-ci il təvəllüdlü Həsən Qurbanovu kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Qətlə yetirilən Həsən Qurbanov 71 saylı orta məktəbin şagirdidir. Hadisə məktəbin yaxınlığındakı qəbiristanlıqda baş verib.
Yasin Mirzəyev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə ittiham elan edilib.
Məhkəmədə təqsirli bilinən Yasin Mirzəyev özünü təqsirli bilib. O bildirib ki, onun dostu Əlirza ilə Həsənin arasında mübahisələr olub və səhəri gün məktəbin çıxışına çağırıblar: "Yanlarında 5-6 nəfər var idi. Salamladıq, danışdıq. Soruşdum aramızda nə olub? Həsən cavab vermədi və qəbiristanlıq tərəfdə söhbət etməyi təklif etdilər. Orada mübahisə yarandı. Dostum Əlirza ilə Həsən arasında dava oldu. Orada Həsənin ağzından söyüş çıxdı. Mən bıçaq çıxardım, onu vurdum. İkinci zərbəni vurandan sonra uşaqlar qaçdı. Mənimlə Həsən qaldı. Mən bıçağı belimə qoyaraq qaçmaq istədim. Amma qaçmadım".
Dövr ittihamçısının sözlərinə görə, əvvəllər Əlirza ilə sinif yoldaşı olsa da, 9-cu sinfi bitirəndən sonra məktəbdən ayrılıb, Həsən isə başqa sinifdə oxuyub.
Yasin Mirzəyev qeyd edib ki, Əlirza ilə Həsənin arasında əvvəlki günlərdə mübahisələri olub: "Biz də onların yanında olmuşduq. Məqsədim onlar arasında mübahisəyə aydınlıq gətirmək, mehribanlıq etmək olub. Bizim dava etmək niyyətimiz olmayıb. Üstümdə həmişə bıçaq olub. Bıçağı gəzdirməkdə heç bir məqsədim olmayıb. Amma həmin söhbətə görə bıçağı götürmüşdüm. Birinci mübahisəni Həsən edib. Həsən Əlirzanı vururdu. O isə Həsəni vura bilmirdi. Çünki zəif uşaq idi".
Təqsirləndirilən şəxs mərhumun ailə üzvlərindən üzr istəyir. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin diqqətinə çatdırıb ki, ailənin üç övladı olub, onlardan ikisi xəstə olub, bir sağlam uşaq mərhum olub, o da təqsirləndirilən şəxs tərəfindən qətlə yetirilib. Dövlət ittihamçısı deyib ki, bir ailənin böyük faciəsinə səbəb olub.
Növbəti proses aprelin 14-də davam edəcək./Teleqraf
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ