Onlayn ictimai-siyasi qəzet
Sabunçudakı kriminal hesablaşmaya görə açılan cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. 12 bıçaq zərbəsi alan Natiqin sağ qalmasına həkimlər də inanmayıb. Natiq onu öldürmək istəyən şəxsi bağışlayıb.
Musavat.com xəbər verir ki, adam öldürməyə cəhddə ittiham edilən Bəhrəm İbayevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Ona qarşı Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) və qanunsuz olaraq odlu silah gəzdirmə maddələri ilə ittiham irəli sürülüb.
Bəhrəm İbayev kriminal aləmdə “Batya” ləqəbi ilə tanınıb. Onun öldürmək istədiyi şəxs isə Natiq Hüseynovdur. Natiq Hüseynov da kriminal aləmdə kifayət qədər nüfuza sahib olan şəxsdir. O, 2014-cü ildə qəsdən adam öldürməyə görə 9 il həbs cəzası alıb və cəzası başa çatdıqdan sonra azadlığa çıxıb. Natiqin əmisi Etibar Hüseynov da kriminal aləmdə söz sahibi olan şəxslərdən biridir.
Qeyd edək ki, “Batya”nın qardaşları Namiq İbayev və Hamlet İbayev də kriminal aləmə yaxınlığı ilə seçilirlər. İbayev qardaşları bir neçə dəfə həbsxana həyatı yaşayıblar. Natiq Hüseynov sonuncu dəfə həbsdə olanda Hamlet İsayevlə eyni cəzaçəkmə müəssisəsində olublar.
Namiq İbayev də bir neçə il əvvəl Sabunçuda “Quli” və Rövşən Canıyevin tərəfdarları arasında baş verən kriminal hesablaşma zamanı saxlanılıb, bir neçə il həbsdə yatdıqdan sonra azadlığa çıxmışdı.
“Batya” ilə Natiqin hesablaşması...
Bəhrəmlə Natiq arasındakı münasibətlər ikincinin həbsdən çıxmasından sonra pozulub. Onlar arasında bir neçə dəfə sözlü mübahisə olub.
Tərəflər arasındakı qanlı hesablaşmanın səbəbini izah edən “Batya” deyib ki, Natiq əvvəlcə ona salam vermədiyini əsas gətirərək irad bildirib.
“Məni görüşə çağırdı. Mənə dedi ki, salam verməməklə hörmətsizlik edirəm. Mən isə ona qarşı hörmətsizlik etmədiyimi bildirdim. Onun maşınına minib kənar yerdə söhbət etməyə getdik. Orada mənim üstümə odlu silah çıxardı. Yenə eyni söhbəti açdı ki, ona qarşı hörmətsizlik etmişəm. Dedim ki, silahı camaatın anasına, bacısına sataşana çıxararlar. Səs-küyə qonşular çıxanda maşına minib Sabunçuya qayıtdıq. Mən maşından düşəndə Natiqin əmisi Etibar və digər şəxslər orada idi. Mənə dedilər ki, salamatçılıqdır? Dedim ki, məndə salamatçılıqdır, amma sizdə yox...
Bu söhbətdən sonra heç bir görüşümüz, söhbətimiz olmadı. Mən 2 ay rayonda oldum. Qayıdanda eşitdim ki, Natiq məni söhbətə apardığını, cəzalandırdığını deyib. Bunun həqiqət olmadığını dedim. Məsələni aydınlaşdırmaq üçün onunla görüşdüm. Sabunçuda parkın içərisində olan kafedə Natiqi gördüm. Söhbəti ona açdım. Dedi ki, əcəb edib. Əlini belinə atmaq istəyəndə bıçağı çıxarıb onu vurdum. Yenə əlini belinə atmaq istəyirdi, amma imkan vermədim. Neçə bıçaq vurduğumu xatırlamıram”.
Natiq Hüseynov məhkəmədə dindirilən zaman “Batya”nı bağışladığını deyib. İfadəsində “Batya” ilə arasında yaranmış narazılığın başqa bir səbəbini də izah edib:
“Düzdür, ilk dəfə mənə salam vermədiyinə görə görüşmüşük. Həmin söhbətdə ona zəif adamları incitməməsini də dedim. Sabunçuda bərbərləri, kafe sahiblərini incidirdi. Bu hərəkətlərini yığışdırmasını istəmişdim. Çünki incidilən şəxslər ondan çəkindiyi üçün heç nə deyə bilmirdilər”.
Natiq deyib ki, hadisə vaxtı ilk olaraq başına ağır zərbə dəyib. Özünə gəlməyə macal tapmamış çoxsaylı bıçaq zərbələri alıb. Natiq deyib ki, mətbəxə keçərək bıçaq götürmək istəyib, amma taqətdən düşərək yıxılıb.
İfadəsinin sonunda Natiq bildirib ki, Bəhrəmin ona çoxsaylı zərbələr endirməsində məqsədi onu öldürmək olub. Natiq “Batya”dan şikayətçi olmadığını, onu bağışladığını deyib.
Məhkəmə Bəhrəm İbayevi törətdiyi əməldə təqsirli bilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhrəm İbayev 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Natiq 12 bıçaq zərbəsi aldıqdan sonra Sabunçudakı 2 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. İlk olaraq həkimlər onun öldüyünü düşünüb. Çoxlu qan itirən Natiqə edilən son müdaxilə ilə onu həyata qaytarmaq mümkün olub.
İlkin Muradov
Musavat.com
17 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ