İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda daha bir məxfi görüş - pərdəarxası MƏQAMLAR

Paytaxtımızda konfidensial təmaslar son vaxtlar artıb; nədən saatlar məhz Azərbaycanda “tutuşdurulur”?

Bakıda Rusiya və Almaniya siyasətçilərinin daha bir məxfi görüşü baş tutub. Görüşdə Ukrayna-Rusiya müharibəsi başladıqdan sonra rəsmi olaraq fəaliyyətini dayandıran “Peterburq dialoqu”nun gələcəyi müzakirə olunub. Bu barədə Almaniyanın ARD televiziyası və “Die Zeit” qəzeti məlumat yayıb.

“Almaniyadan Azərbaycan paytaxtına Sosial Demokrat Partiyasının xarici siyasət üzrə eksperti Ralf Şteqner, xüsusi işlər üzrə federal nazir Ronald Pofalla, Şimali Reyn-Vestfaliya hökumətində keçmiş federal və Avropa işləri üzrə nazir, xristian demokrat Stefan Holthoff-Pförtner, həmçinin "Peterburq dialoqu"nun keçmiş icraçı direktoru Martin Hoffman gəlib. Onların heç biri iclasda iştirakını inkar etməyib, onun özəl xarakter daşıdığını və heç bir dövlət qurumunun sifarişi və ya maliyyələşdirməsi olmadığını vurğulayıb. Almaniya XİN də görüşlərin federal hökumət adından keçirilmədiyini və ya planlaşdırılmadığını bildirib", - məlumatda qeyd olunub.

Bildirilib ki, iclasda Rusiyanı “Qazprom”un Müşahidə Şurasının sədri Viktor Zubkov təmsil edib: “Zubkov uzun müddət Rusiya tərəfdən "Peterburq dialoqu"na rəhbərlik edib. Onu Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev müşayiət edib. Bu, ən azı üçüncü belə görüşdür. Sonuncu dəfə oxşar tərkibdə nümayəndə heyəti 2024-cü ildə Bakıda iki dəfə görüşüb".

Paytaxtımızda belə məxfi tə- maslar son vaxtlar artıb. Nədən saatlar məhz Azərbaycanda “tutuşdurulur”?

Rəşad Bayramov.jpg (80 KB)

AMİP Ali Məclisinin sədri Rəşad Bayramov “Yeni Müsavat”a söylədi ki, əslində ayrı-ayrı ölkə təmsilçilərinin, rəsmi heyətlərin məxfi və eləcə də strateji görüşlər üçün məhz Bakını seçməsi başadüşüləndir: “Ölkəmiz uzun illər ərzində balanslı və çoxvektorlu siyasət yürütməklə, bu və ya digər məsələyə münasibətdə ayrı-ayrı dövlətlərin maraqlarından çıxış etmədiyi və ədalətli yanaşma sərgilədiyi üçün beynəlxalq birlik tərəfindən etimad qazanmış bir dövlətdir. Odur ki, müxtəlif tərəflər arasında çox rahat şəkildə körpü rolunda çıxış edir. NATO və Rusiya generallarının Bakıda mütəmadi görüşləri, Beynəlxalq Qırmızı Xaç Komitəsi və Əfqanıstan Taliban Hərəkatının nümayəndələrinin COP29 konfransı çərçivəsində Bakıda danışıqlar aparması, Türkiyə və İsrail arasında danışıqların Bakıda keçirilməsi, eləcə də haqqında geniş şəkildə məlumat verilməyən çoxsaylı görüşlər və danışıqlar bunun bariz sübutudur. Almaniya və Rusiya siyasətçiləri arasında keçirilən görüşə gəldikdə isə məlumdur ki, bu iki ölkə arasında kifayət qədər yaxşı münasibətlər olub”.

Onun sözlərinə görə, Rusiya Almaniyanın qaz təchizatında əsas oyunçulardan biri idi: “1998-2005-ci illərdə Almaniyanın federal kansleri olmuş Qerhard Şröder də Rusiya ilə çox yaxın olub. Hətta seçkiləri uduzduqdan sonra "Qazprom"da rəhbər vəzifədə çalışmaqdan belə çəkinmədi. Elə haqqında danışılan və bir zamanlar çox populyar olan Almaniya-Rusiya forumu -  “Peterburq dialoqu” da 2001-ci ildə Rusiya Prezidenti Vladimir Putin və AFR-in o zamankı kansleri Qerhard Şröder tərəfindən təsis edilib. “Peterburq dialoqu”nu fondlar, biznes-birliklər və Almaniya Xarici İşləri Nazirliyi maliyyələşdirirdi. Bu forum çərçivəsində çoxsaylı görüşlər keçirilib. Lakin Rusiya və Almaniya arasında münasibətlərdə soyuqluq yarandıqdan sonra 2021-ci ilin iyulunda “Peterburq dialoqu”nun alman təşkilat komitəsi Almaniya-Rusiya işçi qruplarının ikitərəfli tədbirləri və iclaslarının dayandırılması barədə bəyanat verdi. 2023-cü ilin 20 aprelində isə “Peterburq dialoqu”nun Almaniya heyəti forumun fəaliyyətinin dayandırıldığını bildirdi. Buna baxmayaraq, Rusiya tərəfi forumun başqa formatda fəaliyyətini davam etdirəcəyi ilə bağlı bəyanatla çıxış etdi".

R.Bayramov hesab edir ki, indi görüşdə “Peterburq dialoqu”nun keçmiş icraçı direktoru Martin Hoffman və eləcə də həmin forumun işində yaxından iştirak etmiş alman siyasətçilərinin iştirakı, Rusiya tərəfindən də uzun müddət “Peterburq dialoqu”na rəhbərlik etmiş şəxsin, “Qazprom” Müşahidə Şurasının sədri Viktor Zubkovun iştirakı və bu görüşlərin artıq üçüncü dəfədir ki, keçirilməsi əslində forumun fəaliyyətini bu və ya digər şəkildə davam etdirməsindən xəbər verir: “Danışıqların predmetinin nə olmasından, görüşün rəsmi xarakter daşıyıb-daşımamasından asılı olmayaraq Ukraynaya təcavüz səbəbilə hazırda faktiki olaraq qarşı-qarşıya dayanan iki dövlət siyasətçiləri arasında görüşün keçirilməsi üçün Bakının məkan olaraq seçilməsi ölkəmizə olan etimadın göstəricisi hesab oluna bilər”.

Siyasi analitik Asif Nərimanlı bunu iki amillə əlaqələndirir: “Böyük oyunçuların geosiyasi proseslərin gedişinə təsir edən belə görüşlərin keçirilməsində seçilən məkan xüsusi əhəmiyyət daşıyır və bu seçimlərdə iki amil önəmlidir. Birincisi, təhlükəsizliyin təmin edilməsi. İkincisi, etibarlılıq, yəni görüşdə müzakirə ediləcək məsələlərlə bağlı informasiya sızıntısının olmaması.

asif.jpg (155 KB)

Azərbaycan hər iki amilə malik olan məkan olduğunu təcrübə ilə sübut edib. İndiyə qədər ölkəmizdə ABŞ-Rusiya, NATO-Rusiya təmasları baş tutub, eyni zamanda müxtəlif coğrafiyalarda toqquşan regional oyunçular müzakirə ilə həll yollarını tapmaq üçün Bakıda görüşüblər. Belə görüşlərin heç birində təhlükəsizlik problemi yaşanmayıb,  informasiya sızıntısı olmayıb. Təsadüfi deyil ki, görüşlərlə bağlı ictimaiyyət yalnız tərəflərdən birinin yaydığı məlumat əsasında xəbər tutur, Azərbaycan tərəfi heç vaxt məlumat açıqlamayıb. Bu da etibarlılığın göstəricilərindəndir. Burada ən önəmli amillərdən biri də Azərbaycanın neytral mövqedən çıxış etməsi, regionda və qlobal müstəvidə toqquşan güclərlə eyni səviyyədə məsafə saxlamasıdır. Bu da ölkəmizi unikal dialoq məkanına çevirib".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 May 2025

BÜTÜN XƏBƏRLƏR